Modern.az

Heydər Əliyev bizdən incik düşən Çinlə nə qədər danışıq apardı... - Ümummilli liderin silahdaşı DANIŞIR

Heydər Əliyev bizdən incik düşən Çinlə nə qədər danışıq apardı... - Ümummilli liderin silahdaşı DANIŞIR

3 Oktyabr 2023, 18:07

Bu gün ümumilli lider Heydər Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsinin 30-cu ildönümüdür. 1993-cü il oktyabrın 3-də ölkəmizdə keçirilən prezident seçkilərində Heydər Əliyev xalqımızın böyük əksəriyyətinin etimadını qazanıb. O, 98.84 faiz səslə Azərbaycan Prezidenti seçilib.

 

Modern.az Ümummilli liderin yaxın silahdaşlarından olmuş Milli Məclisin deputatı Eldar İbrahimovun xatirələrini öyrənib.

 

Müsahibimiz Heydər Əliyevin hər zaman xalqa arxalandığını bildirib:

 

"1991-ci ilin 3 sentyabrında Ümumilli lider Heydər Əliyev Naxçıvan Ali Məclisinin sədri seçilmişdi. Gələcəyə gedən yol bu tarixdən başladı. Heydər Əliyev 1990-cı ilin noyabrında Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin birinci ali sessiyada Azərbaycan Respublikasının üçrəngli bayrağını qaldırmaqla müstəqilliyin əsasını qoydu. Onun dediklərinin hamısı doğru çıxdı. 1993-cü ilin 15 iyun tarixində Heydər Əliyevin Ali Sovetinin sədri seçilməsini biz Qurtuluş Günü kimi qeyd edirik. Ondan sonra ciddi proseslər baş verdi. Həmin dövrdə Prezident olan Əbülfəz Elçibəy Bakını tərk etdi. Ölkədə çox ağır vəziyyət yaranmışdı. Heydər Əliyev parlamentin sədri kimi həm də Prezidentin səlahiyyətlərini icra etməyə başladı. Daha sonra xalqın tələbi ilə Heydər Əliyev Prezident seçildi. Beləliklə, ölkənin inkişafına çox böyük xidmətlər göstərdi. Azərbaycanın iqtisadi inkişafında, sabitliyin bərqərar olmasında Heydər Əliyevin xüsusi rolu var. 1994-cü ilin 20 sentyabrında "Əsrin müqaviləsi"nin imzalanması da onunla bağlıdır".

 

Deputat vurğulayıb ki, Heydər Əliyev Prezident seçildikdən sonra böyük ölkələrlə əlaqələrin qurulmasına xüsusi önəm verib və uğurlu nəticələr əldə edib:

 

"O, bütün ölkələrlə yüksək səviyyədə əlaqələr qurdu, münasibətlər yaratdı. 1994-cü ilin mart ayında Çinə səfəri oldu. Həmin səfərdə iştirak edən nümayəndə heyətində mən də vardım. Çin o zaman bizimlə incik idi. Çünki Əbülfəz Elçibəy Pekinə bayraq sancacağını demişdi. Heydər Əliyev Çin Xalq Respublikasının sədrini, baş naziri razı salmaq üçün nə qədər danışıqlar apardı. Mən bunların şahidiyəm. Pakistan səfərində də iştirak edirdim. Heydər Əliyev dünya səviyyəsində həddindən artıq tanınmışdı".

E.İbrahimov Heydər Əliyevin həm müdrik dövlət xadimi, həm də cəsur sərkərdə olduğunu da vurğulayıb:

 

"Heydər Əliyev çox uzaqgörən, müdrik, cəsarətli bir insan idi. Bütün bu keyfiyyətlər ona yeni Azərbaycanı qurmağa və yaşatmağa imkan verdi. 1994-cü ilin 4 oktyabrında, eləcə də 1995-ci ildəki dövlət çevrilişlərinin qarşısını aldı. Bu da onun cəsarətinin nəticəsi idi. Heç nədən qorxmadan, çəkinmədən xalqa arxalandı. Biz partiya yaradanda Xalq Cəbhəsi Naxçıvanda dövlət çevrilişi etmək istəyirdi. Həmin vaxt xalq Heydər Əliyevin arxasında durdu. Eyni ssenari ilə oktyabrın 4-dən 5-nə keçə gecə xalqa müraciət etdi. Mən orada da iştirak etmişəm. Onun müraciəti gecə saat 12-də olmuşdu. Camaat hamısı Prezident Aparatının qarşısına gəldi. Onda biz mikrofon düzəldirdik ki, Heydər Əliyev çıxış etsin. Bir sıra hakimiyyət nümayəndələri qaçıb gizlənmişdilər, fikirləşirdilər ki, Heydər Əliyevi devirirlər.  Bir sözlə, xalqa arxalanan Heydər Əliyev 1993-2003 illərdə böyük işlər gördü".

 

E.İbrahimov Heydər Əliyev siyasi kursunun Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini bildirib:

 

"İndi onun siyasi kursunu möhtərəm Prezident İlham Əliyev layiqincə həyata keçirir. Prezident İlham Əliyev heç kəsin görə bilməyəcəyi işi həyata keçirdi. Qarabağdakı 30 illik işğala son qoydu. 44 gündə torpaqların qaytarılması ən böyük qəhrəmanlıqdır. Mən deyərdim ki, İlham Əliyev 21-ci əsrin ən böyük sərkərdəsidir. 
Avropanın bütün liderləri İlham Əliyevdən nümunə götürə bilərlər. Onlar müharibəni necə aparmağı və qalib gəlməyi İlham Əliyevdən öyrənsinlər.
Qarabağda 24 saat ərzində başa çatan antiterror tədbirləri nəticəsində separatçılar tərk-silah edildi. Azərbaycan ərazi bütövlüyü hələ indi bərpa edilib. Bütün ərazilərdə qanunlarımız işləməyə başlayıb. Bu siyasətin əsasını Ümumilli lider Heydər Əliyev qoyub. O, həmişə deyirdi ki, biz işğal olunmuş ərazilərimizə qayıdacağıq. Ümumilli lider bu günləri sanki əvvəldən görürdü. Qarabağda bu gün çox böyük quruculuq işləri həyata keçirlir. Ümummilli lider Heydər Əliyevin yaxın bir silahdaşı kimi onun yaratdığı Azərbaycan dövlətinin vətəndaşı olmaqdan qürur duyuram. Bu gün də İlham Əliyevin rəhbərliyi  altındakı Azərbaycanın vətəndaşıyam. Çox şükür ki, bütün bu günləri görə bildim".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi