Modern.az

Xocalı qatilləri Azərbaycana ekstradisiya edilir? - Proses başlayır...

Xocalı qatilləri Azərbaycana ekstradisiya edilir? - Proses başlayır...

13 Oktyabr 2023, 11:33

Ötən ay Qarabağda həyata keçirilən antiterror tədbirlərindən sonra Azərbaycan əleyhinə cinayət törədən separatçılar və qatillər tutularaq Bakıya gətirilib. İndiyədək 8 separatçı və cinayətkarın tutulduğu məlumdur. Bunlar Arayik Arutyunyan, Bako Saakyan, Arkadi Qukasyan, David İşxanyan, Davit Manukyan, David Babayan, Levon Mnatsakanyan və Ruben Vardanyandır. 

 

Onlardan əvvəl isə Meşəli soyqırımında iştirak edən Vaqif Xaçaturyan Laçın sərhəd-keçid məntəqəsindən keçən zaman tutulub və bu gün Bakıda onun məhkəməsi keçirilir.

 

Birinci Qarabağ müharibəsi zamanı Xocalıda və digər yaşayış məntəqələrində cinayətlər törədən bir çox şəxs isə Ermənistanda gizlənir. Robert Köçəryan, Serj Sarkisyan, Seyran Ohanyan, Vitali Balasanyan kimi cinayətkarlar da məsuliyyətə cəlb ediləcək.

 

Azərbaycan Ermənistandan bu cinayətkarların ekstradiyasını tələb edə bilərmi? Onların həbsi üçün hansı addımlar atılmalıdır?

 

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Fazil Mustafa bunun mürəkkəb prosedur olduğunu bildirib.

 

Onun sözlərinə görə, Nikol Paşinyan da daxil olmaqla Ermənistanda heç kim Xocalı qatilini təhvil verib özünü erməni xalqının gözündə düşmən kimi göstərmək istəməz.

 

Deputat məsələnin hüquq yollarla həll edilməsinin labüd olduğunu düşünür. Belə ki, ilk öncə sülh müqaviləsi imzalanmalı, münasibətlər normallaşmalı və Ermənistan və Azərbaycan arasında normal dövlətlərarası əlaqələr qurulmalıdır. 

 

"Bu zaman hərbi cinayətkarların ekstradisyası ilə əlaqədar əməkdaşlıq protokolu imzalanır. Həmin protokol əsasında ermənilər bu və bu kimi şəxsləri təhvil verməlidir. Balasanyanı qırmızı bülletenlə də axtarışa verə bilərik. Onun Ermənistandan çıxıb başqa ölkəyə getməsinin qarşısını ala bilərik. Ermənistan bu öhdəliyi götürdükdən sonra nəinki Balasanyanı, Köçəryan və Sarkisyanı da almaq olar. Bir sözlə, bu proses Ermənistanda gələcəkdə baş verəcək proseslərdən və bizim onlarla yaradacağımız münasibətlərdən asılı olacaq. Verilən ifadələrdən, araşdırmalardan da çox şey üzə çıxacaq. Yeni hərbi cinayətkarların əlavə olunması mümkündür. Ona görə də, buna tələsik məsələ kimi baxmıram", - deputat belə deyib.

 

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu isə cinayətkarların hamısının birdən-birə saxlanılmasının mümkün olmadığını düşünür. O saytımıza açıqlamasında bildirib ki, rəsmi Bakı xalqımıza qarşı cinayət törətmiş 300-dən çox hərbi cinayətkarın siyahısını hazırlayıb, onların hər biri haqqında Baş Prokurorluq tərəfindən cinayət işi başladılıb. 

 

"Canilərin başçılarından biri də Vitali Balasanyandır. Biz bu prosesin başlandığının şahidiyik. Azərbaycan xüsusi xidmət orqanları tərəfindən bu cinayətkarların bir-bir saxlanılıb, Azərbaycan məhkəməsi qarşısına çıxarılması prosesi başladılıb. Şübhəsiz ki, bunların hamısını birdən həbs etmək mümkün deyil. Onlar təbii ki, məsuliyyətdən yayınmağa cəhd göstərəcəklər. Vitali Balansanyan kimi cinayətkarın qaçıb gizlənməsi gözlənilən idi. Çünki o bilir ki, Azərbaycan hüququ qarşısında cavab verməli olacaq", - deputat vurğulayıb.

H.Babaoğlu məsələyə proses kimi baxılmalı olduğunu qeyd edib və əsas liderlərin Azərbaycana gətirildiyini vurğulayıb:

 

"Digərlərinin də Azərbaycana gətirilməsi üçün bildiyimiz və bilmədiyimiz proseslər davam etdirilir. Azərbaycan xüsusi xidmət orqanları çox peşəkar, dəqiq və operativ  əməliyyatlar keçirməyi bacarır. Biz bunun şahidiyik. Bu məsələni tez-tez qabartmamaq lazımdır ki, cinayətkar yerini mütəmadi dəyişə bilməsin. Bütün hallarda əminəm ki, Azərbaycanın müvafiq qurumları, xüsusən də, DTX  müəyyən informasiyalar əsasında bu şəxsləri Azərbaycana gətirəcək".

 

Deputat Ermənistanın Balasanyanı verməyəcəyini vurğulayıb: "Məlumdur ki, Azərbaycanla Ermənistan arasında diplomatik münasibətlər yoxdur. Cinayətkarların və ya həbs olunan şəxslərin qarşılıqlı ekstradisyası ilə bağlı müqavilə yoxdur. Bu da onu göstərir ki, Ermənistanın hansısa cinayətkarı rəsmi şəkildə Azərbaycana təhvil verməsi ilə bağlı hüquqi öhdəliyinin olmadığını göstərir".

 

Parlamentari İnterpol vasitəsilə də Balasanyanı həbs etməyin mümkünlüyündən də danışıb:

 

"Azərbaycan cinayətkarların hər birini İnterpol vasitəsilə axtarışa verib. Ermənistan və Azərbaycan cinayətkarların həbsində İnterpol institutunun imkanlarından istifadə edir. Şübhəsiz ki, bu vasitə ilə yerləri müəyyənləşdiyi halda Azərbaycanın cinayətkarları hüquqi  məsuliyyətə cəlb etmək imkanı yaranacaq".  

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI