“Son bir əsrdə Azərbaycanda dövlət idarəçiliyində iki böyük səhv buraxılıb. Birincisi, Azərbaycan Xalq Cumhuriyyəti dövründə İrəvanın Ermənistana güzəştə olunmasıdır”.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin payız sessiyası üzrə ilk plenar iclasında deputat Bəhruz Məhərrəmov bildirib.
O qeyd edib ki, ikincisi Qarabağ və Şərqi Zəngəzurun AXC-Müsavatın xəyanətinə qurban getməsidir. Hər iki halda da real vəziyyəti anlaya bilən şəxslərə parlamentdə söz haqqı tanınmayıb.
"1918-ci ildə ərazilərin Ermənistana verilməsinə qarşı çıxan İrəvandan olan deputatlar Mir Hidayət Seyidov, Bağır bəy Rzayev və Nəriman bəy Nərimanbəylinin etirazlarına qulaq asmayanlar, 1991-ci ildə isə Heydər Əliyevə bu parlamentdə çıxış etməyə imkan verməyənlər, çox rahatlıqla İrəvan, Şərqi Zəngəzur və Qarabağı cılız niyyətlərə qurban verdilər. Bu açıq siyasi deqredasiya idi. Artıq Qarabağ və Şərqi Zəngəzur azaddır. Az qala bütün dünyaya rəğmən, cənab İlham Əliyev Xankəndində Azərbaycan konstitusiya quruluşunu bərpa edib. Azərbaycanı Yevlaxa qədər işğalla hədələyənlər, bu gün Yevlaxda İlham Əliyev mərhəmətinə sığınıb. Azərbaycan insanının qanına batmış əllər bu gün qandallı şəkildə Azərbaycan hüquq sisteminin ədalətindən pay dilənir. Bu gün artıq yeni eraya qədəm qoymuşuq. Artıq qarşımızda cumhuriyyət dövrünün səhvlərinin aradan qaldırılması vəzifəsi dayanır. Bu gün hamımız Qərbi Azərbaycanlıyıq və 300 mindən artıq Qərbi Azərbaycanlı özünün əzəli yudrduna qayıdacağı günü gözləyir. Bizim heç kimə ərazi iddiamız yoxdur, eyni zamanda tarixi haqlarımızdan, evimizə dönmək hüququmuzdan vaz keçmək niyyətində də deyilik”,- deyə o bildirib.