Modern.az

Zəmanəmizin dəyərli ziyalısı - Deputat yazır

Zəmanəmizin dəyərli ziyalısı - Deputat yazır

Parlament

20 Sentyabr 2023, 14:00

Azərbaycanın çağdaş tarixində insanlıq adına şərəf gətirən, həyatda silinməz iz qoymuş insanlar az deyil. Bu gün anadan olmasının 95 illiyi olan görkəmli alim, istedadlı hüquqşünas, nüfuzlu ictimai-siyasi və dövlət xadimi, öz dövrünün sayılıb-seçilən ziyalısı olmuş Murtuz Ələsgərov da məhz belə şəxsiyyətlərdəndir. 


O, ömrünün böyük hissəsini elmi araşdırmalara və pedaqoji fəaliyyətə həsr etmişdir. Hüquq elmləri doktoru, professor  Murtuz Ələsgərov Azərbaycanda hüquq elminin inkişafına sanballı töhfə verən ən tanınmış alimlərdən biri olub və bu sahədə nüfuzlu titullar qazanıb. O, hələ sovetlər dönəmində - 1960-1980-ci illərdə həm respublikamızda, həm də onun hüdudlarından kənarda görkəmli hüquqşünas və fəal ictimai-siyasi xadim kimi tanınırdı.

 

Yüksək ixtisaslı kadrların hazırlanmasında, xüsusilə bir çox görkəmli hüquqşünasların yetişməsində onun böyük xidmətləri vardır. Azərbaycan təhsilinin flaqmanı olan Bakı Dövlət Universitetinə rəhbərliyi dövründə  bu ali elm ocağı bir çox nailiyyətlər əldə etmiş və onun nüfuzu xeyli artmışdır. 

 

Murtuz müəllimin həyat və fəaliyyətinin ən əhəmiyyətli və məhsuldar dövrü isə ötən əsrin sonlarına təsadüf edir. O, keçmiş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı, dövlət müstəqilliyimizin bərpası uğrunda vüsət almış xalq hərəkatının önündə duraraq meydanlarda və auditoriyalarda xalqı milli həmrəylik və azadlıq ideyaları ətrafında birləşməyə səsləyən, alovlu çıxışları ilə ictimaiyyətin nəzər-diqqətini cəlb edən dəyərli ziyalılarımızdan biri idi. 

 

Azərbaycan ictimaiyyəti Murtuz müəllimi həmçinin Ulu Öndər Heydər Əliyevin ən yaxın silahdaşlarından biri kimi tanıyır. Bu da təsadüfi deyil. Dövlət müstəqilliyimizin bərpasının ilk mərhələsində respublikanın rəhbərliyində təmsil olunan şəxslərin səriştəsizliyi və hakimiyyət iddiaları nəticəsində ağır fəlakətlə üz-üzə qalmış xalq xilas üçün nəzərlərini Azərbaycanın tanınmış ziyalılarına dikmişdi. Aydın və mütərəqqi düşüncəli insanlar vəziyyətdən çıxış yolu kimi SSRİ rəhbərliyindən istefa verərək Naxçıvana dönmüş Heydər Əliyevin hakimiyyətə qayıtmasında görürdülər. Belə bir şəraitdə müstəqilliyimizin qorunması naminə insanları bir araya gətirə biləcək yeni bir siyasi qurumun yaradılması ideyası ortaya çıxmışdı. Murtuz müəllimin də daxil olduğu məşhur  “91-lər” hərəkatı da məhz bu zəmində təşəkkül tapmışdı. Beləliklə, Naxçıvanda Heydər Əliyevin yekdilliklə sədr seçildiyi Yeni Azərbaycan Partiyası siyasi fəaliyyətə başladı. Partiyanın Proqram və Nizamnaməsinin hazırlanmasında təcrübəli hüquqşünas kimi Murtuz Ələsgərovun da əməyi olmuşdur. Sonralar Ulu Öndərin ideyalarının ən ciddi tərəfdarlarından biri kimi uzun illər YAP-ın sədr müavini və Milli Məclisin sədri olmuşdur. 

 

Murtuz müəllim sadəliyi, səmimiyyəti, obyektiv baxışları və digər yüksək mənəvi keyfiyyətləri ilə seçilən şəxsiyyət idi.

 

Dövlət başçımız tərəfindən Murtuz Ələsgərovun xidmətləri layiqincə qiymətləndirilmiş, o, ölkəmizin ən yüksək dövlət mükafatları və bir çox beynəlxalq mükafatlarla təltif olunmuşdur.

 

Səmərəli fəaliyyəti ilə ölkəmizin inkişafına və müstəqilliyimizin möhkəmlənməsinə töhfələr vermiş Murtuz müəllimin əziz xatirəsi onu tanıyan hər kəsin qəlbində daim yaşayacaqdır.

                                                  

Əli Hüseynli, 

Milli Məclisin deputatı

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi