Modern.az

Antiterror tədbirləri onların təhlükəsiz həyata qovuşmasına xidmət edir

Antiterror tədbirləri onların təhlükəsiz həyata qovuşmasına xidmət edir

Parlament

20 Sentyabr 2023, 13:05

Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan etnik ermənilərin məskunlaşdıqları ərazilərdəki qondarma rejimin tör-töküntülərinin, qeyri-qanunu hərbi birləşmələrin və onları himayə edən separatçıların 44 günlük müharibədən keçən zaman ərzində həyata keçirdikləri, son bir neçə ay ərzində xüsusilə intensivləşən təxribatlar ölkəmizə sözügedən bölgədə lokal xarakterli antiterror tədbirləri həyata keçirməkdən başqa çıxış yolu qoymurdu.

 

Azərbaycan. Rusiya və Ermənistan arasında imzalanmış 10 noyabr 2020-ci il bəyanatının əsas tələblərindən birinin silahlı erməni dəstələrinin ərazilərimizdən çıxarılması ilə bağlı olsa da, sənədin imzalandığı vaxtdan keçən 3 ilə yaxın müddət ərzində rəsmi İrəvan bununla bağlı öhdəliyini nəinki yerinə yetirmir, əksinə həmin qanunsuz silahlı birləşmələrin silahlanmasına dəstək verirdi. 


Yaranmış vəziyyət getdikcə təhlükəli hal alır, revanşçı qüvvələrin davranışları, onların bölgədə yenidən genişmiqyaslı əməliyyatların keçirilməsinə zəmin hazırladıqları barədə real mənzərə yaradırdı. Rəsmi Bakı Azərbaycan ərazilərindəki qondarma rejimin təmsilçilərini, qanunsuz hərbi birləşmələrin üzvlərini dəfələrlə təslim olmağa çağırsa da, hətta bunun müqabilində onlara amnisitiyanın tətbiq ediləcəyinin mümkünlüyünü bildirsə də, Azərbaycan xalqını yenidən etnik təmizləməyə məruz qoymaq istəyən bu cinaətkarlar daha da azğınlaşır, təxribatlarını durmadan davam etdirirdilər. Bu baxımdan, istisnasız olaraq, deyə bilərik ki, Azərbaycan Respublikası hər zaman olduğu kimi humanizm prinsiplərini əsas götürərək lokal xarakterli antiterror əməliyyatlarını kifayət qədər gecikdirib, dövlətimizə, xalqımıza qarşı silah qaldıranların öz qanunsuz əməllərinə son qoymaları üçün, onlara analoji hallarda beynəlxalq təcrübədə rast gəlinən davranışlardan dəfələrlə çox vaxt və imkan tanıyıb. 


Azərbaycan ərazilərində ölkənin qanunlarına tabe olmayan, daim terror və silahlı qarşıdurma vəziyyət yaradan qanunsuz təsisat və silahlı qruplaşmaların öz mövcudluqlarını davam etdirmələri mümkün deyil və ölkənin konstitusiya quruluşu etnik ermənilərin yaşadıqları ərazilərdə də təmin olunmalı, ölkəmizin və vətəndaşlarımızın həyatına təhlükə yaradan bütün hallara son qoyulmalıdır. 


Unutmaq lazım deyil ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda həyata keçirilən lokal antiterror tədbirləri  uzun illərdir Ermənistanın himayə etdiyi qondarma təsisatın, hərbi xuntanın, terrorçuların girovuna çevrilmiş erməni əsilli mülki şəxslərin xilasına, onların sivil, təhlükəsiz həyata qovuşmasına xidmət edir.

 

Azər Kərimli 

Milli Məclisin deputatı

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi