Naxçıvan görüşü: bölgəmizin gələcəyinə strateji baxış - ŞƏRH

Naxçıvan görüşü: bölgəmizin gələcəyinə strateji baxış - ŞƏRH

27 Sentyabr 2023, 12:22

Qarabağ ərazisində keçirilmiş antiterror tədbirlərindən az sonra Azərbaycan və Türkiyə prezidentlərinin görüşü bütün dünyada maraqla izlənildi. Naxçıvanda səslənən hər bir bəyanatı siyasi təhlilçilər diqqətlə araşdırır və iki qardaş dövlətin gələcək yönümlü birgə planlarını proqnozlaşdırmağa çalışırdılar. Görüş yerinin Naxçıvan seçilməsi də Zəngəzur dəhlizi ilə bağlı bəzi mülahizələrin irəli sürülməsinə, o cümlədən bunun Ermənistan rəhbərliyinə dəhliz xatırlatması olduğunu iddia etməyə də zəmin yaratmışdı. Qarabağdakı separatçı qurumun təslim olması xəbəri ilə Azərbaycan - Türkiyə yüksək səviyyəli görüşü haqqında məlumatlar dünya mediasının manşetində yanaşı yer alırdı.

 

Azərbaycan və Türkiyə liderlərinin Naxçıvan görüşü bölgəmizdəki mövcud vəziyyətə iki dövlətin baxışını əks etdirməklə yanaşı, həm də bütövlükdə Cənubi Qafqazın gələcəyinə işıq saldı.

 

Mətbuata verilən bəyanatda dövlətimizin başçısı İlham Əliyev 1990-cı illərdən etibarən Naxçıvanın blokada şəraitində yaşadığını, lakin bütün çətinliklərə baxmayaraq öz torpaqlarımızı qoruyub saxladığımızı bildirdi. Prezident 1920-ci ildə sovet hakimiyyəti tərəfindən Qərbi Zəngəzur torpaqlarının ermənilərə verilməsi və beləliklə Naxçıvan ərazisinin Azərbaycanın əsas hissəsindən ayrı düşdüyünü diqqətə çatdırdı. Otuzillik işğal müddətində Naxçıvanı Azərbaycanla birləşdirən dəmir yolunun Ermənistan ərazisindən keçən hissəsinin sökülməsi ilə aradakı nəqliyyat bağlantısı kəsilmişdi. Bu gün də Azərbaycandan Naxçıvana əsas nəqliyyat növü yalnız hava nəqliyyatıdır. Ona görə də Zəngəzur dəhlizinin açılması bu gün Azərbaycan siyasətinin ən ümdə məqsədi hesab olunur. Lakin Zəngəzur dəhlizinin açılması yalnız Azərbaycanın məqsədlərinə xidmət etmir. Bu dəhlizin açılması bütövlükdə Türk dünyasının quru nəqliyyatı vasitəsilə birləşdirilməsini təmin edəcək. Zəngəzur dəhlizi Ermənistanın da özü-özünü saldığı blokadadan da çıxması üçün şərait yaradacaq. Bu layihənin gerçəkləşdirilməsi yollarını isə Azərbaycan və Türkiyə Naxçıvanda müzakirə edirlər. Bu, bölgəmizin gələcəyi ilə bağlı strategiyanın məhz Azərbaycan və Türkiyə tərəfindən müəyyənləşdirildiyini göstərən mühüm amildir.

 

Modern.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib.

 

O qeyd edib ki, Azərbaycan və Türkiyə rəhbərlərinin görüşündə müzakirə olunan əsas məsələ başa çatmış antiterror tədbirləri və işğalın nəticələrinin aradan qaldırılması idi. Ərazidəki mövcud vəziyyəti dəqiq xarakterizə edən Prezident İlham Əliyev bu barədə belə açıqlama verərək bildirdi: “Əgər üç il bundan əvvəl İkinci Qarabağ müharibəsi nəticəsində biz işğala son qoymuşduqsa, bu il aprelin 23-də Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qoymaqla ərazi bütövlüyümüzü tam bərpa etmişdiksə, sentyabrın 19-da isə suverenliyimizi tam bərpa etdik”.

 

Dünya mətbuatı bu görüşdə Qarabağ ermənilərinin taleyi ilə bağlı Azərbaycan Prezidentinin fikirlərini eşitməyə tələsirdi. Antiterror tədbirlərindən dərhal sonra ərazidə aparılan fəaliyyətlər haqqında danışan dövlətimizin başçısı öz çıxışlarında bu məsələyə də aydınlıq gətirdi: “...Qarabağ ermənilərinin nümayəndələri ilə Azərbaycanın dövlət strukturlarının nümayəndələri arasında Yevlax şəhərində görüş keçirilmişdir. Qarabağda yaşayan erməni əhalisinin Azərbaycan cəmiyyətinə inteqrasiya prosesi uğurla gedəcək”.

 

Prezident Ilham Əliyev, həmçinin vurğuladı ki, hazırda Qarabağın erməni icmasına neft, dizel, benzin kimi yanacaq növləri, müxtəlif çeşidli ərzaq məhsulları, dərman preparatları və digər humanitar yardım edilir. Ölkə Prezidenti bir daha qeyd etdi ki, Qarabağ bölgəsində yaşayan insanlar milli mənsubiyyətindən asılı olmayaraq Azərbaycan vətəndaşlarıdır, onların təhlükəsizliyi və hüquqları Azərbaycan dövləti tərəfindən tam təmin ediləcəkdir.

 

Cavanşir Feyziyev əlavə edib ki, liderlərin Naxçıvan görüşü zamanı İğdır-Naxçıvan qaz kəmərinin təməlqoyma mərasimi keçirildi. İyirmi ilə yaxın müddət ərzində Azərbaycan qazının İran vasitəsilə mübadilə əsasında Naxçıvana ötürülməsi muxtar respublikanın etibarlı şəkildə mavi yanacaqla təmin olunmasına əminlik yaratmırdı. İğdır–Naxçıvan qaz kəmərinin inşası bu qeyri-müəyyənliyi də aradan qaldıracaq və Naxçıvan əhalisinin hər iki mənbədən daimi qaz almasını təmin edəcək.

 

"Görüş zamanı 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsinin müstəsna əhəmiyyəti Türkiyə və Azərbaycan rəhbərləri tərəfindən bir daha vurğulandı. TANAP layihəsi, İğdır-Naxçıvan qaz xətti və Qars-Naxçıvan dəmir yolunun inşası strateji əhəmiyyət kəsb edən layihələr kimi dəyərləndirildi. Qeyd olundu ki, bu layihələr Orta Dəhlizin bir qolu kimi həm Azərbaycana, həm Türkiyəyə, həm də digər ölkələrə xidmət göstərəcəkdir.

 

Prezident İlham Əliyev Türkiyə Prezidentinə BMT Baş Assambleyasının son iclasında Qarabağda keçirilən antiterror tədbirləri ilə bağlı ölkəmizə verdiyi siyasi dəstəyə görə minnətdarlığını bildirdi və bunu əsil qardaşlıq jesti adlandırdı.

 

Türkiyə Prezidenti Ərdoğan “Bir millət, iki dövlət” şüarı çərçivəsində ölkələrimiz arasında əlaqələrin və əməkdaşlığın bütün sahələrdə daha da genişləndiriləcəyini bəyan etdi. “Son zəfərlə birlikdə bölgədə əhatəli normallaşma üçün yeni fürsət pəncərələri açılmışdır”,- deyən Türkiyə Prezidenti Ermənistan rəhbərliyindən də sülhə doğru səmimi addımların atılmasını gözlədiyini bildirdi.

 

Beləliklə, dünya mediasının diqqət mərkəzində olan və bölgəmizin gələcəyi ilə bağlı strateji yanaşmaları gündəmə gətirən Türkiyə-Azərbaycan Sammiti uğurla başa çatdı", - deyə deputat vurğulayıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Tarix açıqlandı - 15 günə Azərbaycan Ermənistan sülh imzalayacaq?