BMT TŞ-nin iclası teatra bənzəyirdi - Deputatlardan REAKSİYA

BMT TŞ-nin iclası teatra bənzəyirdi - Deputatlardan REAKSİYA

22 Sentyabr 2023, 13:34

Ötən gün BMT Təhlükəsizlik Şurasında Fransanın tələbi ilə Qarabağla bağlı müzakirələr aparılıb. Müzakirələrdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iştirak edib. İclasda Azərbaycan tərəfi öz mövqeyini açıq şəkildə dilə gətirib. 

 

Nazir çıxışı zamanı bildirib ki, bir sıra videogörüntülərdən aydın şəkildə göründüyü kimi, Azərbaycan Silahlı Qüvvələri mülki şəxslərə dəyə biləcək yan təsirlərdən yayınmaq üçün yaxınlıqda olan legitim hərbi obyektlərə zərbələr endirməkdən qəsdən çəkinib. "Fotolardan göründüyü kimi, əgər məqsəd dinc sakinləri hədəf almaq və ya guya “etnik təmizləmə” aparmaq olsaydı, Azərbaycan Silahlı Qüvvələri başqa cür hərəkət edərdi", - deyə nazir qeyd edib. Ceyhun Bayramovun çıxışı zamanı Ararat Mirzoyan zalı tərk edib.

 

İclas zamanı Fransa xarici işlər naziri Ketrin Kolon xüsusi ermənipərəstliyi ilə diqqət çəkib. O, erməni həmkarı ilə eyni mövqdən çıxış edərək Azərbaycanın ünvanına saxta ittihamlar səsləndirib.

 

Ümumilikdə dünənki iclas necə dəyərləndirilməlidir?

 

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Sabir Rüstəmxanlı BMT TŞ-nin ötəngünkü iclasının gülünc olduğunu vurğulayıb.

 

“Dövlətimizin mövqeyini xarici işlər naziri Ceyhun Bayramov çox dəqiq ifadə etdi. Ümumiyyətlə, BMT kimi təşkilatda Azərbaycanın haqlı işinin, beynəlxalq hüquq normalarına əsaslanan antiterror tədbirlərinin müzakirəyə çıxarılması çox gülünc haldır. Dünyada kifayət qədər böyük problemlər var. Onları həll etməkdənsə, erməni diasporunun, Fransız ermənipərəstlərinin təkidi ilə BMT TŞ-nin iclasına çıxarırlar. Bir milyon qaçqınımız, Qarabağda baş verən facilər BMT TŞ-ni maraqlandırmayıb. Ancaq Azərbaycanın haqlı mövqeyi bunları narahat edir. Bu sadəcə gülünc səslənir”.

Sabir Rüstəmxanlı BMT TŞ-nin dünənki iclasını teatr adlandırıb:

 

“Sanki, bir teatr tamaşası gedirdi. Öyrədilmiş, mövqeyi bəlli olan qüvvələr “Azərbaycan erməni əhalisinə zor tətbiq etməməlidir” “Qarabağdakı erməniləri qorumaq lazımdır” kimi ifadələrlə çıxış edirdilər. Onsuz da, Azərbaycan Prezidenti bu məsələ ilə göstəriş vermişdi. Prezident xalqa müraciətində məhz bunları deyib: “Əməliyyat başlamazdan əvvəl mənim tərəfimdən bütün hərbi birləşmələrimizə bir daha ciddi tapşırıq verilmişdir ki, aparılan antiterror tədbirləri nəticəsində Qarabağ bölgəsində yaşayan erməni əhalisi zərbə altına düşməməlidir və mülki əhali qorunmalıdır”. Bütün bunlar göz önündə olduğu halda belə teatr tamaşasının düzəldilməsi gülünc bir hadisə idi”.

 

Deputat vurğulayıb ki, dünənki iclasda Fransa və Ermənistanın beynəlxalq ictimaiyyəti aldadtmaq cəhdi növbəti dəfə boşa çıxdı:

 

“Ermənistan xarici işlər naziri son dərəcə riyakarcasına, alçaqcasına yalanı yalana qoşub danışdı. Beynəlxalq hüquqdan xəbərsiz bir insan kimi, çox məsələləri görməzdən gəldi. Dünya ictimaiyyətini aldadacaqmış kimi çıxış etdi. Azərbaycan xarici işlər naziri isə təmkinlə real mənzərəni işıqlandıra-işıqlandıra dövlətimizin mövqeyini dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Ermənistanın 3 il  ərzində üçtərəfli görüşlərdən yayınması, heç bir öhdəlik götürməməsi, üstəlik Qarabağda silahlı dəstələr saxlaması kimi məsələləri dilə gətirdi. Ona görə də, BMT TŞ yığıldı, dağıldı. Nə olsun? BMT-nin Ermənistan ordusunun Azərbaycan ərazisindən çıxarılması istiqamətində 4 qətnaməsi vardı. Bunların heç birinə əməl etmirdilər. Fransa və Ermənistanın növbəti dəfə beynəlxalq  ictimaiyyəti aldatmaq cəhdi boşa çıxdı”.

 

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin digər bir üzvü Ramil Həsən BMT TŞ-nın dünənki iclasının heç Ermənistanın özünə də faydalı olmadığını bildirib:

 

“Bu dəfə iclasın çağırılmasının səbəbkarı Ermənistan yox, Fransa idi. Xarici işlər naziri Ceyhun Bayramovun tutarlı və əsaslı dəlillərlə bizə əks arqument gətirənləri susdurması, eyni zamanda bugünkü mövcud vəziyyəti, yəni Azərbaycan Ordusnun qələbəsini nəzərə alaraq, bəzi ökələrin ərazi bütövlüyü məsələsinə vurğu etməsi önəmlidir. Buna misal kimi göstərə bilərik ki, İsveçrə kimi ölkələri göstərə bilərəm. Xalqların öz müqəddaratını təyin etməsi məsələsinin ikinci planda olmasının vurğulanması Azərbaycan diplomatiyasının vacib uğuru idi. Açığı BMT TŞ-nin bu iclasının çağırılması heç Ermənistanın özünə sərf etmir. Çünki Paşinyana qarşı bu gün ciddi hərəkat başladılıb. Bu proseslərin Paşinyanın devrilməsi məsələsinə də təsiri ola bilər deyə Ermənistan sözügedən məsələdə  təşəbbüskar deyil. Azərbaycan xarici işlər nazirinin tutarlı dəlillərlə çıxış etməsi Ermənistanı bir daha mat vəziyyətinə saldı”.

R.Həsən Ermənistan və onun havadarları üçün BMT TŞ-nın iclasının işə yaramadığını diqqətə çatdırıb:

 

“Fransa iclası çağırarkən əməliyyatlara yeni başlanmışdı. Özləri də Azərbaycanın ildırım sürətli lokal xarakterli antiterror tədbirləri həyata keçirəcəyinə inanmırdılar. Əməliyyatın bitməsi, Qarabağdakı separatçıların ağ bayraq qaldırıb təslim olması ilə bağlı bütün proseslərdən sonra bu iclas keçirildi. Bizə qarşı ciddi hansısa addım atılmadı. Bu gün dünya güc üzərində qurulub. Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Elçin Əmirbəyovun dediyi kimi, “beynəlxalq təşkilatların etməsi gərəkən  işi Azərbaycan dövləti və Ordusu etdi”. Biz ərazi bütövlüyümüzü təmin etmişdik. İndi isə suverenliyimizi tam bərqərar etdik. Bu baxımdan da, BMT TŞ-nin iclası Ermənistan və onun havadarları  üçün işə yaramadı. Ermənistan bu məsələlərdən kənardaydı. Biz separatçıların başını əzdik. Əminəm ki, bundan sonrakı proseslərdə də sülh, əmin-amanlıq, qarşılıqlı anlayış, bizim təkliflərimizə uyğun olaraq reinteqrasiya prosesi üçün sürətlə işə başlamağın vaxtı artıq yetişib”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Tarix açıqlandı - 15 günə Azərbaycan Ermənistan sülh imzalayacaq?