“Biz Azərbaycan xalqı olaraq tarixi anlar yaşayırıq. Müzəffər Ali Baş Komandanımız, Prezident İlham Əliyevin polad iradəsi, qətiyyətli siyasəti, şanlı ordumuzun rəşadəti və xalqımızın birliyi sayəsində artıq Qarabağdakı qanunsuz separatçı rejim, qondarma “Artsax respublikası” ləğv edildi, dövlətimizin suverenliyi tam bərpa olundu. Cəmi 24 saat ərzində keçirilən lokal antiterror tədbirləri zamanı qanunsuz rejim ağ bayraq qaldıraraq təslim oldu. Bunun üçün biz Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli ordumuza təşəkkür edirik. Şəhidlərimizin ruhu qarşısında baş əyirik!”.
Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.
Deputat bildirib ki, Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan dövləti qarşıya qoyduğu hədəfləri reallığa çevirir. Təbii ki, bu uğurlara əsas verən ölkəmizin ədalətə və beynəlxalq hüquqa söykənən siyasətidir. Otuz illik işğal dövründə xalqımız hər zaman əmin idi ki, dövlətimizin uğurlu siyasəti nəticəsində torpaqlarımız işğaldan mütləq azad ediləcək, bu ərazilərdə yeni həyat başlayacaq. Hazırda Qarabağ və Şərqi Zəngəzurda sürətlə quruculuq işləri həyata keçirilir. Biz inanırıq və əminik ki, Prezident cənab İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə bu möhtəşəm işlər tezliklə Xankəndidə, Xocalıda, Ağdərədə, Əsgəranda və Xocavənddə də reallığa çevriləcək. Həmçinin vaxtilə bu torpaqlardan məcburi köçkün düşmüş soydaşlarımız doğma yurdlarına qayıdacaqlar.
Millət vəkilinin sözlərinə görə, bu gün biz bəzi beynəlxalq təşkilatların və dövlətlərin, xüsusilə Qərb ölkələrinin yenə də ikiüzlü siyasətinə şahidlik edirik. Ermənistan və onun havadarları erməni sakinlərin Qarabağı könüllü surətdə tərk etmələrini “etnik təmizləmə” kimi təqdim etməyə çalışırlar. Halbuki, dövlətimiz heç kimi buna məcbur etmir, əksinə onlara Azərbaycan vətəndaşlığı qəbul edib Qarabağda yaşamağa çağırış edir. Digər tərəfdən, hazırda onlara ərazidə davamlı olaraq humanitar yardım göstərilir. Qarabağın erməni sakinlərinin nümayəndələri ilə keçirilən görüşlərdə məhz onların müraciəti əsasında bir çox humanitar addımlar atılır.
“Eyni zamanda, nəzərə almaq lazımdır ki, indiyədək Qarabağda yaşamış ermənilərin böyük bir hissəsi torpaqlarımız işğal olunandan sonra, öldürülən və silah gücünə qovulan azərbaycanlıların evlərinə yerləşdirilmişdilər. Məsələn, mənim ata yurdum olan Malıbəyli kəndində işğala qədər bir erməni də yaşamayıb. Amma işğal dövründə bu kənddə süni şəkildə məskunlaşmışdılar. Bu, əslində cinayət idi. Ona görə də, həmin ermənilərin gəldikləri yerlərə qayıtması təbii haldır. Artıq İlahi Ədalət bərpa olundu. Bu prosesdə ölkəmizə təzyiq göstərmək istəyən beynəlxalq dairələrin cəhdləri heç bir nəticə verməyəcək. Müzəffər Ali baş Komandanımızın dediyi kimi, heç bir qüvvə bizim iradəmizə təsir edə bilməz!”, - deyə Fatma Yıldırım vurğulayıb.