Gələn ilin dövlət büdcəsi əsas olaraq üç istiqamətdə formalaşıb. Belə ki, ilk olaraq müdafiə və təhlükəsizlik sahəsinə dövlət büdcəsindən 25% vəsait ayrılıb. Bundan başqa 3 il ərzində, yəni bu ilin sonuna kimi ümumilikdə 12 milyard manata yaxın vəsaitin azad olunmuş ərazilərin bərpasına xərclənməsi nəzərdə tutulub.Bu, olduqca böyük rəqəmdir.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında "2024-cü ilin dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deputat Musa Quliyev bildirib.
“Sosial xərclər də dövlət büdcəsində gələn il üçün artırılıb. Belə ki, gələn ilin dövlət büdcəsindən 43% vəsait sosial xərclərə ayrılıb. Bundan başqa deyə bilərəm ki, xalqı narahat edən məsələlərdən olan infliyasiya da artıq tənzimlənmiş sistemdədir”.
Deputat iclas zamanı bir neçə təklif də irəli sürüb.
“Hərbi xidməti başa vurmuş hərbçilərin ixtisaslaşmış Reabilitasiya Mərkəzləri ehtiyac var. Onların psixoloji vəziyyətinin yaxşılaşdırılması və s. üçün bu vacibdir. Xahiş edərdim ki, dövlət qurumları bu təklifi diqqətdə saxlasınlar. Digər tərəfdən özəl idman zallarında uşaqlar üçün müəyyən güzəştlərin olması vacibdir. Belə ki, burada ən azı 50% olaraq güzəşt edilərək, bu vəsait dövlət büdcəsindən vəsait ödənilə bilər”.