Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyev oktyabrın 15-də antiterror tədbirləri ilə azad edilən Xankəndidə səfərdə olub. Prezident burada dövlət bayrağını ucaldıb.
Bu hadisədən sonra Azərbaycanın 23 partiyası birgə Prezidentə müraciət edərək, onu təbrik ediblər. Ancaq partiyaların birgə müraciətinə Azərbaycan Xalq Cəbhəsi və Müsavat Partiyaları qoşulmayıb.
Məsələ ilə bağlı Modern.az-a danışan Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa belə partiyaların gələcəkdəki proseslərdə özlərini göstərə bilməyəcəyini deyib:
"Ümumiyyətlə, bir neçə praktikada təsdiqini tapdı ki, siyasi korafəhmlik göstərən qruplar artıq siyasətdə hər hansı söz sahibi olmaq imkanını itirirlər. Bu gün məsələlərdə standart mexaniki bir davranışı vərdiş olaraq təkrarlamaq onlara heç bir halda nüfuz və ya divident gətirmir. Yəni bu siyasi savadsızlığın nümunəsidir. Bütün xalqın vahid şəkildə Qarabağın azad olunması, bayrağımızın Xankəndidə ucaldılması məsələsini ciddi milli birlik havasında qeyd etdiyi bir zamanda hansısa siyasətçi özünü bundan ayırmaq istəyirsə, özünü bunun iştirakçısı olaraq görmürsə, o, ümumiyyətlə gələcəkdəki siyasi proseslərdə özünü görməyəcək. Çünki proses ona doğru gedir. Gələcəyimizin qurulmasına yönəlik "mən hamıyla bir yerdə deyiləm, ayrıca cığırla gedirəm" deyənlərin əksəriyyəti ana yola gəlib çıxa bilməyəcək. Həmən partiyaların məsələyə yanaşmasını da bu cür qiymətləndirə bilərik".
Milli Məclisin deputatı Hikmət Babaoğlu vurğulayıb ki, bu gün Azərbaycan xalqı öz dövlətçilik tarixinin çox əlamətdar hadisəsini yaşamaqdadır:
"Çünki son yüz ildə ilk dəfədir ki, Azərbaycan dövləti öz konstitusion quruluşunu hər qarış ərazisində bərpa edib. Xankəndidə bayrağının dalğalandırılmasına nail olub. Bu qüruru, sevinci və zəfəri təmin edən liderlə həmrəylik nümayiş etdirməyən siyasi partiyalar,deməli, Azərbaycan xalqının yanında deyillər. Azərbaycan xalqının ümumilli zəfərinə, sevincinə qoşulmaq istəmirlər. Belə olan halda əslində onlar özlərini Azərbaycandakı siyasi sistemdən və siyasi proseslərdən təcrid etmiş olurlar. Bu xalqla ortaq sevinci bölüşməyən heç bir siyasi partiya yaşaya bilməz. Xalqımız dövlətçilik şüuruna malikdir. Xalqımız bunu öz yadında saxlayır və seçki prosesində də belə davranan siyasi partiyaları cəzalandırır və cəzalandıracaq".
H.Babaoğlu bu siyasi partiyaların yeni siyasi mühitə adaptasiya olmalı olduğunu qeyd edib:
"Müasir dövrdə siyasi sistemimizdə yeni keyfiyyət dəyişiklikləri baş verir. Dövlətçilik tariximizdə yeni mərhələyə keçirik. Ərazi bütövlüyümüzün tam və qəti şəkildə bərpa olunması mərhələsindəyik. Bu prosesdə həmən partiyalar Azərbaycan siyasi sisteminin inkişafı qarşısında tormozlayıcı rol oynayırlar. Bu isə indiki tarixi şəraitdə bizə lazım deyil. Həmin partiyaların liderləri ya yeni tələblərə adaptasiya olmalıdırlar, ya da siyasi sistemi tərk etməlidirlər. Bu, siyasi sistemimizin inkişafının yolunu açmaq baxımından vacibdir".
Milli Məclisin deputatı Vüqar İskəndərov bu münasibətin düşmənlik olduğunu söyləyib:
"Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar ölkə Prezidenti İlham Əliyevə Xankəndiyə bayraq sancaması və suverenliyimizin tamamilə bərpa olunması münasibətilə müraciət ünvanlayıb. Onu təbrik ediblər. Yenə də Azərbaycan Xalq Cəbhəsi Partiyası ilə Müsavat Partiyaları həmən təbrikə qoşulmayıblar. Biz bu münasibəti əvvəl də görmüşük. Bu barədə dəfələrlə fikir söyləmişik. Əvvəla dövlətə və dövlətçiliyə müxalifət olmur. Müxalifət iqtidarda olan partiyaya qarşı olur. Bu münasibət müxalifət etmək deyil. Konkret düşmənlikdir. Təbii ki, bu partiyaların ümumiyyətlə, anlaşılmaz, qeyri-siyasi davranışıdır. Bunu artıq uzun müddətdir ki, sərgiləyirlər. Hər şeyi qara görən, Azərbaycanın uğurlarına sevinməyən, əksinə uğurlarda nələrsə axtaran, kimə və nəyə xidmət etdiyi bilinməyən bu münasibət yalnız onların saylarının azalmasını, siyasi proseslərə yanaşmalarına görə qınayanların sayını artırır".
Deputat bunun siyasi baxımdan qeyri-əxlaqi olduğunu düşünür:
"Artıq bu partiyalardan kifayət qədər istefaların şahidi olmuşuq. Kifayət qədər üzvlərin partiyadan kənarlaşmasının şahidi olmuşuq. Bütün bunlar partiyalar bugünkü Azərbaycan dövlətçiliyinin uğura irəliləməsini, Azərbaycanın dünya ölkələri sırasında önəmli mövqe tutmasını gözü götürməməsi onların dövlətimizə düşmənliyini əks etdirir. Bu yüz illərlə Azərbaycan insanına yuxu kimi gələn böyük qələbəsidir. Dİnindən, mənşəyindən asılı olmayaraq hər bir azərbaycanlı bu qələbəllərimizlə, uöurlarımızla və mövqeyimizlə yalnız qürur duymalıdır. Burada hansısa bir siyasi məna axtarmaq yolverilməzdir. Bu mövqe siyasi manipulayasiyadır. Siyasi əxalqdan kənar haldır. Məsələyə bu nöqteyi-nəzərdən baxsaq, bu iki partiya mövqeyləri ilə yalnız bir daha öz xislətlərini açıb göstərmiş oldular. Bu böyük qələbə münasibətilə demək olar ki, bütün siyasi partiyaların cənab Prezidenti təbrik etməsi, xalqla birlikdə olması , bu uğurla fəxr etmələri təbiidir. Biz əlbəttə ki, dövlətimiz, xalqımız və Ali Baş Komandanımızla fəxr edirik. Əhalimizin mütləq əksəriyyəti bugünkü prosesləri çox sevinc və qürurla izləyir. Hər bir kəs azərbaycanlı olmağı ilə fəxr edir".
Milli Məclisin deputatı Azər Badamov bildirib ki, Xanəkəndində dövlət bayrağımızı ucaltdığına görə vətənini sevən hər bir azərbaycanlı Prezidentə minnətdar olmalıdır:
“Ona görə ki, məhz Prezident İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı işğaldan azad edərək dövlət suverenliyini bərpa edə bilmişik. Bu əlamətdar hadisə münasibətilə ölkə ictimaiyyətinin nümayəndələri ölkə başçımızı təbriklər edir və minnətdarlıqlarını ifadə edirlər. O cümlədən ölkəmizdə fəaliyyət göstərən 23 siyasi partiya həmrəylik nümayiş etdirərək ölkə başçımıza Xankəndində bayrağımızın ucaldılması münasibətilə təbrik və dəstəyini ifadə edib. Amma üç siyasi patriya bu təşəbbüsə qoşulmayıb. Təşəbbüsə qoşulmayan siyasi partiyalar əslində ölkənin suverenliyinə olan münasibətini ifadə etmiş oldular. Çünki dövlətin taleyüklü məsələlərin həll olunmasında siyasi baxışları kənara qoyaraq hamı birləşməli və həmrəylik nümayiş etdirməlidir”.
Deputat bu partiyaların təbrikə qoşulmamasını onların hadisədən məyus olmaları ilə izah edib:
“Təəssüf ki, özlərini siyasi partiya adlandıraraq dövlətdən və ölkənin gələcəyindən danışıan bu şəxləri əslində xalqın gələcəyini düşündürmür və onlar üçün əsas məsələ müəyyən maraqlar müqabilində xaricin sifarişlərinin icrasıdır. Onlar siyasi partiyaların bu təşəbbüsünə qoşulmamaqla Xankəndidə bayrağımızın ucaldılmasına məyus olduqlarını ifadə etmiş oldular”.