Xarici arbitraj məhkəmələrinin qərarlarının hansı halda tanınacağı və icra ediləcəyi məlum olub.
Modern.az xəbər verir ki, bu, bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Arbitraj haqqında” yeni qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, çıxarıldığı ölkədən asılı olmayaraq, xarici arbitraj məhkəməsinin qərarı məcburi hüquqi qüvvəyə malikdir və səlahiyyətli məhkəməyə yazılı ərizə verildikdə bu Qanunun müddəaları nəzərə alınmaqla icra ediləcək.
Arbitraj qərarına əsaslanan və ya onun icra edilməsinə dair ərizə verən tərəf arbitraj qərarını və ya onun notariat qaydasında və ya daimi arbitraj təşkilatı tərəfindən təsdiq edilmiş surətini, həmçinin, arbitraj sazişinin əslini və ya onun notariat qaydasında və ya daimi arbitraj təşkilatı tərəfindən təsdiq edilmiş surətini, yaxud bu mümkün olmadıqda, arbitraj sazişinin bağlandığını təsdiqləyən hər hansı sənədi təqdim etməlidir.
Əgər arbitraj qərarı və ya arbitraj sazişi xarici dildədirsə, tərəf bu sənədlərin notariat qaydasında təsdiq edilmiş Azərbaycan dilinə tərcüməsini təqdim etməlidir.