Modern.az

Terror təşkilatçıları öz layiqli cavablarını alacaqlar - DEPUTAT

Terror təşkilatçıları öz layiqli cavablarını alacaqlar - DEPUTAT

Parlament

19 Sentyabr 2023, 13:30

Rəsmi məlumata əsasən, bu gün - sentyabrın 19-da  səhərə yaxın Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonundan keçən hissəsində “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinə məxsus  yük avtomobilinin tank əleyhinə minaya düşməsi nəticəsində sürücü və sərnişini hadisə yerində həlak olublar.


Qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən törədilən terror aktının araşdırılması məqsədilə dərhal hadisə yerinə gedən 4 polis əməkdaşı da Xocavənd rayonunun Tağaverd kəndi ərazisində daha bir tank əleyhinə minanın qurbanı olublar.

 

Bunun ardınca günorta saatlarında Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqeləri Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutulması nəticəsində Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yaralanmışdır.Terror aktları ilə bağlı Baş Prokurorluq tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılmış və Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə təcili araşdırmalara başlanılmışdır.

 

Modern.az-a açıqlama verən Milli Məclisin sədrinin birinci müavini Əli Hüseynli deyib ki, çoxsaylı insan ölümünə səbəb olmuş bu hadisələrlə bağlı acı təəssüf doğuran məqamlardan biri odur ki,  terror aktları məhz Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazidə baş verib.

 

"Öncə terror nəticəsində baş vermiş ölüm hadisələrindən böyük kədər hissi keçirdimizi bildirir və həlak olmuş şəxslərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. 

 

Başqa sözlə, belə anlaşılır ki, sülhməramlılar üzərlərinə düşən vəzifəni layiqincə yerinə yetirə bilmir və ya öz funksiyalarına məsuliyyətsiz yanaşırlar. Ona görə də ərazidə nəzarətsiz şəkildə fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin və  təxribat-diversiya qruplarının fəaliyyəti üçün münbit şərait yaranmışdır. Bu isə öz növbəsində son vaxtlar intensivləşmiş silahlı təxribatlara qarşı daha sərt addımların atılmasını aktuallaşdırır.
Diqqətçəkən digər məqam isə ondan ibarətdir ki, Azərbaycan inşaatçıları hər bir çətinliyə sinə gərərək azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinə böyük töhfələr verməkdə davam edirlər. Daxili İşlər Nazirliyinin əməkdaşları isə hər zaman olduğu kimi, həyat üçün real təhlükələrdən çəkinməyərək, dislokasiya olunduqları ərazidə nümunəvi xidmət göstərir, fədakarlıq və qəhrəmanlıq nümayiş etdirirlər.


Hesab edirəm ki, Ermənistanın havadarlıq etdiyi və təlimatlandırdığı Qarabağdakı qanunsuz silahlı birləşmələr tərəfindən törədilmiş cinayətlər həssas və kövrək sülh prosesinə zərbə vurmaq məqsədi güdür. Ona görə də şübhə yoxdur ki, bu qanlı hadisələrə  tezliklə hüquqi qiymət veriləcək və Azərbaycanın humanist təkliflərinə terrorla cavab verən  qatillər və bu işdə əli olan bütün digər cinayətkarlar Azərbaycan qanunlarının sərt hokmü ilə layiqli cəzalarını alacaqlar".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Medvedyev özündən çıxdı-Necə də alçaqsınız!