Modern.az

Ən böyük ədalətsizlik qanun adı altında törədilən ədalətsizlikdir

Ən böyük ədalətsizlik qanun adı altında törədilən ədalətsizlikdir

Parlament

18 Noyabr 2023, 17:02

Noyabrın 15-də ABŞ Dövlət katibinin köməkçisi Ceyms O’Brayn tərəfindən Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin Avropa üzrə alt komitəsində dinləmələr zamanı səsləndirilən fikirlər növbəti dəfə göstərdi ki, maraqlar əksər hallarda beynəlxalq hüquqdan üstün tutulur. Müasir dövrdə ədalətsizliyin və haqsızlığın bu qədər geniş yayılması, təhlükəsiz dünya nizamına təhdidlərin artması məhz bundan qaynaqlanır.

      
İddia oluna bilər ki, həmin ölkələr kimi, Azərbaycan da öz qərarlarında milli maraqlarından çıxış edir. Şübhəsiz ki, bu, belədir. Lakin mühüm fərq ondadır ki, Azərbaycan istər 44 günlük Vətən müharibəsini apararkən, istər Həkəri çayının üzərində Laçın sərhəd-keçid məntəqəsini açarkən, istərsə də birgünlük antiterror tədbirini həyata keçirdiyi zaman beynəlxalq hüququn fundamental prinsiplərinə və BMT Nizamnaməsinin tələblərinə söykənib. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə bağlı atdığı bütün addımlarının arxasında legitim hüquqları dayanır. Nümayəndələr Palatasında aparılan müzakirələrin “Dağlıq Qarabağın gələcəyi” kimi süni bir mövzuya həsr edilməsi isə ona dəlalət edir ki, ABŞ özünün dünyadakı supergüc statusuna güvənərək hətta beynəlxalq hüququ da maraqlarına uyğun və nəzarətsiz şəkildə təfsir etməkdən çəkinmir. Əgər belə olmasaydı, müstəqil Azərbaycanın suveren yurisdiksiyasına aid olan və de-yure mövcudluğu artıq ləğv edilmiş inzibati-ərazi vahidinin “gələcəyi” adı altında hər hansı bir məsələ müzakirə predmetinə çevirməz, fərziyyələr əsasında əsassız iddialar səsləndirilməzdi.

    
Məruzəçi təkidlə bildirdi ki, guya Azərbaycan Ermənistanla müharibəyə və qonşu ölkənin ərazisini işğal etməyə hazırlaşır. Heç bir əsası olmayan bu iddia son vaxtlar  Avropanın bəzi dairələri, xüsusilə Ermənistana havadarlıq edən ölkələr tərəfindən aktiv şəkildə tirajlanır. Əlaqəli və məqsədyönlü surətdə dünya ictimaiyyətini öz uydurmalarına inandırmağa çalışırlar. Bu, cəmiyyətimizə yaxşı məlum olan ssenariləri xatırladır. Ermənistan indiyədək şərti dövlət sərhədində hər dəfə təxribat törətməzdən əvvəl məhz bu cür informasiya təbliğatı aparır və özü hazırlaşdığı əməliyyatın məsuliyyətini Azərbaycanın üzərinə yıxmağa çalışırdı. Ona görə də cəmiyyətimizdə getdikcə belə bir qənaət formalaşır ki, Ermənistanı yeni, daha böyük təxribata hazırlayırlar və bunun da məsuliyyətini sonradan bizim üzərimizə atmağı planlaşdırırlar. Elə bu səbəbdən, həmin  dairələr Azərbaycan rəsmilərinin təkzib xarakterli açıqlama və bəyanatlarını məqsədli şəkildə görməzdən gəlirlər.

    
Dövlət katibinin köməkçisi ölkəmizin suveren hüquqları ilə hesablaşmadığını çıxışında heç gizlətmədi də. Açıq şəkildə bəyan etdi ki, Azərbaycan Naxçıvanla kommunikasiya əlaqəsini İran üzərindən qura bilməz. Əvvəla, bu bəyanat beynəlxalq hüquqa və dövlətlərin suveren haqlarına açıq-aşkar hörmətsizlik deməkdir. İkincisi, əgər ABŞ Dövlət Departamenti həmin kommunikasiyanın Ermənistandan keçməsində maraqlıdırsa, istəyini Ermənistan hökumətinə bildirməlidir. Sirr deyil ki, ABŞ və Fransa kimi dövlətlərin Ermənistana təsir etmək üçün kifayət qədər geniş imkanları var, istədiklərini asanlıqla ona qəbul etdirə bilirlər. ABŞ  Ermənistan və Azərbaycan arasında kommunikasiyanın açılmasında maraqlıdırsa və ona özü nəzarət etmək istəyirsə, bu niyyətini də, ilk növbədə, Ermənistan hökumətinə çatdırmalıdır. Gözləməməlidir ki, Ermənistanın yurisdiksiyasına aid olan məsələnin həllini Rusiyadan onların əvəzinə Azərbaycan tələb edəcək. Çünki nəzərdə tutulan dəhlizə Federal Təhlükəsizlik Xidmətinin nəzarət hüququnu Rusiyaya Ermənistan baş naziri N.Paşinyanın özü verib. Bu öhdəlik 2020-ci il 10 noyabr tarixli Bəyanatla təsdiq edilib. Əgər Ermənistan öhdəliyindən imtinada qərarlıdırsa, bu məsələ də Ermənistanla Rusiya arasında həll olunmalıdır. Azərbaycan hakimiyyətinin münasibəti isə açıq şəkildə ortadadır. Prezident İlham Əliyev noyabrın 9-da Daşkənddə İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi ilə görüşü zamanı ölkəmizin mövqeyini açıq şəkildə ifadə etdi: “Siz ikitərəfli münasibətlərimizin tarixində mühüm mərhələni, yəni, Ağbənd yaxınlığında Araz çayı üzərindən körpülərin tikintisinə başlanılmasını qeyd etdiniz. Bu, böyük perspektivi olan layihədir. İkinci Qarabağ müharibəsindən sonrakı üç il ərzində Ermənistan öz öhdəliklərini yerinə yetirməkdən, məhz Azərbaycanın əsas hissəsindən Naxçıvana gediş-gəlişi təmin etməkdən imtina edirdi və imtina etməkdə davam edir. Bu, onların seçimidir, düşünürəm ki, onlar böyük səhvə yol veriblər”.

     
Əgər Ermənistan böyük mənfəət vəd edən bu cür layihələrdən özü-özünü kənarda qoyursa, suveren hüquqlarını təmin etməkdə çətinlik çəkirsə, bu, Azərbaycanın deyil, onun öz problemidir. Naxçıvanla quru yolla əlaqənin hansı ölkə ərazisindən qurulması isə Azərbaycanın suveren haqqıdır. Dövlət Departamentinin rəsmisi buna etiraz etməklə, faktiki olaraq, başqa dövlətin daxili işlərinə qarışır və növbəti dəfə beynəlxalq hüquqa hörmətsizlik etmiş olur. Halbuki, o, elə bu ilin oktyabrında  İran və Ermənistan arasında yeni yolun açılması ilə bağlı  qərara heç bir etiraz etmədi. O da nəzərə alınmalıdır ki,  Azərbaycanın Naxçıvanla əlaqə üçün alternativ kommunikasiya axtarışına çıxması Ermənistanın öhdəliyindən imtina etməsi ilə bağlıdır.  

    
“Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişə gəldikdə isə, onun hansı hüquqi zərurətdən irəli gəldiyini bu gün də anlamaq olduqca çətindir. Məntiq və ədalət müstəvisindən isə bunu izah etmək ümumiyyətlə mümkün deyil. Çünki 907-ci düzəlişin qəbul edildiyi vaxt -1992-ci ilin oktyabrında işğala Ermənistan deyil, Azərbaycan məruz qalmışdı, artıq Şuşa və Laçın işğal olunmuş, azərbaycanlılara qarşı Xocalı soyqırımı törədilmişdi. Buna baxmayaraq, məhz Azərbaycan hədəf seçildi və uzun illər ərzində bu düzəlişdən ölkəmizə qarşı təzyiq mexanizmi kimi istifadə olundu və hələ də istifadə edilməkdədir. Düzəlişin hüquqi qüvvəsinin dayandırılıb-dayandırılmaması ilə bağlı qəbul edilən qərarların arxasında məntiq, ədalət və hüquqi zərurət deyil, məhz maraqlar dayanır. Bu, açıq şəkildə o mesajı verir ki, ABŞ-nin geosiyasi maraqlar çərçivəsindən kənara çıxsan, mütləq cəzalandırılacaqsan. Nümayəndələr Palatasında keçirilən dinləmələr zamanı Qarabağda yaşayan ermənilərin guya etnik təmizləməyə məruz qalması ilə bağlı səsləndirilən iddialar da həqiqətə söykənmir. Hətta Ermənistanın baş naziri N.Paşinyan da ictimai şəkildə etiraf edib ki, Azərbaycanın həyata keçirdiyi birgünlük antiterror tədbiri zamanı mülki infrastruktura və mülki ermənilərə ciddi və birbaşa təhlükə yaradılmayıb. Həqiqət də ondan ibarətdir ki, bu tədbirin gedişatında bir mülki erməninin burnu belə qanamayıb, onlara qarşı zorakılıq edilməyib. Bunu təkcə Azərbaycan demir, BMT-nin səlahiyyətli missiyası da təsdiq edir. Amma bütün bunları bilə-bilə, məqsədli şəkildə etnik təmizləmə yalanı uydurulur. Dünya ictimaiyyətini inandırmağa çalışırlar ki, guya “məzlum və əzabkeş” erməni xalqı “yenidən” təqibə məruz qalır, bununla da növbəti dəfə tarixi saxtalaşdırmağa cəhd edilir.

     
Azərbaycanın Ermənistana qarşı hücuma hazırlaşması ilə bağlı iddia da ümumi məkrli planın tərkib elementlərindən biridir. Ölkəmizi qərəzli şəkildə hədəf seçən dairələr həqiqəti görmək istəsəydilər, əvvəlcə Ermənistanın konstitusiya aktına nəzər yetirərdilər. Görərdilər ki, Azərbaycandan fərqli olaraq, Ermənistan qanunvericiliyində qonşu ölkələrə qarşı açıq mətnlə ərazi iddiaları nəzərdə tutulur. Bu gerçəkliyi qərəzli şəkildə görməzdən gələn dairələr, nəhayət, anlamalıdırlar ki, Azərbaycan kimlərinsə istəyi ilə Cənubi Qafqazın geosiyasi maraqların açıq toqquşma məkanına çevrilməsi ilə bağlı hazırlanan təhlükəli ssenarilərdə yer almayacaq. Prezident İlham Əliyev ölkəmizin birmənalı mövqeyini noyabrın 8-də Xankəndidən həm Ermənistana, həm də ona havadarlıq edən dairələrə növbəti dəfə bu cümlələrlə çatdırmışdı: “Bizə yeni müharibə lazım deyil. Biz istədiyimizə nail olduq, beynəlxalq hüququ bərpa etdik, tarixi ədaləti bərpa etdik, milli ləyaqətimizi bərpa etdik, düşmənə onun yerini göstərdik”.

    
Azərbaycan Prezidentinin bu bəyanatından sonra da həqiqətləri təhrif etməyə, ictimai fikri öz yalanları ilə çaşdırmağa çalışan dairələr yaxşı olardı ki, ən azından özlərinin maraqları naminə böyük mütəfəkkirlərin ibrətamiz kəlamlarından nəticə çıxarsınlar. Onlardan birini də vaxtilə Aristotel ifadə edib: “Bütün ədalətsizliklər arasında ən dözülməzi qanun adı altında törədilən ədalətsizlikdir”. Bu yolda olanlar birdəfəlik bilməlidirlər ki, Azərbaycan xalqı və onun şəksiz Lideri, heç bir təzyiqə baxmadan, ədalətsizliklə barışmayacaq və legitim hüquqlarından imtina etməyəcək.  


Ülvi Quliyev,
Milli Məclisin deputatı  
   

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyada şok qərar-Bu şəxslər ölkədən qovulacaq