"Daimi militarizm ideologiyası ilə yaşamaq çox təhlükəlidir. Onda Qərb dövlətləri İrəvanda hərbi baza quracaqlar, adınca NATO bölgədə yerləşəcək və Qafqazı Əfqanıstana çevirəcəklər. Biz Köçaryanın "birgəyaşayış mümkün deyil" şüarına zərbə vurmalıyıq.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin payız sessiyası üzrə növbəti plenar iclasında deputat Zahid Oruc bildirib.
"Bizsə, sülh təklif edirik. Reinteqrasiya yalnız Xankəndinə yox, bütün Qaqfaza gərəkdir. Qərb üçün fərqi yoxdur, kim qalib gəlib, onlara daimi sarsıntılar gərəkdir. Paşinyan son parlament saatında dedi ki, məğlublar gedib Boston və Parisdə özlərinə tərəfdar toplasınlar. Erməni baş nazir bununla əsrlərdir düşmənçiliyə investisiya qoyan iki dövlətə, Amerika və Fransaya sığınan Daşnaksütunun daxildə dayaq tapa bilmədiyini ifşa elədi. Bəli, tarixdə ilk dəfədir, erməni kilsələrinin də vahidliyi pozulub, o cümlədən, Rusiya erməniləri Amerika və Fransada yaşayan soydaşlarından ayrılıblar, parçalanıblar və hətta Azərbaycanın mövqeyini müdafiə ediblər.
Belə tarixi fürsətdə dövlətimiz yüksək rəsmiləri Xankəndi və Xocavənddən evakuasiya edilən sakinləri geri qayıtmağa çağırdı. Biz cinayətkarlara cəza versək də qələbə üzərində birgəyaşayış qurmağa çalışırıq. Əks halda, həm Böyük Qayıdışa, həm də daimi müharibələrə dövlətin maliyyə və insan resursu çatmaz", - deyə o bildirib.