Modern.az

Deputat: “Gələn ildən Azərbaycanda icbari tibbi sığorta icra olunacaq”

Deputat: “Gələn ildən Azərbaycanda icbari tibbi sığorta icra olunacaq”

3 Sentyabr 2013, 14:59

1999-cu il oktyabrın 28-də Prezident “Tibbi sığorta haqqında” sərəncam imzalayıb. Qanunun qəbulundan xeyli vaxt keçməsinə baxmayaraq, dövlət orqanlarında belə sığorta olunan şəxslər çox azdı.

Modern.az-a açıqlamasında tibb eksperti Adil Qeybulla bildirib ki, sərəncamın uzun illər əvvəl imzalanmasına baxmayaraq, qanun hələ də qüvvəyə minməyib. “Bu, ilk növbədə doğuş və təxirə salınmaz yardıma şamil olunmalıdır”. Tibbi sığorta sahəsinə tibbi sığorta fondlarının nəzarət etməli olduğunu bildirən ekspert Adil Qeybulla Azərbaycanda tibbi sığorta sahəsindəki passivliyi bir neçə səbəblə əlaqələndirib.
“Tibb sahəsində sığortalamaya tibbi sığorta fondları nəzarət edir. Belə fondların konkret təyinatı olmalıdır ki, ora gələn vəsaitlərin də konkret təyinatı olsun. Sığortalama sahəsindəki problemlərin səbəbi çoxdur. Əsas səbəb səhiyyə sahəsində islahatların ləngiməsidir. Səhiyyə sahəsində mülkiyyət formalarının dəqiq müəyyən olunmamağı və onlar arasındakı münasibətlər sisteminin tam formalaşmamağı da ciddi problemdir. Digər problem maaşların az olması ilə bağlıdır. Maaş yüksək olmalıdır ki, oradan ayrılan sığorta ayırmaları vətəndaşın büdcəsinə ciddi təsir göstərməsin”
  Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev isə tezliklə bu sahədə əməli addımların atılacağını bildirib.
“Növbəti ildən Azərbaycanda icbari tibbi sığortaya başlanılacaqdır”.

Millət vəkili bu sahədə ləngimənin əsas iki səbəbini açıqlayıb: “İlk növbədə, səhiyyə müəssisələrinin işi sistemli qurulmamışdı. 2005-ci ildən səhiyyə sahəsinə böyük maliyyə vəsaitləri ayrıldıqdan sonra yeni səhiyyə sistemi formalaşmağa başladı. Səhiyyənin kadr təminatı yaxşılaşır, elektron səhiyyə sistemi formalaşır. Ona görə səhiyyə islahatları tam başa çatmayıb. İkinci bir səbəb isə Azərbaycanın sığorta sisteminin inkişaf etməməyidir. Ölkənin bütün regionlarını əhatə edən, vətəndaşların səhiyyə xərclərini qarşılaya bilən, vətəndaş-səhiyyə arasında maliyyə əlaqəsini yarada biləcək yetkin sığorta şəbəkəsinin olması vacibdir”.

Musa Quliyev dövlətin özəl sığorta şirkətlərinə üstünlük verdiyini və sığorta bazarında 5 belə şirkətin fəaliyyət göstərdiyin bildirib.  

Vüqar İsmayılov
 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...