
“Uşaqların istirahəti ilə bağlı qanun layihəsi üzərində artıq komitə bir müddətdir işləyir”. Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib. O, qeyd edib ki, qanun layihəsi mətbuatda yanlış yozumlar doğurub.
“Guya biz pioner düşərgələri tikmək istəyirik. Əslində pioner düşərgələri sovet dövründən qalan institutdur. İndi bunun adını uşaq istirahət mərkəzləri qoymaq olar. Hansı qurumun imkanı daxilində belə bir şey yarada bilirsə, çox gözəl”.
H.Rəcəbli burada əsas məsələnin maliyyələşmə ilə bağlı olduğunu bildirib. “Yəni uşaqların istirahətini hansı qurumlar maliyyələşdirəcək. Əlbəttə, birincisi həmkarlar təşkilatlarıdır. İkincisi, ola bilər ki, dövlət büdcəsi hesabına ola bilsin. Üçüncüsü işə götürənlər maliyyələşdirə bilər. Dördüncüsü, valideynlər özləridir. Bütövlükdə bunun məqsədi odur ki, uşaqlar faydalı vərdişlərə yiyələnsinlər, kommunikabellilik artsın, təmiz hava qəbul etsinlər, ekstremal şəraitlərə uyğunlaşsınlar, aralarında dostluq əlaqələri yaransın, zərərli vərdişlərdən uzaqlaşsınlar. Bununla bağlı dövlət qurumlarına müraciət etmişik. Bu gün 100 min valideyn övladını istirahətə göndərmək istəyir. Bəs bunun içərisində 1000 valideyn öz pulu ilə göndərmək istəyər? Bunun əlaqələndirilməsinə olunmasına ehtiyac var”.
“Gənc ailələrin sosial müdafiəsi haqqında” qanun layihəsinə də toxunan millət vəkili bildirib ki, gələn qış sessiyasında qanun layihəsi müzakirə oluna bilər.
“Komitədə ilkin müzakirədən keçib. Sadəcə maliyyə tutumlu məsələlər var. İldə nikaha girənlərin sayı 80-90 mindir. Bunların 20 mininin sosial durumu ağırdır. Həmi ailələrə maddi yardım etmək ciddi məsələdir və bunlar hamısı öyrənilir”.
Aytən ƏLİYEVA