“Qeyd etmək istədiyim məsələlərdən biri bələdiyyələrin maliyyələşdirilməsi və onların maliyyə imkanlarının artırılması ilə bağlıdır. Bu məsələləri qaldırmağa məni vadar edən səbəb isə gələn il bələdiyyə seçkilərinin keçirilməsidir".
Modern.az xəbər verir ki, bu fikirləri deputat Kamran Bayramov parlamentin plenar iclasında 2024-cü ilin dövlət büdcəsinin müzakirəsi zamanı bildirib.
O qeyd edib ki, növbəti bələdiyyə seçkilərində əhalinin iştirakını stimullarından amillərdən biri də məhz bələdiyyələrin dayanıqlı maliyyəyə malik olmasıdır.
"Sevindirici haldır ki, dövlət büdcəsi layihəsində bələdiyyələrə veriləcək dotasiyaların həcmində artım müşahidə olunur, buna görə də Maliyyə Nazirliyinə təşəkkürümü bildirmək istərdim. Eyni zamanda, bu gün bələdiyyələrin maliyyə baxımından inkişafını əngəlləyən çətinliklər də mövcuddur və həmin çətinliklərin kökündə də əsasən iki məsələ durur: sənədsiz evlərin sənədləşdirilməsi və bələdiyyə torpaqları üzərində mülkiyyət sənədlərinin və xəritələrin hazırlanması proseslərinin ləngiməsidir”. - deputat vurğulayıb.
Kamran Bayramov xatırladıb ki, hal-hazırda ölkə üzrə yüz minlərlə sənədsiz ev mövcuddur.
"Hələ 2011-ci ilin mart ayında prezident rəsmi icazə olmadan tikilmiş evlərin sənədləşdirilməsi ilə bağlı hökumətə xüsusi tapşırıq verib və onun icrası istiqamətində müəyyən işlər də görülüb. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna 2015-ci ildə edilmiş dəyişikliklə sənədsiz evlərin qeydiyyatı asanlaşdırılıb, prezidentin 2015-ci və 2019-cu illərdə imzaladığı müvafiq Fərmanlara əsasən 200 minə yaxın fərdi yaşayış evi və mənzil sənədləşdirilib. Ötən ilin aprel ayında isə cənab Prezidentin imzaladığı Fərmanlara əsasən əvvəllər hüquqmüəyyənedici sənəd hesab olunmayan bir sıra sənədlər hüquqların qeydiyyatı üçün əsaslar sırasına daxil edilib, təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə dövlət vəsaiti hesabına inşa edilmiş yeni yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının mənzillərinin sənədləşdirilməsi nəzərdə tutulub. Bu fərmanların icrası, şübhəsiz ki, ölkədə sənədsiz evlərin sayının azaldılmasına xidmət edəcək. Eyni zamanda, 2019-cu ildən etibarən İqtisadiyyat Nazirliyi tərəfindən sənədsiz tikililərin inventarlaşdırılması həyata keçirilib və pandemiyanın başlandığı dövrədək ölkədə 240 minə yaxın sənədsiz ev və mənzil invertarlaşdırılıb. Lakin təəssüf ki, pandemiya ucbatından və digər səbəblərdən inventarlaşma prosesi ləngiyib. Qeyd etmək lazımdır ki, eyni ləngimə bələdiyyə torpaqları üzərində mülkiyyət sənədlərinin və xəritələrin hazırlanması prosesində də yaşanır. Düşünürəm ki, hər iki prosesin canlandırılması bir çox problemlərin həllinə səbəb olacaq - həm vətəndaşların əmlakları üzərində sərəncam vermək hüququnu təmin edəcək, həm ölkənin daşınmaz əmlak bazarını canlandıracaq, bələdiyyələrin yığdığı fiziki şəxslərin torpaq və əmlak vergiləri üzrə vergitutma bazasını genişləndirəcək, yerli büdcələrə və dövlət büdcəsinə daxil olan vəsaitlərin həcmini əhəmiyyətli dərəcədə artıracaqdır. Bununla əlaqədar, sənədsiz evlərin sənədləşdirilməsi və bələdiyyə torpaqları üzərində mülkiyyət sənədlərinin və xəritələrin hazırlanması işinin sürətləndirilməsi məqsədilə 2024-cü il dövlət büdcəsində İqtisadiyyat Nazirliyinə ayrılması nəzərdə tutulan vəsaitin artırılmasını təklif etmək istərdim”, - deyə deputat qeyd edib.