Antiterror tədbirlərindən sonra ölkəmiz qarşısında yeni çağırışlar yaranıb. Bu çağırışlar müdafiə və təhlükəsizlik sahəsini də əhatə edir.
Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov parlamentdə büdcə müzakirələri zamanı deyib.
O deyib ki, müdafiə və hüquq-mühafizə orqanlarında şəxsi heyətin tam komplektləşdirilməsi, həmin orqanların müvafiq texniki təminatının daha da yaxşılaşdırılması, azad olunan ərazilərdə müdafiə və hüquq-mühafizə orqanlarının müvafiq xidmətlərinin təşkili ilə bağlı vəsait gələn ilin dövlət büdcəsində nəzərə alınıb.
Komitə sədri qeyd edib ki, ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin gücləndirilməsi üçün gələn ilin büdcəsində 6,4 milyard manat vəsait ayrılacaq, bu da bu illə müqayisədə 366 milyon manat, yəni 6 % çoxdur.