Modern.az

Qanunvericilik bazasının formalaşmasında Ulu Öndərin əvəzsiz rolu olub

Qanunvericilik bazasının formalaşmasında Ulu Öndərin əvəzsiz rolu olub

Parlament

13 Oktyabr 2023, 13:24

“Azərbaycan sosial dövlətdir və əhalinin sosial təminat hüquqları konstitusiyamızda tam olaraq təsbit olunub. Bu gün dövlətin normayaratma orqanları tərəfindən hazırlanan və qəbul edilən normativ-hüquqi aktların böyük əksəriyyəti əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına yönələn hüquqi sənədlərdir”. 

 

Modern.az xəbər verir ki, bunu Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev Milli Məclisdə keçirilən Əmək və sosial siyasət komitəsinin  “Heydər Əliyev - 100: Müasir Azərbaycan – sosial rifah və sosial ədalət dövləti” mövzusunda elmi-praktik konfransında bildirib.


“Təkcə 2020-23-cü illər ərzində qəbul edilmiş qanunların təxminən 1/3 hissəsi sosial qanunvericiliyə aid normaları özündə əks etdirir. Vətəndaşların pensiya, sosial müavinət, ünvanlı dövlət sosial yardımı almaq, məşğulluq, işsizlikdən sığorta, sosial sığorta ilə bağlı məsələlər, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, əlilliyi müəyyən edilən şəxslərin hüquqları, habelə təhsil, səhiyyə, mədəniyyət, ailə, qadın və uşaq problemləri, idman və gənclər, turizm və digər sosial sahələri tənzimləyən mütərəqqi qanunlar burada əsas yer tutur.

 

Bir faktı xüsusi konstatasiya etmək istərdim. Bu gün Vətən müharibəsində qazanılan tarixi qələbənin əsas təminatçıları olan şəhidlərimizin ailə üzvlərinin, vətən müharibəsi ilə əlaqədar əlilliyi müəyyən edilən şəxslərin, bütövlükdə müharibə iştirakçılarının sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində qəbul edilən yeni qanunlar ilk növbədə dövrün təxirəsalınmaz tələbindən qaynaqlanır. Məhz 2021-ci ilin yaz sessiyasından etibarən sosial müdafiə sahəsində bir çox yeni qanunların qəbulu bu həssas kateqoriyadan olan vətəndaşlarımıza ölkə başçısının, habelə Milli Məclisin və ƏƏSMN-in qayğısının göstəricisi kimi dəyərləndirilməlidir.


Milli Məclisin qanunvericilik bazasının formalaşmasında Ulu Öndərin əvəzsiz rolu və müstəsna xidmətləri danılmazdır. Bu xüsusda qısa bir haşiyə çıxım: Ulu öndər Ali Sovetə rəhbərlik etdiyi qısa dövrdə parlamentarizm ənənələrinə yeni nəfəs, yanaşma gətirdi. 4 ayda dövlətimizin ən ağrılı problemlərlə üz-üzə qalmasına rəğmən, milli qanunvericilik sahəsində Ulu öndərin təşəbbüsü və rəhbərliyi ilə  “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” mühüm Qanun qəbul edildi və hazırda da qüvvədədir.

 

Məhz dövlət başçımızın müəllifliyi və təşəbbüsü ilə sosial islahatlar davamlı olaraq zənginləşdirilir və təkmilləşdirilir. Elə bu konsepsiyalarda təsbit olunmuş yeni qanunvericilik aktlarının qısa müddət ərzində hazırlanması və real tətbiqi onu deməyə əsas verir ki, yaxın gələcəkdə bu hüquqi sənədlərin hazırlanması və qəbulu intensivliyini qoruyub saxlayacaqdır. Lakin bu xüsusda, sosial sahədə qanunvericiliyə təklif edilən dəyişikliklərin edilməsinə obyektiv zərurətin olması, onların subyektləri, tətbiq dairəsi və s. baxımından bizlərdən xüsusi yanaşma və araşdırma tələb edir”,- deyə o bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI