“Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 11-də MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasının iştirakçıları ilə görüşü zamanı çıxışında mühüm məsələlərə toxundu. Məlumdur ki, Azərbaycan MDB-nin işində iştirak etməyə həmişə böyük əhəmiyyət verib. Bütün istiqamətlər üzrə və təhlükəsizliyin möhkəmləndirilməsi sahəsində sıx təmaslar mövcuddur".
Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.
Deputat bildirib ki, hazırda bütün dünyada təhdidlər artır və yeni qeyri-sabitlik ocaqları yaranır. Bu məqamı xüsusi vurğulayan dövlətimizin başçısı deyib ki, belə bir şəraitdə daim operativ informasiya mübadiləsi aparmaq zəruridir. İnformasiya, o cümlədən onun qəbul edilməsi və ona reaksiya verilməsi baxımından böyük əhəmiyyətə malikdir. Eyni zamanda, ölkələrimizin yerləşdiyi regionlarda xarici təhdidlər də mövcuddur və bu istiqamətdə operativ iş riskləri minimuma endirməyə imkan verir. Bizim ölkələrin yerləşdiyi məkanda ictimai-siyasi sabitliyin möhkəmləndiyini görmək sevindiricidir və dövlətlərimiz bir çox çağırışların öhdəsindən uğurla gəlir.
Millət vəkilinin sözlərinə görə, Azərbaycanın suverenliyi tam bərpa olunub. Bu fakt regionumuzda təhlükəsizliyin möhkəmlənməsi və sülhə nail olunması üçün imkanlar yaradır. Dövlətimizin başçısı görüşdə mühüm tarixi və siyasi məqamları diqqətə çatdırmaqla yanaşı, yeni şəraitdə həm regional, həm də beynəlxalq təhlükəsizlik və əməkdaşlıqla əlaqədar Azərbaycanın mövqeyini aydın ifadə etdi.
Fatma Yıldırım qeyd edib ki, Azərbaycan Prezidenti ölkəmizin yeni mərhələdə regionda sülhün və təhlükəsizliyin təmin olunması ilə əlaqədar prinsipial mövqedə olduğunu ifadə etdi: “Ölkəmizin bu mövqeyi dəyişməzdir. İlk növbədə, Ermənistan bütün təxribat cəhdlərindən imtina edərək konstruktiv siyasət həyata keçirməlidir. Həmçinin Ermənistan sərhədlərin delimitasiyası və demarkasiyası ilə əlaqədar konkret addımlar atmalı, vaxtında sülh müqaviləsinə hazırlıq işləri görməlidir. Digər tərəfdən, Ermənistan anlamalıdır ki, bütün təxribatların qarşısı qalib Azərbaycan Ordusu tərəfindən alınacaq və onun bu siyasəti özü üçün çox ağır nəticələr verəcək”.
“Başqa bir mühüm məsələ Azərbaycanın regionda kommunikasiyaların bərpası ilə əlaqədar mühüm təşəbbüslər irəli sürməsi və qətiyyətli mövqe sərgiləməsidir. Xüsusilə də, Zəngəzur koridorunun açılması məsələsi bu kontekstdə mühüm yer tutur. Bu, regional iqtisadi əməkdaşlığın inkişafı və region ölkələri arasında işgüzar əlaqələrin gücləndirilməsi baxımından strateji əhəmiyyətlidir”,-deyə Milli Məclisin deputatı əlavə edib.