Ermənistan ermənilərin Qarabağdan könüllü getməsini dünya ictimaiyyətinə "etnik təmizləmə" kimi sırımağa çalışır. Həm erməni diasporu, həm də Ermənistan hakimiyyəti müxtəlif platformalarda Azərbayana qarşı ağır təbliğat kampaniyası aparır.
Azərbaycan diasporu və diplomatları erməni təbliğarının qarşısını almaq, onunla mübarizə aparmaq üçün ciddi fəaliyyət göstərir. BMT və bəzi beynəlxalq təşkilatlar ermənilərin "etnik təmizləmə" iddialarını təkzib edib. Hətta ötən gün Böyük Britaniyanın Avropa üzrə dövlət naziri Leo Dokerti də Şotlandiyadan olan ermənipərəst deputata Qarabağda baş verənlərin "etnik təmizləmə" adlandırıla bilməyəcəyini deyib.
Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Elman Məmmədov bildirib ki, ermənilər qısa müddətdə öz etdiklərini Azərbaycanın adına yazmaq istəyirlər:
“Ermənilər olduqca həyasız toplumdur. Bunlar bütün dünyaya hay-haray salıblar ki, Azərbaycan Qarabağdakı ermənilərə qarşı etnik təmizləmə aparıb. Buna görə də Azərbaycana qarşı sanksiya tətbiq olunmalıdır. Bu tələblərin isə heç bir hüquqi, qanuni, mənəvi əsası yoxdur. 1988-ci ildən 1993-cü ilə qədər Ermənistan dövlətinin Azərbaycana qarşı apardığı müharibə zamanı həm bu ölkədən, həm də Azərbaycanın öz ərazisindən bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə salındı. Ermənistan bu günə qədər həmin insanlara təzminat ödəməyib. İşğal altında qalan əraziləri talayıblar, yeraltı və yerüstü sərvətlər daşınıb. Ermənilər buna görə də təzminat ödəməyiblər. Azərbaycan xalqına qarşı Xocalı və digər ərazilərdə törətdikləri soyqırımına görə də hər hansı təzminat ermənilər tərəfindən ödənilməyib. Ermənilər gör, necə həyasızdırlar ki, bu qısa dövr ərzində öz etdiklərini ört-basdır etməyə çalışırlar. Öz xoşları ilə Qarabağı tərk edən ermənilərə görə "etnik təmizləmə"dən bəhs edirlər. İndi 90-cı illərin əvvəllərindəki Azərbaycan yoxdur. Jurnalistlər, televiziyalar, nəzarət şəbəkələri Laçın sərhəd məntəqəsində ermənilərdən soruşdular ki, “siz nəyə görə Qarabağı tərk edirsiniz? Axı, sizin təhlükəsizliyinizə burada təminat verilir”. Prezident İlham Əliyev dinc insanların Qarabağda qala biləcəyini və onların təhlükəsizliklərinin təmin ediləcəyini söyləyib. Bütün ermənilər dedilər ki, "Azərbaycan tərəfindən bizi heç kəs getməyə məcbur etməyib.Özümüzünkülər bizə çıxın gedin dedilər". Belə olan halda hansı təzminatdan, "etnik təmizləmə"dən söhbət gedə bilər? Azərbaycan bu məsələlərdə özünü müdafiə etmək üçün kifayət qədər sübutlara malikdir”.
Deputat Fransanın erməniləri buna təhrik etdiyini söyləyib:
"Ermənistandan çox ermənilik edən Makron və onun rəhbərlik etdiyi dövlət qurumlar erməniləri təhrik edir. Avropa Parlamenti və digər bir sıra təsisatlar Fransanın təsiri altındadır. Fransa belə "etnik təmizləmə"dən danışırsa, birinci öz tarixinə və bu gününə nəzər salsın. 21-ci əsrdə Fransa müstəmləkəçiklə məşğuldur. Kolonyalizmlə məşğuldur. Afrikanın bir neçə dövləti hələ də Fransanın müstəmləkəsi sayılır. Fransa buna görə utansın. Biz sülhün, tərəfarıyıq. Bu kampaniya da ötəridir".
E.Məmmədov Azərbaycanla Ermənistanın Qarabağda fərqli davrandığını xatırladıb:
"44 günlük müharibə dövründə Azərbaycan hansı əraziləri düşməndən, işğaldan təmizlədisə, orada heç bir şeyə zərər verilmədi. Bu gün həmin ərazilərdə çox böyük quruculuq işləri gedir. Bir günlük antiterror əməliyyatı zamanı heç bir mülki obyekt, mülki insan zərər görmədi. 19-20 oktyabr tarixində azad edilən Xankəndi və digər ərazilərimzidə artıq bərpa-quruculuq işlərinə başlanılıb. Rabitə, energetika, su sistemi, yol və sair infrasatukturu qurulur"
Milli Məclisin digər bir deputatı Nəsib Məhəməliyev bütün dünyanın ermənilərin "etnik təmizləmə" yalanına inanmadığını və ermənilərin bundan ibrət götürməli olduğunu vurğulayıb:
"Ermənistan əvvəldən mövcud vəziyyətdən dərs çıxarmalıydı. Etnik təmizləmə anlayışı artıq keçməyəcək. Çünki Qarabağın erməni əhalisinin Azərbaycanı tərk etməsinə BMT və digər beynəlxalq təşkilatlardan müşahidəçilər nəzarət edirdi. Onların gəldiyi yekun qərar belə oldu ki, Azərbaycan hakimiyyəti və dövləti ermənilərin ərazidən çıxarılmasına heç bir təzyiq göstərməyib. Vurğulandı ki, onların həyatları üçün heç bir təhdid yaranmayıb. Əksinə Azərbaycan dövləti həm sərhəddə, həm də bundan qabaq Qarabağın erməni əhalisinə, dəfələrlə, müraciət edib. Deyilib ki, "siz öz yerinizdə qala bilərsiniz. Sizi heç kəs Qarabağı tərk etməyə məcbur etmir". Müsahibələrin çoxunda ermənilər separatçıların onlara ərazini tərk etmək barədə tapşırıq verdiyini dedilər".
Deputat erməni hökumətinin ikili davranmasından da danışıb:
"Dünən də təəssüflər olsun ki, Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın "Azərbaycan etnik təmizləmə aparır" deməsi bir daha onun təmsil etdiyi hökumətin rəhbərliyindən fərqli davrandığını göstərir. Əslində bu riyakarlığını göstəricisidir. Çünki Ermənistan Baş naziri Nikol Paşinyan özü etnik təmizləmənin, zorakılıq hallarının olmadığını etiraf etmişdi. Görünür, Ararat Mirzoyan Fransa Prezidenti Emmanuel Makronun göstərişləri əsasında fikirlərinə dəyişikliklər edir. Ermənistandan daha çox ermənilik edən Fransa siyasi establişmenti həyasızcasına sözügedən fikri ictimai şüura yeritmək istəyir".
N.Məhəməliyev deyir ki, BMT-də bu məsələyə öz münasibətini bildirib:
"Artıq qatar gedib. Ən yüksək instasiya BMT-dir. Nəticə etibarilə BMT TŞ-yə məsələni yenidən çıxara bilərlər. Hesab edirəm ki, bu zaman da əvvəlki cəhdlərində olduğu kimi uğursuzluğa düçar olacaqlar. Sadəcə olaraq ermənilər başlarını itiriblər. Bilmirlər Makronun tapşırıqlarını, yoxsa daşnak milliyyətçilərinin fikirlərini yerinə yetirsinlər. Ermənistan dövlət olmaqdan çıxıb. Ermənistanı idarə edənlər ikili oynayır. Bu gün Azərbaycanla sülh imzalanacağını deyir, sabah tamam fərqli mənzərə yaranır. Eyni çıxışda təzadlı fikirlər səsləndirilir. Bu da Ermənistandakı daxili ictimai-siyasi vəziyyəti yaxşı büruzə verir. Hesab edirəm ki, Ermənistanın bu həyasızlığı və canfəşanlığı heç bir effekt verməyəcək. Ermənistandakı bəzi mətbuat orqanları da hər hansı etnik təmizləmədən söhbət getmədiyini etiraf edib. Buna görə də, məsələ artıq öz həllini tapıb. Yaxşı olar ki, ermənilər yaranmış vəziyyətdən yararlansınlar. Barışıq mövqeeyi tutsunlar".