“Hər il “Dünya Bankı” tərəfindən 190 fəaliyyət istiqamətini əhatə edən və işləyən qadınların əmək münasibətləri ilə bağlı formalaşmış normaların tətbiq səviyyəsi göstəricilərini ehtiva edən “Qadınlar, biznes və hüquq” hesabatı dərc edilir. Qeyd olunan hesabatda ölkələrdə ümumilikdə 8 göstərici üzrə 35 sual qiymətləndirilir. Hər göstərici üzrə orta bal hesablanaraq ümumi qiymət çıxarılır. Bu yanaşmaya əsasən Azərbaycanın nəticələri 100 baldan 78,8 baldır. Bu nəticə Avropa və Mərkəzi Asiya regionunun orta göstəricisindən (83,4) aşağıdır. Bu region üzrə ən yüksək nəticə Xorvatiya və Serbiyanın göstəriciləridir - 93,8 bal.
Qeyd edilən hesabatda ölkəmizin reytinqinin yüksəldilməsi məqsədilə Əmək Məcəlləsində qadınların məşğulluq imkanlarını məhdudlaşdıran normaların aradan qaldırılması, ölkə üzrə qadınların orta əmək haqqının kişilərin orta əmək haqqına nisbətinin yüksəldilməsi, işləyən uşaqlı qadınlara güzəştlərin müəyyən edilməsi və ya onlar üçün əlverişli əmək şəraitinin yaradılması, ailə vəzifələrinin əmək münasibətləri ilə qarşılıqlı inteqrasiyasının təmin edilməsi əsas prioritet olaraq nəzərdə tutulur”.
Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında deyib.
O bildirib ki, bu müsbət tendensiyaya düz bir il bundan əvvəl start verilib:
“Belə ki, 2022-ci ilin payız sessiyasında Əmək Məcəlləsinin 211-ci, 240-cı, 241-ci və 243-cü maddələrinə dəyişiklik edilmiş və əvvəlki qanunvericilikdə qadınların əməyi qadağan olunmuş 674 peşə, vəzifə və iş yeri sayı azaldılaraq 204 müəyyən edilmişdir.
Qeyd olunan hesabata əsasən ölkəmizdə “Qadınların əməkhaqqı ilə bağlı qanunlar” göstəricisi üzrə nəticələr də qənaətbəxş deyil. “Ödəmə” göstəricisi ilə bağlı daha yaxşı nəticələr əldə etmək üçün qadınların kişilərlə bərabər qaydada gecə işlərində işləməsinə icazə verən, qadınların kişilərlə bərabər təhlükəli hesab edilən iş yerlərində və ya sənaye sahəsində işləmələrinə icazə verən bərabər dəyərli əməyə görə bərabər əmək haqqı məsələlərinin təkmilləşməsi, eyni zamanda “N-HA haqqında” AR KQ-na müvafiq olaraq eyni terminlərin vahid şəkildə verilməsi məqsədilə Əmək Məcəlləsinə dəyişiklik edilməsi zərurəti yaranmış, qanun layihəsi də bu məqsədlə hazırlanmışdır. Layihə 98, 242 və s. maddələr üzrə gecə vaxtı, iş vaxtında artıq işə cəlb edilmə və ezamiyyəyə göndərilmə ilə bağlı qadınların hüquqlarını genişləndirir.
Dəyişiklikdə hamilə, 14 yaşınadək uşağı olan, həmçinin sağlamlıq imkanları məhdud uşağı olan qadınların kişilərlə bərabər qaydada gecə işlərində işləmələrinə, iş vaxtında artıq işə cəlb edilmələrinə və ezamiyyətə göndərilmələrinə onların yazılı razılığı ilə icazə veriləcəkdir.
Layihəyə edilən digər bir yenilik ondan ibarətdir ki, yuxarıda qeyd olunan qadınlarla bərabər, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilər də gecə vaxtı yerinə yetirilən işlərə yalnız onların yazılı razılığı ilə cəlb edilə bilərlər”.