Bələdiyyələrin hüquqi statusunun qanun baxımından da müəyyənləşdirilməsi öz əksini ilk dəfə məhz Ümummilli lider Heydər Əliyevin fəaliyyəti dövründə-12 noyabr 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında tapdı. Dövlətçilik tarixinə mühüm hadisə kimi daxil olan bu tarixi gündən sonra, 1999-cu ilin dekabrında ilk bələdiyyə seçkilərinin keçirilməsi ilə bu institut formalaşmağa başladı - bələdiyyələrin hüquqi bazasını formalaşdıran normativ aktlar qəbul edilməyə başladı. Bu aktlarda bələdiyyələrin bir qurum olaraq hüquqi statuslarının müəyyən olunması, onların fəaliyyətinin əsasları, statusu və digər məqamlar öz əks olunmuşdu.
Lakin bir çoxları yerli özünüidarəetmə orqanlarının fəaliyyətindən narazıdır və onun təkmilləşdirilməsinə ciddi ehtiyac olduğunu düşünür. Bu sahədə bir sıra ciddi nöqsanlar mövcuddur. Bu nöqsanları müxtəlif səbəblər yaradıb. Bəzən bələdiyyələrin idarəetməsindəki rəhbər şəxslərin səriştəsizliyi, bir çox hallarda isə bələdiyyələrin səmərəli fəaliyyətinə maneə olan maliyyə resurslarının çatışmazlığı və s.
Son günlər yeni referendumun keçiriləcəyi ilə bağlı məsələ yenidən gündəmə gətirilib. Bir sıra ictimai şəxslər, eləcə də bəzi deputatlar buna ehtiyac olduğunu düşünür.
Dəyişikliklərə ehtiyac olan sahələrdən biri kimi bələdiyyə orqanlarını da göstərirlər. Ekspertlər bələdiyyələrin səlahiyyətlərinin çox zəif olduğunu düşünür. Bildirilir ki, yerli icra hakimiyyətlərində və digər qurumlarda olan bir sıra səlahiyyətlər bələdiyyələrə verilərək dövlətin yükünü azaltmaq mümkündür.
Maraqlıdır, bələdiyyələrə dövlətin yükünü azaltmaq üçün hansı səlahiyyətlər verilə bilər?
Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev bələdiyyələrin mövcud səlahiyyətlərindən lazımınca istifadə etmədiklərini bildirib:
“Bələdiyyələrin bu gün kifayət qədər səlahiyyətləri var. Ancaq ölkə inkişaf edirsə, vətəndaşların sosial rifahının yüksəldilməsinə diqqət, qayğı artırılırsa, sözsüz ki, bələdiyyələrə də müəyyən qədər səlahiyyətlər verilməlidir. Onların hüquqları genişləndirilməlidir. Artıq belə inkişaf sayəsində onlar da bir iş görməlidir. Lakin lazımi səlahiyyətlər bu gün bələdiyyələrə verilib. Düşünürəm ki, verilən səlahiyyətlərdən səmərəli istifadə etsələr, qarşıya qoyulan vəzifələr və tələblər yerinə yetirilə bilər. Əksər bələdiyyələr hələ onlara verilən səlahiyyətlərdən lazımınca istifadə edə bilmirlər. Bələdiyyələrin əmlak və torpaq vergisi yığmaq səlahiyyətləri var. Bələdiyyələrin əlavə istehsal sahələri yaratmaq imkanı var. Bələdiyyələrin bağçalar açmaq, özəl xidmət göstərmək, müəyyən turizm tədbirləri həyata keçirmək imkanı var. Baxaq, bələdiyyələr bu imkanlardan necə yararlanırlar. İmkanı olan bələdiyyələr xidmətlərdən öz maliyyə vəsaitlərini artırmaq üçün istifadə edə bilmirlər. Çünki təşəbbüs yoxdur. Mərkəzdənkənar müəssisələr yaradıla bilərsə, islahatlar keçirilə bilərsə, turist maşrutları tətbiq oluna bilərsə, bələdiyyələrin heç biri bu imkanlardan yararlana bilmir. Çünki bununla əlaqədar yollar aranıb, axtarılmır. Bu gün ölkədə bağçalara ehtiyac var. Hansısa bələdiyyə özəl bağça açıbmı? Uşaqlar hazırlıq kurslarına gedirlər. Bələdiyyə ərazisində belə bir kurs aça bilməzlər? Eyni zamanda bələdiyyə öz ərazisində bazar aça bilər. Biz bu gün ərzaq çatışmazlığından, xüsusilə də, kənd təsərrüfatı məhsullarının bahalaşmasından söhbət açırıq. Bələdiyyə öz ərazisində rayonarla, kənd adamları elə niyə bir bazar açmasın?. Bu mümkündür. Maşını da, imkanı da var. Bu həm də rayondan gələn adamlar üçün çətin olmaz. Həmin rayonda kənd bələdiyyəsi ilə əlaqə saxlayıb, meyvə, göy-göyərti gətirib həftədə bir dəfə bazarda satsın və qazanc əldə etsin”.
Deputat vurğulayıb ki, bələdiyyələr elə çıxış edirlər ki, guya bunlara dövlətin borcu var:
“Səlahiyyət istəyirlər. Səlahiyyəti nədə görürlər, bunlara vəzifə verilməlidir? Bugün kənd təsərrüfatının inkişafı ilə əlaqədar bələdiyyələrə çox böyük imkanlar yaradıla bilər. Bələdiyyə hansısa sahibkarla müqavilə bağlayıb, özü rəhbərlik etməklə pambıq, taxıl və yem istehsalında imkanlarını ortaya qoysun və gəlir əldə etsin. İstəyirlər ki, elə səlahiyyət verilsin. Bu gün bələdiyyələr elə çıxış edirlər ki, guya dövlət bunlara borcludur. Ancaq dövlət bunları təmin etməlidir və bunlar da ondan bəhrələnməlidir. Bəs sən dövlətə nə verirsən? Sosial-iqtisadi məsələlərin həllinə yardımçı olmalısan. Sən bu gün pambıq becərən, taxıl əkən, heyvandarlıqla məşğul olan insanların yanında deyilsənsə, onlara yardım etməsən sənin fəaliyyətin görünməyəcək. Bələdiyyə torpaqlarını ucuz qiymətə icarəyə verirsən. Ondansa, müştərək təsərrüfat yarat və gəlir əldə et. Həmin gəlirdən də kəndin yollarının çəkilməsinə, kütləvi tədbirlərin keçirilməsinə xərclə. Təşəbbüs yoxdur”.
Milli Məclisin Regional məsələlər komitəsinin digər bir üzvü Aqil Məmmədov bələdiyyələrin səlahiyyətlərinin artırılmasına ehtiyac duyulduğunu vurğulayıb:
"Bu məsələdə müzakirələr gedir. Bələdiyyələrin fəaliyyəti yeniliyin olması, onların fəaliyyət dairəsinin genişləndirilməsi, bəzi hallarda dövlətin yükünün azaldılması götür-qoy olunmalıdır. Hansı vəzifələrin icra edilib edilə bilməyəcəyi müzakirə olunmalıdır. Bələdiyyələrin səlahiyyətlərinin artırılmasına ehtiyac duyulur. Mən də onun tərəfdarıyam ki, bəzi yüklər dövlətin üzərindən götürülüb, bələdiyyələrin üzərinə qoyulsun".
Deputat hansı səlahiyyətlərin tamamilə bələdiyyələrin ixtiyarına verilməli olduğundan da danışıb:
"Adicə kommunal xidməti sahəsini götürək. Xidmətlərlə bağlı gecikmələr olarsa, hansı tədbirlərin görülməsi ilə bağlı səlahiyyətlər də bələdiyyələrə verilməlidir. Bələdiyyələrə hər hansı torpaq sahələrini paylayan qurum kimi baxılır. Lakin bu belə deyil".
Turqay Musayev
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu" mövzusunda dərc olunub.