Azərbaycanın qədim bölgəsi olan Şərqi Zəngəzurda, Zəngilanda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumu keçirilməsi mühüm hadisədir və BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlığı ilə keçirilən “Şəhərsalma Həftəsi 2023” tədbirləri Azərbaycan xalqının qurucu, yaradıcı, özünün və bütövlükdə region xalqlarının xoşbəxt, təhlükəsiz gələcəyini düşünən, bölgədə davamlı sülhün bərqərar olacağına inanan və bu amala xidmət edən bir xalq olduğunu sübuta yetirir.
Bu sözləri Modern.az saytına açıqlamasında millət vəkili Azər Kərimli deyib.
Prezident İlham Əliyevin Forumun açılışındakı nitqinə diqqət çəkən millət vəkili dövlətimizin başçısının bölgənin gələcəyi, birgəyaşayış və həyata keçirilməsi nəzərdə tutulan layihələrlə bağlı proqram xarakterli fikirləri regionun firavan və təhlükəsiz gələcəyinə böyük ümidlər yaradır:
“Azərbaycan Prezidentinin nitqində yer alan ən önəmli məqamlardan biri, dövlətimizin başçısının xalqımızın öz ata-baba yurduna, Vətəninə bağlılığı ilə əlaqədar səsləndirdiyi fikirlərdir. Zəngilanın Ağalı kəndindən söz açan cənab Prezident bildirdi ki, heç zaman öz vətənini görməyən gənc nəsil qayıdıb, bu, onu nümayiş etdirir ki, Azərbaycan xalqı öz köklərinə necə dərindən bağlıdır. Bu, olduqca qürurverici və xalqımızın bu torpaqların əsl sahibi olduğunu vurğulayan məqamdır. Bu gün öz doğma yurdlarına qayıdan gənclər Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi zaman kəsiyində formalaşıblar, şəxsiyyət kimi yetişiblər, doğma torpaqlarımızın düşmən tapdağından xilas olmasına öz töhfələrini veriblər və indi də şəhidlərimizin müqəddəs qanının hopduğu yurd yerlərinə sahiblənirlər. Bu, Azərbaycan xalqının yüksək mənəvi keyfiyyətlərini göz önünə sərgiləməklə yanaşı, Prezident İlham Əliyevin gənclər siyasətinin uğurunu nümayiş etdirir”.
Azər Kərimli Azərbaycan Prezidentinin həm Ermənistana, həm də beynəlxalq təşkilatlara yönəlik mesajlarının tarixi önəm daşıdığını, bütövlükdə dünyada baş verən proseslərə yanaşmada ədalətli, obyektiv baxış bucağı nümunəsi yaratdığını diqqətə çatdırıb:
“Cənab Prezident öz nitqində qeyd etdi ki, antiterror tədbirləri 24 saatdan az müddətdə həyata keçirilib və nəticədə qondarma rejimin, hərbi xuntanın təmsilçiləri ağ bayraq qaldırıblar. Əgər rəsmi Bakının belə bir istəyi olsaydı, Azərbaycan Ordusu bir neçə saatın içərisində istədiyi nöqtəyə kimi hərəkət edə bilərdi. Lakin bəlli olduğu kimi, dövlətimizin əsas məqsədi Azərbaycanın suveren hüquqlarının bərpası və mülki əhalinin qorunması idi ki, buna da ən yüksək səviyyədə nail olundu. Bu baxımdan, həm Ermənistan, həm də bu ölkəni himayə edənlər obyektiv, ədalətli reallıqları istisnasız olaraq qəbul etməli, özlərinin beynəlxalq hüquqa zidd davranışlarına çəki-düzən verməlidirlər. Bu gün Azərbaycana qarşı qəbuledilməz planlar cızan tərəflər Prezident İlham Əliyevin mesajlarından nəticə çıxarmalı, ədalətli və davamlı sülh üçün yaranmış real atmosferə müdaxilə etməkdən əl çəkməlidirlər. Çünki belə cəhdlərin heç bir perspektivi yoxdur və olmayacaq da! Bu səbəbdən bizim səbrimizlə oynayaraq, boş yerə vaxt itirilməsinə cəhd göstərməsinlər. Azərbaycan səbrli olduğu qədər də qətiyyətli və cəsarətlidir. Bu, ilk növbədə haqqın, ədalətin bizim tərəfimizdə olmasından, oz doğma torpaqlarımız üzərində dayanmağımızdan, xalqımızın sarsılmaz birliyindən və əzmindən qaynaqlanır”.