Modern.az

90-cı illərdə yavan çörək belə çatışmırdı - Deputat

90-cı illərdə yavan çörək belə çatışmırdı - Deputat

Parlament

13 Oktyabr 2023, 11:16

“Müasir Azərbaycan dövlətinin banisi və qurucusu Ümummilli Lider Heydər Əliyev bütün ömrünü canından əziz sevdiyi  Azərbaycanın inkişafına, tərəqqisinə, zəngin və qüdrətli ölkəyə çevrilməsi, doğma xalqının xoşbəxtliyi və firavanlığı uğrunda mübarizəyə həsr edib.  1969-cu ildə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi seçilən və 13 il bu vəzifədə çalışan Heydər Əliyev Azərbaycanı SSRİ məkanında 1920-ci ildən bu yana nail olmadığı ən yüksək mərtəbəyə qaldırdı. SSRİ-nin aqrar xammal bazası olan, geridə qalmış, kasıb, mədəniyyəti və elmi tənəzzül edən, bütün göstəricilərinə görə 15 respublika arasında 13-cü yerdə gedən bir ölkəni inkişaf etmiş sənaye mərkəzinə, müasir texnologiyanı tətbiq edərək yüksək göstəricilər əldə edən aqrosənaye kompleksinə malik kənd təsərrüfatı respublikasına, yüksək mədəniyyəti və biliyi ilə seçilən tanınmış ziyalıları olan xalqın yaşadığı ölkəyə çevirdi”.

 

Modern.az xəbər verir ki, bu barədə Əmək və sosial siyasət  komitəsinin sədri Musa Quliyev Milli Məclisdə Əmək və sosial siyasət komitəsinin  “Heydər Əliyev - 100: Müasir Azərbaycan – sosial rifah və sosial ədalət dövləti” mövzusunda elmi-praktik konfransında bildirib. 

 

Komitə sədri bildirib ki, Azərbaycan xalqı da öz liderinə həmişə dəstək vermiş, həmişə öz lideri ilə birlikdə olub:

 

“Çünki xalqın istəyi ilə onun liderinin fəaliyyəti bir-birini tamamlayırdı. Xalq əmin-amanlıq və ədalət istəyirdi, Heydər Əliyevin də bir rəhbər kimi əsas fəaliyyət istiqaməti bu idi. Xalq yaxşı yaşamaq üçün imkan, yaxşı işləmək üçün şərait  axtarırdı. Heydər Əliyev də öz xalqının xoşbəxtliyi üçün çalışırdı. Xalq gerilikdən, ətalətdən, bürokratiyadan, rüşvətxorluqdan canını qurtarmaq istəyirdi. Heydər Əliyev də ədalətin təntənəsi, millətin və ölkənin yüksəlməsi naminə çalışırdı. Məhz bu illərdə məşhur “Qoy ədalət zəfər çalsın!” şüarı Azərbaycanın rəhbəri tərəfindən irəli sürüldü və xalq tərəfindən birmənalı olaraq dəstəklənib. 


Təəssüflər olsun ki, Heydər Əliyevin böyük fədakarlığı sayəsində, o vaxtkı SSRİ-nin ən geridə qalmış respublikasından, ən qabaqcıl respublikasına çevrilən Azərbaycan, 1988-1993-cü illərdə SSRİ rəhbərliyinin düşmənçiliyi, respublikanın başında duranların səriştəsiz və dağıdıcı fəaliyyəti nəticəsində dərin siyasi, iqtisadi və sosial böhran, işğal və dağılma təhlükəsi ilə üz-üzə qalıb.


O zaman Azərbaycanın ümumi daxili məhsulunun həcmi 375 milyon dollar,  büdcə gəlirlərimiz cəmi 100 milyon dollar təşkil edirdi. Təbii ki, belə bir şəraitdə işsizlik və yoxsulluq artırdı, inflyasiya 1250 %-i ötmüşdü, yavan çörək belə çatışmırdı, maaşlar və pensiyalar aylarla verilmirdi.


1993-cü ilin iyununda xilaskar missiyası ilə ölkə rəhbərliyinə qayıdan Heydər Əliyev yenidən öz xalqının xoşbəxtliyi, öz vətəninin azadlığı və qüdrətlənməsi uğrunda mübarizəyə başlayıb. 


Bütün siyasi fəaliyyəti və mübarizəsi boyu Heydər Əliyev öz doğma xalqına arxalanmış, öz xalqından dəstək almış, nə etmişdirsə də xalqı və vətəni Azərbaycan üçün edib. 


Xalq öz sevimli rəhbərinin səfərbəredici fəaliyyətini dəstəklədi, onun ətrafında birləşdi, ucaldı, ucalığını dərk etdi, potensial gücünü ümummilli enerjiyə çevirə bilib”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI