“Bir neçə gün öncə Britaniya Parlamentində Dayanıqlı İnkişaf Məqsədlərinə dair müzakirələrdə Partlayıcı Qurğulardan Qaynaqlanan Təhdidlər üzrə parlament qrupunun sədri Metyu Offord çıxış edərək Britaniya hökumətini Azərbaycanın humanitar minatəmizləmənin BMT tərəfindən 18-ci Dayanıqlı İnkişaf Məqsədi elan edilməsi ilə bağlı təşəbbüsünə dəstək verməyə çağırış edib”.
Bunu Modern.az-a açıqlamasında Azərbaycan-Böyük Britaniya parlamentlərarası işçi qrupunun rəhbəri Soltan Məmmədov bildirib.
O bildirib ki, hazırda Azərbaycan-Böyük Britaniya parlamentlərarası işçi qrupu və Böyük Britaniya İcmalar Palatasının Azərbaycanla parlamentlərarası dostluq qrupu arasında müxtəlif formatda təmaslar davam etdirilir:
“Yaxın vaxtlarda Britaniyalı deputatların Azərbaycana növbəti səfərinin təşkili ilə bağlı müzakirərlər aparılır. Ümumiyyətlə, iki ölkənin paralamentləarası dostluq qrupları arasında sıx əməkdaşlıq mövcuddur. İkitərəfli əlaqələrin müxtəlif aspektlərinin inkişafına dair çoxsaylı ideyalar və təkliflər ətrafında müzakirələr aparılır. Əsas məqsəd ondan ibarətdir ki, parlamenarilər arasında əlaqələr, təmaslar, müzakirələr ümumilikdə ikitərəfli münasibətlərin inkişafına töhfə verməyə xidmət etsin.
Qeyd edim ki, Böyük Britaniya İcmalar Palatasının Azərbaycanla parlamentlərarası dostluq qrupu 44 günlük Vətən Müharibəsi ərəfəsində Azərbaycanın haqlı mövqeyini fəal şəkildə dəstəkləyib. 2021-ci ilin noyabr ayında Böyük Britaniya İcmalar Palatasının Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Bob Bləkmənin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfər edib. Səfər çərçivəsində nümayəndə heyəti bir sıra rəsmi görüşlər keçirib, eyni zamanda işğaldan azad olunmuş ərazilərdə (Füzuli və Şuşa) olub.
2021-ci ilin 8 dekabr tarixində Bob Bləkmən tərəfindən ilkin qanunvericilik təşəbbüsü irəli sürülüb. Təşəbbüsdə 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın tam icra edilməsi, dəqiq mina xəritələrinin təhvil verilməsi, 4 minə yaxın itkin düşmüş azərbaycanlı haqqında məlumatların təqdim edilməsi, regional nəqliyyat və kommunikasiya əlaqələrinin bərpası, BK şirkətlərinin işğaldan azad edilmiş ərazilərin bərpasında iştirakı kimi məsələlər öz əksini tapıb.
Bundan başqa, 2022-ci ilin iyul ayında BK Parlamenti İcmalar Palatasının spikerinin dəvəti əsasında Milli Məclisin sədri Sahibə Qafarova Britaniyaya rəsmi səfər edib. Səfər çərçivəsində S.Qafarova BK Parlamentin İcmalar Palatasının spikeri Ser Lindsi Hoyl, Lordlar Palatasının spikeri Lord Makfol, BK Parlamentinin Azərbaycan Qrupunun rəhbəri və üzvləri və digər rəsmi şəxslərlə görüşlər keçirib.
2022-ci ilin sentabrında Böyük Britaniya İcmalar Palatasının Azərbaycanla parlamentlərarası dostluq qrupu Ermənistanın Azərbaycanın suveren ərazisinə qəddar hücumlarına etiraz ifadə edən xüsusi bəyanatla çıxış edib.
2023-cü ilin aprelində Bob Bləkmənin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olub. Səfər çəçivəsində Milli Məclisin sədri Sahibə Qafarova, Azərbaycan-Böyük Britaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə görüşlər keçirilib. Nümayəndə heyəti üzvləri işğaldan azad olunmuş Ağdam şəhərində Ermənistanın işğal zamanı törətdiyi vandalizmi öz gözləri ilə görüblər, eyni zamanda minatəmizləmə əməliyyatlarını müşahidə ediblər.
2023-cü ilin may ayında Britaniya Parlamentinin İcmalar Palatasında Xarici işlər naziri Ceyms Kleverli və Avropa regionu üzrə dövlət naziri Leo Dokertinin iştirakı ilə keçirilmiş müzakirələrdə Azərbaycanla Dostluq Qrupunun dostluq qrupunun üzvləri də fəal şəkildə iştirak edərək, Azərbaycanın Britaniya üçün geosiyasi baxımdan önəmli müttəfiq olduğunu qeyd ediblər.
Böyük Britaniya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri Bob Bləkmən parlamentlərarası əlaqələrin inkişafına və dövlətlərarası münasibətlərin genişləndirilməsi işinə verdiyi töhfələrə görə Azərbaycan Respublikası Milli Məclisinin Fəxri medalı ilə təltif olunub”.
Deputat Azərbaycan-Fransa parlamentlərarası işçi qrupunun fəaliyyətinin dayandırmasına da aydınlıq gətirib:
“Azərbaycan-Fransa parlamentlərarası işçi qrupu formalaşdıqdan sonra Fransa-Azərbaycan Dostluq Qrupunun üzvləri ilə müxtəlif formatlı görüşlər keçirilib.
2020-ci ildə Vətən müharibəsindən sonra Azərbaycana səfər edən ilk xarici ölkə parlamentinin nümayəndələri məhz Milli Assambleyanın Fransa-Azərbaycan Dostluq Qrupunun üzvləri olub. 2020-ci ilin noyabrında və 2021-ci ilin iyulunda Fransa Milli Assambleyasının üzvlərinin ölkəmizə səfərləri təşkil olunub. Bu səfərlər zamanı rəsmi şəxslərlə görüşlər keçirilib, nümayəndə heyətinin üzvləri işğaldan azad olunmuş ərazilərdə olublar.
2023-cü ilin iyun ayında Fransa Milli Assambleyasında yeni formalaşmış Fransa-Azərbaycan Dostluq Qrupunun üzvləri ilə parlamentlərarası əlaqələrin müxtəlif aspektlərinin müzakirəsi üçün Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri bu ölkəyə səfər edib.
Bu ilin sentyabr ayınadək iki ölkənin parlamentlərarası dostluq qrupları arasında müxtəlif görüşlər keçirlib, yazışmalar, telefon əlaqələri davam edib. Lakin 2023-cü ilin sentyabr ayının sonunda Fransa Milli Assambleyasında Fransa-Azərbaycan dostluq qrupu fəaliyyətini dayandırdıqdan sonra Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupu Fransa tərəfindən müvafiq addımlar atılanadək öz fəaliyyətini və Fransa-Azərbaycan dostluq qrupu ilə əlaqələrini müvəqqəti olaraq dayandırıb”.