Modern.az

Xankəndidə Azərbaycan bayrağının ucaldılması tarixi ədalətin təntənəsidir

Xankəndidə Azərbaycan bayrağının ucaldılması tarixi ədalətin təntənəsidir

17 Oktyabr 2023, 11:12

 Azərbaycan xalqı İlham Əliyevi Prezident seçməklə, həm də, Heydər Əliyevə, onun siyasi kursuna sadiqliyini nümayiş etdirdi. Bu, xalqımızın Ümummilli Liderə sevgisinin və sonsuz inamının bir daha təsdiqi oldu. Prezident kimi fəaliyyətə başlayan İlham Əliyev də andiçmə mərasimində ona göstərilən etimada görə xalqa minnətdarlığını bildirdi, Heydər Əliyev siyasətinə sadiq qalacağını bir daha bəyan etdi: «Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün, ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm». Prezident İlham Əliyev xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirdi. Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirildi, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndi və 30 ilin torpaq həsrətinə son qoyularaq ərazi bütövlüyümüz bərpa edildi. 
Xankəndidə, Ağdərədə, Əsgəranda, Xocalıda Azərbaycan bayrağının ucaldılması tarixi ədalətin təntənəsidir.

 

Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov bildirib.

 

K.Bayramov qeyd edib ki, dövlət başçısının həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olunmasının ən başlıca səbəbidir:

 

"Prezident İlham Əliyevin  müsahibələrində də qeyd etdiyi kimi,  ordumuz faktiki olaraq yenidən quruldu: «Bu gün ordumuzun potensialı bütün dünyanın gözü önündədir. İnkişaf etmiş bəzi ölkələrin hərbi mütəxəssisləri də artıq bizim təcrübəmizi öyrənirlər. Əminəm ki, bu təcrübə kitablarda da, tədqiqatlarda da əksini tapacaq.»   Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında olduğunu 44 gündə təsdiqlədi. 44 günlük müharibə Azərbaycan torpaqlarının uzun müddət davam edən işğalına son qoydu.  Oktyabrın 15-də Prezidentimizin bu torpaqlara səfəri, üçrəngli bayrağımızı tarixi torpaqlarımızda yüksəltməsi bir daha göstərdi ki, Azərbaycanın, onun Müzəffər Ali Baş Komandanının zəfəri tam və mübahisəsizdir. Baş verənlər bir daha sübut etdi ki, Prezident İlham Əliyev həqiqətən də nəyi, nə zaman etmək lazım gəldiyini yaxşı bilir. Dövlət başçımızın Xankəndi şəhərində Azərbaycan xalqına müraciətində qeyd etdiyi kimi, bu gün Azərbaycan Silahlı Qüvvələri istənilən vəzifəni şərəflə yerinə yetirə bilər və biz bunu döyüş meydanında sübut etdik, həm üç il bundan əvvəl Vətən müharibəsi dövründə, cəmi 44 gün ərzində düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdik, eyni zamanda, keçən ay cəmi 23 saat davam edən antiterror tədbirləri bizim gücümüzü göstərdi və yenə də düşmən ağ bayraq qaldıraraq təslim oldu".

 

Deputat diqqətə çatdırıb ki, Vətən müharibəsindən sonra Azərbaycana riyakar münasibət bəsləyən, qısqanc yanaşan dövlətlər də artıq məcbur olaraq ölkəmizin ortaya qoyduğu mövqeyi ilə hesablaşırlar:

 

"Bu mövqe beynəlxalq hüquqa və Azərbaycanın suverenliyinə, milli maraqlarına əsaslanır. Ölkəmizin milli maraqlarından bir addım geri çəkilməyəcəyini, artıq, dünyada qəbul edirlər. Dövlət başçımızın qeyd etdiyi kimi, bu gün Xankəndidəyik, Xankəndinin mərkəzindəyik, Azərbaycan Gerbi, Azərbaycan Bayrağı altında... Bu, böyük xoşbəxtlikdir və tarixi hadisədir. Bu Qələbə bizim tariximizdə əbədi olacaq. Bizdən sonra gələn nəsillər bu Qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcəklər".

 

K.Bayramov əlavə edib ki, Azərbaycan xalqı və dövləti  heç vaxt müharibə istəmirdi, çünki müharibənin yaratdığı faciələri, dəhşətləri bütün ağırlığı ilə yaşamışdı:

 

"Dövlət başçımızın dediyi kimi, on yeddi il ərzində mən şəxsən mənasız və nəticəsiz danışıqlarda dəfələrlə iştirak etmişəm. Nə üçün? Çünki hesab edirdim ki, bu məsələ sülh yolu ilə həll olunmalıdır. Ancaq, getdikcə ümidlər azalırdı. Ermənistanın işğalçı siyasətini bir daha təhlil edərək tam əminliklə bu gün deyə bilərəm ki, onlar bir qarış torpaq belə bizə qaytarmaq fikrində deyildilər. Əfsuslar olsun ki, bu məsələ ilə məşğul olmuş vasitəçilər faktiki olaraq münaqişəni dondurmaq istəyirdilər, münaqişəni əbədi etmək istəyirdilər. İstəyirdilər ki, bu yara heç vaxt sağalmasın. Əlbəttə ki, biz heç vaxt işğalla barışmadıq.

 

Ali Baş Komandanımızın həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olunmasının ən başlıca səbəbidir. Bu gün ordumuzun potensialı bütün dünyanın gözü önündədir. İnkişaf etmiş bəzi ölkələrin hərbi mütəxəssisləri də artıq ölkəmizin təcrübəsini  öyrənirlər. Prezident İlham Əliyevin  qeyd etdiyi kimi,  burada özünü “xarici işlər naziri” adlandırmış bir separatçı o vaxt belə kinayə ilə deyirdi ki, Azərbaycan Bayrağını Xankəndidə qaldırmaq istəyirsə, səfirlik açsın bizim ölkəmizdə. İndi onun da çayı orada, təcridxanada verilir. Bizim Bayrağımız isə bax, oradadır. Bu, dərs olmalıdır onlara. Əfsuslar olsun ki, mənim 20 il bundan əvvəl dediyim və ondan sonra dəfələrlə təkrar etdiyim sözlər onlara çatmadı. Onlar hesab edirdilər ki, bu, sadəcə olaraq, sözdür. Xeyr, mən nəyi demişəmsə, onu da etmişəm, bunu hər kəs bilir, o cümlədən, Ermənistanda da bunu bilirlər və bunu unutmasınlar. Vətən müharibəsini unutmasınlar! Antiterror tədbirlərini unutmasınlar!"

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI