Modern.az

Bundan sonra da yeni-yeni Zəfərlər qazanacağıq!

Bundan sonra da yeni-yeni Zəfərlər qazanacağıq!

27 Sentyabr 2023, 16:26

“Bu gün biz xalqımızın və milli dövlətçiliyimizin tarixində müstəsna yer tutan çox mühüm bir hadisəni qeyd edirik. Üç il öncə - 2020-ci il  sentyabrın 27-də işğalçı Ermənistanın hərbi təxribatlarına cavab olaraq başlanan əks hücum əməliyyatı və 44 günlük döyüşlər tariximizə Vətən müharibəsi kimi yazıldı. Məhz 27 sentyabr tarixi təqvimdə Anım Günü kimi qeyd edilir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin həmin gün xalqa tarixi müraciəti, ölkədə hərbi vəziyyətin elan olunması, eləcə də qismən hərbi səfərbərliyin elan olunması unudulmaz hadisələrdir. Bu çağırışdan və qərarlardan sonra on minlərlə vətəndaşımızın yaşından asılı olmayaraq, könüllü surətdə döyüşlərə getmək, torpaqlarımızı işğaldan azad etmək üçün müvafiq qurumlara, səfərbərlik xidmətinin yerli şöbələrinə müraciət edirdilər. Xalqda həmin gün böyük coşğu var idi. Çünki nəhayət, 30 illik həsrətdən sonra torpaqlarımızın erməni işğalından azad olunması uğrunda müharibə başladı”.

 

Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.


Deputat bildirib ki, biz torpaqlarımızın erməni işğalından azad olunması sevincini məhz müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə qəhrəman əsgərlərimizin, döyüşçülərimizin sayəsində yaşayırıq. Məhz onların qanı, canı bahasına, misilsiz vətənpərvərlik və döyüş ruhu sayəsində bu qələbələri qeyd edirik. Bu yolda 3 minə qədər şəhid verdik, minlərlə qazimiz oldu. Vətən müharibəsində Birinci Qarabağ müharibəsi zamanı canlarını qurban vermiş şəhidlərimizin, Xocalı soyqırımının, digər erməni qətliamlarının qurbanı olan soydaşlarımızın qisası alındı. Biz şəhidlərimizin ruhu qarşısnda baş əyirik, qazilərə Allahdan şəfa diləyirik, qəhrəman əsgər və zabitlərimizlə, döyüşlərdə iştirak edən hər bir həmvətənimizlə qürur duyuruq. Bu oğulları böyüdüb boya başa çatdıran ana-atalarımıza minnətdarıq. Vətən onlarla sonsuz dərəcədə fəxr edir. 27 sentyabrda başlanan Vətən müharibəsi ilə dövlətimizin qətiyyəti, ordumuzun gücü, Ali Baş Komandanımızın əzəmətli sərkərdəliyi, xalqımızın birliyi ilə erməni işğalına son qoyuldu. Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın qələbəsi ilə başa çatdı. Azərbaycan dövləti qalib dövlət, xalqımız isə qalib xalq kimi dünya tarixinə öz möhürünü vurdu.


Millət vəkilinin sözlərinə görə, 2020-ci il noyabrın 8-də üçrəngli bayrağımızın Qarabağın döyünən ürəyində, mədəniyyətimizin beşiyi olan Şuşada dalğalanması hər birimizi qürurlandırdı. Şuşanın işğaldan azad olunması növbəti qələbələrimizin əsası kimi dəyərləndirildi. Noyabrın 10-da isə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri arasında imzalanmış bəyanat Azərbaycanın siyasi qələbəsi oldu. 44 gündə Azərbaycan Ordusu işğalçı Ermənistanı diz çökdürdü. Nikol Paşinyanın Azərbaycanın tarixi qələbəsinin təsdiqi olan həmin Bəyanata imza atmağa məcbur edilməsi Ermənistanın məğlubiyyəti oldu. Eyni zamanda, bəyanata əsasən üç rayonumuz-Ağdam, Kəlbəcər və Laçın qan tökülmədən düşməndən geri alındı.


Qələbəmizin təmin olunmasında qardaş Türkiyənin birmənalı olaraq mənəvi və siyasi dəstəyi mühüm rol oynadı. Xalqımız bu qardaş dəstəyini böyük minnətdarlıqla xatırlayır və bundan sonra da hər zaman xatırlayacaq.
44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz bütün dünyaya öz qüdrətini, gücünü bir daha nümayiş etdirdi. Bu qələbə işğalçı Ermənistanın respublikamıza qarşı heç vaxt hərbi güc nümayiş etdirmək iqtidarında olmayacağını onun özünə və havadarlarına yenidən anlatdı. Bu zəfər onu da göstərdi ki, Azərbaycan regionda siyasi, sosial-iqtisadi sahələrlə yanaşı, hərb sahəsində də liderdir. Məhz buna görə də xalq-iqtidar birliyindən qaynaqlanan Azərbaycanın gücü, qüdrəti Ordumuzun zəfər yürüşünün əsasını təşkil etdi.


Bu gün Azərbaycan dünyada güclü, Cənubi Qafqaz regionunun lider dövləti kimi tanınır. İkinci Qarabağ müharibəsində Ermənistanın işğalçı hərbi birləşmələrini öz torpaqlarından qovan və ərazi bütövlüyünü bərpa edən dövlətimizin hazırkı şəraitdə beynəlxalq miqyasda mövqeləri daha da möhkəmlənməkdədir.
Fatma Yıldırım qeyd edib ki, hazırda doğma Qarabağımızda, işğaldan azad olunmuş ərazilərimizdə böyük quruculuq işləri həyata keçirilir. Şuşada Heydər Əliyev Fondu tərəfindən dini, tarixi abidələr bərpa olunur, eləcə də müxtəlif mədəni tədbirlər keçirilir. Xarıbülbül Musiqi Festivalı, Vaqif Poeziya Günlərinin, Milli Musiqi Gününün təşkil olunması buna sübutdur. Bütövlükdə, işğaldan azad olunmuş ərazilərdə sürətli bərpa – quruculuq işlərin aparılması böyük qayıdışın qısa müddət ərzində reallaşmasına hesablanıb. İnsanlar öz doğma yurdlarına qayıtmağı, yaşayıb yaratmağı arzulayırlar və Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz bu arzuları reallığa çevirməkdədir. Biz qarşıdakı günlərdə, aylarda həmin ərazilərdə yeni-yeni açılışların şahidi olacağıq, böyük qayıdışın sevincini yaşayacağıq. Eyni zamanda, dövlətimiz azad olunmuş ərazilərdə hərbi cəhətdən də möhkəmlənməkdə davam edir, özünün sərhədlərini qoruyur. Eyni zamanda, Türkiyə ilə birgə hərbi təlimlər keçirən ordumuz öz gücünü və təcrübəsini artırır.


“Bütövlükdə, hesab edirəm ki, qazandığımız qələbənin, zəfərlərin əsasında xalq-iqtidar birliyi, İlham Əliyev fenomeni, diplomatik uğurlarımız, siyasi və iqtisadi gücümüz dayanır. Bu müddət ərzində Azərbaycan xalqı, cəmiyyəti möhtəşəm birlik nümayiş etdirərək ordumuzla, Ali Baş Komandanımızla sıx birlik nümayiş etdirdi. Bu amil bizim qələbəmizdə çox mühüm rol oynadı. Hörmətli Prezidentimizin dediyi kimi, heç bir qüvvə bizim qarşımızda dayana bilməz və belə də oldu. Biz bu zəfər tariximizin 3-cü ildönümünü digər möhtəşəm Zəfərimizin əldə olunması ilə qeyd edirik. Bilirsiniz ki, 19-20 sentyabr tarixlərində 24 saat ərzində şanlı ordumuz, qəhrəman əsgərlərimiz Qarabağ ərazisində anteterror tədbiri keçirərək erməni separatçılarını diz çökdürdü. Artıq həmin torpaqlarda da Azərbaycan bayrağı dalğalanmaqdadır. Doğma Qarabağ hər qarşı bu gün qarış-qarış erməni quldurlarından təmizlənməkdədir. Bu ərazilərdə Azərbaycan qayda qanunları tətbiq olunmaqdadır. Eşq olsun Müzəffər Ali Baş Komandana, eşq olsun rəşadətli ordumuza!  


Qarabağ tarixi Azərbaycan torpağıdır və bu torpağın sahibi yenidən o yurdalara qayıtdı. Biz bu torpaqlarda bundan sonra əbədi yaşayacağıq. Düşünürəm ki, bundan sonra Azərbaycan tarixində yeni mərhələ, yeni səhifə açılır. Bu mərhələdə müstəqil ölkəmiz daha inamla, daha əzmlə inkişaf edəcək, beynəlxalq müstəvidə öz mövqelərini daha da gücləndirəcək, Qarabağın dirçəlişi ilə yeni tarix yazacaq. Biz bundan sonra da yeni-yeni Zəfərlər qazanacağıq!”,-deyə millət vəkili vurğulayıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi