“İşsizlikdən Sığorta Fondunun gəlirlərinin 179,98 milyon manatı, yaxud 75,6%-i işsizlikdən sığorta haqları üzrə yığımın, 57,95 milyon manatı, yaxud 24,4%-i isə cari ilin sonuna qədər istifadə olunmamış vəsait hesabına formalaşacaqdır. Sığorta haqları üzrə yığımın 74,8%-i qeyri-büdcə sektorunun payına düşəcəkdir.
Gələn ildə işsizlikdən sığorta fondunun xərcləri 13 istiqaməti əhatə edəcəkdir. Xərclərin 30,7%-i özünüməşğulluq tədbirlərinin, 23,1%-i məşğulluq xidməti orqanının saxlanmasının, 18,9%-i sosial sahədə xidmətlərin əmək haqqının müştərək ödənilməsinin, 14,7%-i peşə hazırlığı və əlavə təhsilin təşkili xərclərinin maliyyələşməsinə yönəldiləcəkdir”.
Modern.az xəbər verir ki, bunu Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev "İşsizlikdən Sığorta Fondunun 2024-cü il Büdcə layihəsi"nin müzakirəsi zamanı deyib.
“Gələn il işsizliyə görə sığorta ödənişi almaq hüququ olan şəxslərin dairəsinin genişlənməsi, o cümlədən, torpaq payı olan vətəndaşlar üçün belə hüququn yaradılması, sığorta stajı barədə tələbin yumşaldılması, yeni xitam əsasının yaradılması və s. yeniliklərin tətbiq edilməsi işsizliyə görə sığorta ödənişi xərc maddəsinin dairəsinin 30%-ə qədər artmasını nəzərdə tutur.
Cari illə müqayisədə 2024-cü ildə işsizliyə görə sığorta ödənişləri xərclərinin 4 milyon manat, yaxud 26,6 %, peşə hazırlığı və əlavə təhsilin təşkili xərclərinin 13 milyon manat, yaxud 37%, sosial iş yerlərində işçilərin əmək haqlarının bir hissəsinin ödənilməsi xərclərinin 2 milyon manat, yaxud 50% artırılması, özünüməşğulluq tədbirlərinin maliyyələşdirilməsi xərclərinin 14,5 milyon manat, yaxud 16,6% azaldılması nəzərdə tutulur. Özünüməşğulluq tədbirlərinin maliyyələşdirilməsi xərclərinin azaldılması peşə hazırlığı və əlavə təhsilin təşkilinə daha çox önəm verilməsi ilə bağlıdır”,- deyə komitə sədri bildirib.