Azərbaycanda referendum keçiriləcəyi və siyasi sistemdə bir sıra dəyişikliklərin olacağı barədə iddialar yayılıb. Hakimiyyət nümayəndələri müxtəlif kanallarla referendumun keçiriləcəyi barədə xəbərləri təkzib etsə də, müzakirələr səngimir.
Referendumda dəyişiklik ediləcəyi iddia edilən məsələlərdən biri də parlamentlə bağlıdır. İddia edilir ki, tərkibi genişləndirilən parlament ikipalatalı olacaq. Bəzi ekspertlər də ikipalatalı parlamentə keçilməsi ilə bağlı təkliflər irəli sürürlər.
Bəzi ölkələrin qanunverici orqanları yuxarı və aşağı olmaqla iki palatadan ibarət olur. Parlamentin palataları tərkibinə, formalaşma qaydasına, səlahiyyətlərinə görə fərqlənir. Adətən qanunlar əvvəlcə aşağı palata tərəfindən qəbul edilir, sonra təsdiq üçün yuxarı palataya təqdim olunur. Yuxarı palata üzvlərinin adətən qanun layihəsinə dəyişiklik etmək hüququ yoxdur, onların vəzifəsi qanunu qəbul və ya rədd etməkdir. Praktikada bu qayda aşağı palatanın daha güclü olmasına səbəb olur, çünki hər bir qanun layihəsinin formalaşması məhz aşağı palatada baş verir. Bundan əlavə, hökumət adətən aşağı palataya hesabat verir.
ABŞ-da Senat və ABŞ Nümayəndələr Palatası, Böyük Britaniyada İcmalar Palatası və Lordlar Palatası, Rusiyada Dövlət Duması və Federasiya Şurası, Almaniyada Bundestaq və Bundesrat adlı ikipalatlı parlament mövcuddur.
Bəs Azərbaycanda ikipalatalı sistemə keçilməsinə ehtiyac varmı?
Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Tahir Rzayev ikipalatalı parlamentə keçidlə bağlı təkliflərin xeyli vaxtdır ki, gündəmdə olduğunu bildirib:
“Sözsüz ki, biz demokratik ölkədə yaşayırqsa, belə fikirlərin irəli sürülməsi, təkliflərin verilməsi təbiidir. Hər bir insanın bilavasitə borcudur. Ancaq hər dövrün tələbi və reallıqları var. Doğrudan da, belə bir tələb olarsa, dövr ikipalatalı parlamentə keçidi zəruri edərsə, bu, ölkə prezidentinin səlahiyyətləri çərçivəsində müəyyən qanunvericiliyə uyğun halda həyata keçirilə bilər".
T.Rzayev ikipalatalı sistemə keçidə ehtiyac olmadığını düşünür:
"Hesab edirəm ki, Parlament bu gün öz funksiyalarını yerinə yetirə bilirsə və mövcud reallıqları, dövlət siyasətini eləcə də əhalinin təkliflərini, istəklərini özündə ehtiva edib, üzərinə düşən vəzifələri yerinə yetirə bilirsə,onun dəyişilməsinə ehtiyac yoxdur. Çünki Azərbayca Parlamenti son illərdə xalq arasında, istərsə də beynəlxalq aləmdə öz nüfuzunu qoruyub, saxlayıb və irəliyə doğru uğurlu addımlar atıb. Parlament rəhbərliyinin bir çox xarici səfərləri, keçirilən tədbirlər yeni qanunlar qəbul edilməsi və insanlar arasında geniş təbliğ edilməsidir. Belə fikirlər söylənə bilər, ancaq əsaslandırılması vacibdir”.
Milli Məclisin digər bir deputatı Azər Badamov da ikipalatalı sistemə keçidin zəruri olmadığını düşünür:
"Parlament forması konstitusiyada öz əksini tapıb. Konstitusiyada birpalatalı sistem nəzərdə tutulub. İkipalatalı sistemə keçid üçün referanduma ehtiyac var. Azərbaycan o qədər böyük ölkə deyil ki, ikipalatalı parlament sisteminə ehtiyac duyulsun. Birpalatalı sistemdə kifayət qədər təmsilçilik hüququ var. Bütün ölkəni əhatə etmək mümkündür. Ona görə də ikipalatalı sistemə keçidi vacib hesab etmirəm. Amma hər şeyi zaman göstərəcək".
Azər Badamov referendum keçirilməsi ilə bağlı rəsmi heç bir məlumatın verilmədiyini vurğulayıb:
“Ona görə də bu məsələ ilə bağlı nəsə demək hələlik doğru olmazdı. Referendumla bağlı heç bir məlumatımız yoxdur. Əgər referanduma ehtiyac olarsa, cənab prezident sərəncam imzalayacaq və referendum keçirilməsi üçün tarix müəyyənləşdirəcək. Hamının da bundan məlumatı olacaq".