Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazanmaqla suverenliyini, ərazi bütövlüyünü bərpa edib. Müstəqil Azərbaycan dövlətinin özünün ərazi bütövlüyünü təmin etmək üçün Qarabağda apardığı və uğurla başa çatdırdığı antiterror tədbirləri Azərbaycan Respublikasının Konstitusiyasına və beynəlxalq hüquq normalarına tam uyğundur. Bu gün Azərbaycanın qonşu ölkələrlə münasibətlərinin tənzimlənməsində heç bir dövlətin vasitəçiliyinə ehtiyacı yoxdur. Vasitəçilik etmək həvəsinə düşənlər unutmamalıdırlar ki, 30 il ərzində ən qüdrətli dövlətlərin və nüfuzlu beynəlxalq təşkilatların tənzimləyə bilmədikləri Ermənistan-Azərbaycan münaqişəsini Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz cəmi 44 gün ərzində həll etdi. Son günlərdə bəzi Qərb dövlətləri Ermənistanın siyasi manipulyasiyalarına uyaraq, yalançı şoularına inanaraq, Azərbaycan haqqında əsası olmayan bəyanatlar verir, həqiqətə uyğun olmayan fikirlər səsləndirirlər. Bu istiqamətdə Fransa, Belçika və Kanada daha çox canfəşanlıq edir. Hər zaman ermənipərəst mövqe sərgiləyən Fransanı hardasa başa düşmək olur. Amma, Belçikanın və Kanadanın rəsmi şəxslərinin İrəvana səfərlər edərək ermənilərin uydurmalarına haqq qazandırmaları, Azərbaycan həqiqətlərini görməzdən gəlmələri yolverilməzdir.
Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov Modern.az-a açıqlamasında bildirib.
K.Bayramov qeyd edib ki, Kanadanın xarici işlər naziri Melani Jolinin Ermənistana səfəri zamanı yenidən Azərbaycana qarşı əsassız ittihamlar səsləndirməsi, Bakını sanksiyalarla hədələməsi ikrah doğurur:
"30 il ərzində Ermənistanı Azərbaycan ərazilərinin işğalına son qoymağa bir çağırış belə etməyən Kanadanın Azərbaycanı «deportasiya»da ittiham etməsi ikili standartların bariz nümunəsidir. Kanada yarandığı gündən indiyədək müstəqil xarici siyasəti olmayan marionet bir dövlətdir, onun missiyası Vaşinqtondan gələn göstərişləri icra etməkdir. Qeyd edək ki, Kanada ilə Amerikanın hər hansı bir ştatı arasında yeganə fərq ondadır ki, ştat qubernatorlarının daha çox səlahiyyəti var, nəinki Kanada hökumətinin. Ştat qubernatorları belə, bəzən Vaşinqtondan fərqli mövqe tuta bilərlər, Kanadanın heç belə səlahiyyəti də yoxdur. Ona görə də yerli aborigen xalqların soyqırımı nəticəsində yaradılmış Kanada hansısa ölkələri entik dözümsüzlükdə ittiham edə biləcək sonuncu dövlətdir. Bu ölkə Azərbaycanın yaratdığı yeni reallıqda nəinki söz sahibi ola bilər, ümumiyyətlə, rəy bildirmək haqqına da malik deyil”.
Deputat diqqətə çatdırıb ki, yerli xalqları məhv etmiş, saxta ittihamlarla Əfqanıstanı və İraqı işğal edib bu xalqlara çoxsaylı müsibətlər yaşatmış ABŞ, Avstraliya, Fransa, Kanada törətdikləri ədalətsizliklərə görə məsuliyyət daşıyırlar. Bu ölkələrin Azərbaycana “öyüd-nəsihət” vermək üçün heç bir mənəvi və siyasi əsasları yoxdur.
Deputat Kanada XİN başçısının səsləndirdiyi cəfəng fikirlərin nazirin adi coğrafi biliklərinin belə olmadığını göstərdiyini deyib:
"Əks halda o, Azərbaycanın əhəmiyyətini anlayardı. Bu gün Kanada özünün uran ehtiyacını Mərkəzi Asiya ölkələri vasitəsilə təmin edir. Uran hava yolu ilə daşına bilməz, ona görə uranı ya Çin, ya Azərbaycan üzərindən Kanadaya aparmaq mümkündür. Çinin buna razılıq verməsi mümkün deyil, odur ki, Kanada bu məsələdə Azərbaycandan asılıdır. Azərbaycan istənilən vaxt bu ixracı dayandıra bilər və dayandırmalıdır. Kanada şirkətlərinin Azərbaycanda fəaliyyəti də məhdudlaşdırılmalıdır. Bu gün Azərbaycanın nə Kanadaya, nə də onun şirkətlərinə ehtiyacı yoxdur".