"Amerika Birləşmiş Ştatları, eləcə də, Avropanın bir sıra dairələrinin ölkəmizə qarşı qərəzli mövqeyini hər zaman müşahidə edirik. Azərbaycanın ərazilərinin 20 faizini işğal altında saxladığı 30 il ərzində ABŞ bir dəfə də olsun Ermənistanı qınamayıb. Amma 1992-ci ildə Azərbaycana qarşı “Azadlığı Müdafiə Aktı”na ədalətsiz 907-ci düzəlişi qəbul edib. Bu da Ermənistanı işğalçılıq siyasətini davam etdirməyə daha da həvəsləndirib. Özünü tam şəkildə cəzasızlıq şəraitində hiss edən Ermənistan Azərbaycanın yeni ərazilərini işğal etmək niyyətində olduğunu da açıq şəkildə bəyan etməkdən çəkinmirdi. Cari ildə noyabrın 15-də ABŞ Konqresinin Nümayəndələr Palatasında “Dağlıq Qarabağın gələcəyi” mövzusunda dinləmələr keçirilib. Hər dəfə keçirilən dinləmələrdə ədalət və beynəlxalq hüquq prinsiplərinə ABŞ dövlətinin maraqları prizmasından yanaşmasını görürük. Bu dinləmələr ATƏT-in keçmiş Minsk qrupunun həmsədri kimi ABŞ-ın tarixi Zəfərimizi, ən əsası, uğurlarımızın əsasında dayanan müstəqil siyasətimizi qısqanclıqla qarşıladığının bir daha sübutu olub".
Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov Modern.az-a açıqlamasında bildirib.
K.Bayramov qeyd edib ki, Qarabağla bağlı qətnamələrin hazırlanmasında və qəbulunda iştirak edən ABŞ və Fransa istər 30 illik işğal, istər 44 günlük İkinci Qarabağ müharibəsi, istərsə də postmünaqişə dövründə bu sənədlərə zidd addımları ilə diqqətdə oldular:
"Yəni, onlar Ermənistana bu sənədlərdən irəli gələn vəzifələri icra etmək üçün təzyiqlər göstərmək əvəzinə, əksinə “demokratiyaya dəstək” adı altında arxa durdular. Xocalıda 613 nəfəri qəddarcasına öldürən, minlərlə insanı şikəst edən, bir milyondan artıq azərbaycanlını doğma yurd-yuvasından didərgin salan işğalçı, təcavüzkar ölkəyə dövlət səviyyəsində dəstək göstərilməsi yolverilməzdir. Dövlət başçısı İlham Əliyevin «Bəzi hallarda həqiqətlərə göz yumulur. Müəyyən dairələr öz siyasətini uydurulmuş faktlər, təhrif edilmiş tarix əsasında aparmağa davam edirlər. Bu ikili standartlar siyasətidir. İkili standartlar ədalətsizlik deməkdir. İşğalçı ilə işğalın qurbanını, necə deyərlər, bir səviyyədə görmək nə qədər ədalətlidir?!» - fikri beynəlxalq hüququn norma və prinsiplərini bütün ölkələrə eyni şəkildə tətbiq etməyən dövlətlərə tutarlı cavabdır".
Deputat diqqətə çatdırıb ki, ölkəmizin nə ABŞ, nə də onun Konqresi qarşısında heç bir öhdəliyi yoxdur:
"Azərbaycan heç bir dövlətin daxili işinə müdaxilə etmir və öz daxili işinə müdaxiləni də yolverilməz hesab edir. Konqres ABŞ-ın özünün günbəgün artan dövlət borcundan başlayaraq irqi ayrı-seçkilik, polis zorakılığı, kriminal hadisələrin baş alıb getməsi və digər çoxsaylı daxili problemləri ilə məşğul olsaydı daha düzgün olardı. Bu gün dünyanın müxtəlif bölgələrində baş verən siyasi kataklizmlərdə, müharibələrdə, dövlət çevrilişlərində, vətəndaş müharibələrində ABŞ-ın iştirakı göz önündədir. Uzun illər Əfqanıstanı işğal altında saxlayan ABŞ bu ölkədə heç bir abadlıq yaratmadı, əksinə bədbəxt etdi, bütün ölkəni narkotik plantasiyasına çevirdi. Son məlumatlara görə, ABŞ Əfqanıstanı tərk etdikdən sonra bu ölkədə narkotik plantasiyalarının həcmi 20 dəfədən çox azalıb. Bu gün erməni vandallarının işğaldan azad edilmiş ərazilərimizdə törətdikləri vəhşiliklər bu torpaqlara səfər edən hər kəsə bəllidir. Bu gün dünyada baş verən bütün savaşların ssenari müəllifi, məhz, Amerikadır. Erməni diasporunun təsiri ilə işğalçı Ermənistana növbəti dəstəyini nümayiş etdirən ABŞ Konqresinə bu addımı başucalığı gətirməyəcək. Çünki artıq Azərbaycan özünün ərazi bütövlüyünü, sərhəd bütövlüyünü və bütün ərazilərində konstitusiya quruluşunu tam bərpa etməklə, bölgədə separatizmin sonunu gətirməklə Qərbin iradəsi ziddinə yeni reallıq formalaşdırıb. Əslində yeni geosiyasi reallıq Cənubi Qafqazda sağlam marağı olan güclər üçün yeni imkanlar deməkdir, lakin görünən odur ki, Qərb Cənubi Qafqaza sağlam niyyətlə baxmır. Ermənistan özü başa düşməlidir ki, ABŞ-ın bu tip siyasi riyakarlıqlarla dolu addımları bölgədə sülhə, sabitliyə mane olmaqla əslində elə Ermənistanın özünün dövlətçiliyini təhdid edir".