Modern.az

Parlament jurnalistləri payızda Milli Məclisdən hansı qanunların qəbul edilməsini istəyirlər? - CAVABLAR

Parlament jurnalistləri payızda Milli Məclisdən hansı qanunların qəbul edilməsini istəyirlər? - CAVABLAR

7 Sentyabr 2013, 10:52


Milli Məclisin payız sessiyasında komitələrin iclası sentyabrın 15-dən, plenar iclaslar isə sentyabrın 30-dan başlayacaq. Artıq payız sessiyasında parlamentdə hansı məsələlərin müzakirə olunacağı barədə də mediada bəzi informasiyalar gedib. Bəs parlament jurnalistləri Milli Məclisin payız sessiyasında hansı məsələlərin müzakirə edilməsini və hansı qanun layihələrinin qəbul edilməsini istəyərdilər?

Modern.az parlament jurnalistlərindən münasibət öyrənməyə çalışıb.

“Lent.az”ın əməkdaşı Ramiz Cürənov bildirib ki, “Elm siyasəti haqqında” və “Ali təhsil haqqında” qanun layihələrinin qəbul olunmasını istərdi. “Çünki sözügedən qanunların qəbulu cəmiyyətdə bu sahədə olan anlaşılmazlıqların aradan qaldırılmasına səbəb olacaq. Cəmiyyəti daha çox bunlar maraqlandırır”.

“Novosti-Azərbaycan” İnformasiya Agentliyinin əməkdaşı Mürtəza Bünyadov: “İstəyimizdən asılı olmayaraq, Milli Məclisin payız sessiyasında müzakirə olunacaq məsələlərin gündəliyi artıq layihə formasında hazırdır. Amma təbii ki, payız sessiyasında Rəqabət Məcəlləsi, “Elm siyasəti haqqında” qanun layihəsi və ictimaiyyət üçün əhəmiyyətli olan bir sıra qanunların qəbul edilməsini istərdik”.

“Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Paşasoy isə ilk növbədə payız sessiyasında deputatların əvvəlki illərə nisbətən daha aktiv fəaliyyət göstərəcəyini gözləyir.
“2013 seçki ili olduğu üçün passiv deputatların da hərəkətə gələcəyi istisna deyil və ictimaiyyət üçün əhəmiyyətli layihələrlə çıxış edəcəklər. Payız sessiyasında ipoteka kreditləri, xüsusilə gənc ailələrinin mənzil probleminin həlli üçün ipotekanın sadələşdirilməsi məsələsinin həlli istiqamətində ciddi addımlar atılacağını gözləyirəm. İcazəsiz tikililərin sənədləşdirilməsi ilə bağlı parlamentdə nəhayət ki, müzakirələrin olacağını güman edirəm. Daha sonra işğal edilmiş ərazilərlə bağlı qanun layihəsi və tütün məhsullarından ictimai yerlərdə istifadə edilməsini qadağan edən qanun layihəsinin qəbulunu gözləyirəm”.

“Şərq” qəzetinin əməkdaşı Anar Bayramoğlu bildirib ki, Milli Məclisin payız sessiyasında yaz sessiyasından qalan qanun layihələrinə baxılacaq. Lakin o, Azərbaycanda uzun müddətdir müzakirəsi gözlənilən “Diffamasiya haqqında” qanun layihəsinin Milli Məclisin payız sessiyasının gündəliyinə daxil edilməsi və qəbul olunmasını arzulayanlardandır.
““Siqaret çəkmənin məhdudlaşdırılması haqqında” qanun layihəsi də qəbul olunmalıdır. Amma bildiyimə görə, payız sessiyasında bu məsələ müzakirəyə çıxarılmayacaq. Halbuki, belə bir qanunu qəbul etmək lazımdır. Həmçinin günün əsas problemlərindən biri “qanunsuz tikili” adlandırılan evlərin sənədləşdirilməsi məsələsidir. Vətəndaşlar bu sarıdan çox əziyyət çəkirlər. Düzdür, bununla bağlı qanun var. Amma həmin qanuna əlavə və dəyişikliklər müzakirə edilib, qəbul olunsa, daha yaxşıdır. Qəbulunu gözləyən qanunların sayı çoxdur. Mən sadəcə ən əsaslarını deməyə çalışdım. Bir məsələ də var ki, Azərbaycanda qanunlar nəzərdə tutulduğu kimi işləmir. Dünya standartlarına cavab verən qanun layihələri olur ki, qəbul edilir. Amma işləmə mexanizmində problemlər var. Məncə, qanunu qəbul edərkən onun mexanizmləri də formalaşdırılmalıdır, icrasına nəzarət edilməlidir”.

“Yeni Azərbaycan” qəzetinin əməkdaşı Nardar Bayramlı hesab edir ki, parlamentin müzakirəyə çıxardığı bütün qanunlar vacibdir. “Payız sessiyalarında adətən, növbəti ilin büdcə zərfi geniş  müzakirə olunur. Yəqin ki, bu dəfə də belə olacaq. Amma hansısa qanunla bağlı elə bir istəyim yoxdur”.

Modern.az-ın əməkdaşı Elşad Eyvazlı bildirib ki, payız sessiyasında təhsillə bağlı sənədlərin müzakirəsinə böyük ehtiyac var. “Xüsusilə ali təhsil, elm siyasəti, orta məktəblərlə bağlı layihələr müzakirəyə çıxarılsa, təhsil sahəsində dəyişiklər olar. Məmurların gəlirlərinin deklarasiyası məsələsi də çox vacibdir. Məncə, bununla bağlı da layihə müzakirəyə çıxarılmalıdır. Bundan əlavə, jurnalistlərin sosial müdafiəsi ilə bağlı bəzi qanunvericilik aktlarına dəyişikliklərin tərəfdarıyam. Bununla bağlı Milli Məclisin Sosial siyasət komitəsinin üzvləri ilə də PJB olaraq müzakirələr aparmışıq. Seçkilərdən sonra bu məsələni geniş müzakirə edəcəyik. Qanunvericiliklə bağlı Milli Məclis üzərinə düşən işi yerinə yetirir. Sadəcə icra qurumları bu məsələdə öhdəliklərinə əməl etmirlər. Ona görə də bəzən cəmiyyətdə belə fikirlər səslənir ki, qəbul edilən qanunların işlək mexanizmi olmayacaq. Buna görə də çox yaxşı olardı ki, qanunların icrasına nəzarət məsələsi parlamentin səlahiyyətinə verilsin. Biz jurnalistikada qarşılaşdığımız məsələləri diqqətə çatdırırıq”.

“Üç nöqtə” qəzetinin əməkdaşı Elməddin Muradlı siqaret əleyhinə qanunun qəbul olunmasını istəyir. “Bunu çox vacib sayıram. Rəqabət Məcəlləsi və reproduktiv sağlamlıqla bağlı qanun layihələri də gündəmdə olan məsələlərdir ki, onların da qəbul edilməsinə ümid edirəm”.

“Gün.az” saytının əməkdaşı Kamil Həmzəoğlunun fikrincə, payız sessiyası bütün ölkələrdə büdcə sessiyası kimi qəbul olunur-burada daha çox növbəti ilin büdcəsilə bağlı müzakirələr aparılır və bu, haradasa iki ay çəkir.
“Ona görə bu sessiyada digər sənədlərin müzakirəsi bir o qədər də yer almır. Bu baxımdan hesab edirəm ki, növbəti ilin büdcəsi ən azı 50 faiz artırılmalı-yəni, hardasa, 35-40 milyard dollar civarında olmalıdır. Büdcə artımları da daha aztəminatlı təbəqələrlə bağlı olmalıdır. Həmçinin istərdim ki, bu sessiyada ən azı komitələr səviyyəsində sosial ipoteka, gənc ailələrin sosial müdafiəsi, ərzaq təhlükəsizliyi ilə bağlı qanun layihələri müzakirəyə çıxarılsın və plenar iclaslara tövsiyə edilsin. Həmçinin Vahid Əhmədovla Əli Məsimlinin zəhmət çəkib hazırladıqları təhsil kreditləri ilə bağlı qanun layihəsi nəhayət, plenar iclasın müzakirələrindən keçirilib qəbul olunsun. Bununla yanaşı icbari tibbi sığortanın icrası ilə bağlı parlament rəhbərliyi və millət vəkilləri israrlı mövqe sərgiləsinlər və bu məsələnin həllinə nail olsunlar!”.

“Kaspi” qəzetinin əməkdaşı İlham Quliyev hesab edir ki, ölkədə qanunvericilik bazası tam formalaşıb. “Fikirləşəndə ağla gələn ilk qanun layihəsi ali təhsil və elm siyasəti ilə bağlı iki sənəd olur. Bu qanun layihələri uzun müddətdir hazırlanır, amma müzakirəyə çıxarılmır ki, çıxarılmır. Bundan əlavə qanunlara bəzi əlavə və dəyişikliklərin edilməsi də yaxşı olardı. Məsələn, magistrlərə hərbi xidmətlə bağlı möhlətin verilməsi barədə qərarın qəbul edilməsi çox yaxşı olardı”.

“Olaylar” İnformasiya Agentliyinin əməkdaşı Alim Hüseynli bildirib ki, Milli Məclisin payız sessiyasında "İpoteka krediti haqqında" və "Təhsil haqqında" qanunlara yenidən baxılması yaxşı olardı. “Çünki bu sahələrdə çoxsaylı problemlər və çətinliklər mövcuddur. Həmçinin Rəqabət Məcəlləsi və "Pasientlərin hüquqlarının müdafiəsi haqında" Qanunun qəbulunu arzulayıram . Nəzərə almaq lazımdır ki, bu qanunların qəbulu ilə nisbətən də olsa haqsız rəqabət aradan qaldırıla bilər, vətəndaşların müalicə və müayinəsi üçün qarant yarana bilər. Bir də ki, təhsil krediti haqqında qanunun qəbulu gənclər üçün müjdə olardı. Qanunsuz mənzillərin qeydiyyatı ilə bağlı qanunun qəbulu isə cəmiyyətdə mövcud olan narahatçılığa son qoya bilər”.

“Trend” İnformasiya Agentliyinin əməkdaşı Murad Əliyev parlamentin payız sessiyasında daha çox sosial yönümlü qanun layihələrinin qəbul olunmasını arzulayır. “Cəmiyyətin daha çox maraqlandığı məsələ ipoteka kreditlerinə gözlənilən dəyişikliklərdir. İpoteka ilə bağlı qanuna dəyişikliklərlə bağlı təkliflər xeyli vaxt bundan qabaq açıqlanıb, lakin Milli Məclisdə müzakirəyə çıxarılması yubanır”.

“Mediaforum” saytının əməkdaşı İmdad Əlizadə vurğulayıb ki, payız sessiyasında Milli Məclis Azərbaycanın demokratikləşməsi, azad cəmiyyətə çevrilməsi, korrupsiyaya qarşı mübarizə, vətəndaşların hüquqlarının qorunması, insanların sosial durumunun yaxşılaşdırılması kimi məsələlərə xüsusi diqqət ayırmalıdır. “Təhsil kreditləri, ali təhsil, Azərbaycanın işğal olunmuş əraziləri haqqında qanunların, Rəqabət Məcəlləsinin qəbuluna ehtiyac var. Bundan başqa son illərdə siyasi və ictimai fəaliyyət sahəsinə aid olan qanunlara, o cümlədən sərbəst toplaşmaq haqda qanuna xeyli əlavə və dəyişikliklər edilib, cəzalar sərtləşdirilib, qanunlara yeni qadağalar gətirilib. Ona görə də bu qanunlarda dəyişiklik edilməsinə, qadağaların aradan qaldırılmasına ehtiyac var”.

“Ekspress” qəzetinin əməkdaşı Aqil Aslan Milli Məclisin payız sessiyasında rüşvətxorluğa qarşı məsələnin müzakirə olunmasını istəyir. “Başa düşsünlər ki, rüşvət olan bir ölkədə haqq-ədalət olmur. Parlament çalışmalıdır ki, ölkədə məmurlardan, hakimlərdən tutmuş, müəllimə, təqaüdçüyə qədər hamının əmək haqları, pensiyası yuxarı qaldırılsın ki, rüşvətə, hüquqpozmalara, ədalətsiz qərarlara yol verilməsin. Bundan əlavə, payız sessiyasında istərdim ki, "Təhsil kreditləri" haqqında qanun qəbul olunsun. Valideynlər uşaqlarını ödənişli əsaslarla oxuda bilmirlər. Bu il təhsil haqları daha da yuxarı qaldırılıb. Əslində bu özü də anormal bir haldır. Ona görə də, heç olmasa qeyd etdiyim qanun layihəsi qəbul olunarsa, hər kəs sıxıntı çəkmədən təhsil ala bilər”.

Jurnalist Milli Məclisin payız sessiyasında müzakirə olunması istədiyi məsələlərdən biri "Pasientin hüquqlarının müdafiəsi haqqında" qanundur. “Bilirsiniz ki, Azərbaycan səhiyyə sistemi çox bərbad vəziyyətdədir. Hər gün yüzlərlə xəstənin hüquqları pozulur, amma həkimlər məsuliyyətə cəlb olunmur. Şəxsən mən özüm əksər həkimlərin necə səhlənkar, savadsız olduğunun şahidiyəm. Həkim səhvi ucbatından özüm və yaxınlarım çox əziyyət çəkib. Bir sözlə, bu sahədə vəziyyət çox gərgindir. Əgər belə bir qanun qəbul olunarsa və qanun işlək vəziyyətə gətirilərsə, o zaman yəqin ki, həkimlər öz məsuliyyətini dərk edərlər”.

Aytən ƏLİYEVA

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...