Modern.az

Çexiyanın XİN rəhbəri Azərbaycanın sülh səylərini müsbət qiymətləndirdi

Çexiyanın XİN rəhbəri Azərbaycanın sülh səylərini müsbət qiymətləndirdi

2 Dekabr 2023, 15:21

Milli Məclisin sədri Sahibə Qafarova Çex Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Yan Lipavski ilə görüşüb.

 

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az verilən məlumata görə, görüşdə Yan Lipavski ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğunu bildirərək deyib ki, iki ölkə arasında hər hansı açıq mövzu yoxdur. O, iqtisadiyyat və ticarət sahəsində əməkdaşlığın gücləndirilməsi ilə bağlı fikirlərini ifadə edərək, ölkəsinin enerji təchizatında Azərbaycanın mühüm rolunu diqqətə çatdırıb. Vurğulanıb ki, Azərbaycan nefti Çexiyanın istehlakının mühüm hissəsini təşkil edir. Xarici işlər naziri bu sahədə əməkdaşlığı daha da genişləndirmək niyyətlərini bildirib.

 

Yan Lipavski Çexiyanın beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə bağlı marağını diqqətə çatdırıb.

 

Görüşdə Milli Məclisin sədri ölkələrimiz arasında yüksək səviyyəli səfərlərin və görüşlərin davam etdirilməsinin vacibliyini vurğulayıb.

 

Sahibə Qafarova Azərbaycanda əlverişli investisiya mühitini, işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı yenidənqurma işlərini, Azərbaycanın müasir nəqliyyat infrastrukturunu və tranzit ölkə kimi mühüm rolunu, bərpaolunan enerji sahəsində gördüyü işləri diqqətə çatdıraraq, ölkələrimiz arasında ikitərəfli iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş imkanların mövcud olduğunu bildirib. Qeyd edib ki, bu əməkdaşlığın daha da inkişaf etdirilməsi, o cümlədən bərpaolunan enerji sahəsində əməkdaşlıqla bağlı da geniş imkanlar mövcuddur.

 

Görüşdə Milli Məclisin sədri beynəlxalq münasibətlər sistemində mövcud olan ikili standartları tənqid edərək deyib ki, bəzi dövlətlərə münasibətdə qəbul olunan qərarlar dərhal icra edildiyi halda, bəzən isə beynəlxalq hüquqa məhəl qoyulmadığının şahidi oluruq. O xatırladıb ki, Azərbaycan 30 ilə yaxın Ermənistanın işğalından əziyyət çəkib. Bu işğal nəticəsində bir milyon azərbaycanlı öz doğma yurd-yuvasından didərgin düşüb. Ermənistan işğal altında saxladığı bütün şəhər və rayonlarımızı dağıdıb, talan edib. Başda BMT Təhlükəsizlik Şurası olmaqla, demək olar ki, bütün beynəlxalq təşkilatlar işğal faktının aradan qaldırılması ilə bağlı müxtəlif qərar və qətnamələr qəbul etsələr də, 30 ilə yaxın bir dövrdə bu sənədlər kağız üzərində qalıb. Üç il əvvəl isə Azərbaycan öz gücü hesabına bu qərarların icrasını təmin edərək, torpaqlarını işğaldan azad edib.

 

Milli Məclisin sədri Azərbaycanın işğaldan azad edilmiş ərazilərində hazırda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirdiyini diqqətə çatdırıb: “Ölkəmiz sülhpərvər siyasət həyata keçirir. Azərbaycan regionda daimi sülhün təmin olunmasını istəyir. Ona görə də, işğala məruz qalmış ölkə olmasına baxmayaraq, məhz Azərbaycan Ermənistana münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması ilə bağlı təkliflərini təqdim edib”.

 

Sahibə Qafarova regiondakı reallıqları təhrif edən tamamilə qeyri-adekvat və qəbuledilməz bəyanatların sülh sazişinin imzalanması ilə bağlı səylərə kölgə saldığını və xələl gətirdiyini diqqətə çatdırıb. Azərbaycan parlamentinin sədri sülh sazişinin imzalanması, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesində aparılan vasitəçiliyin ədalətli olmasının zərurətini vurğulayıb.

 

Çexiyanın xarici işlər naziri regionda sabitliyin təmin olunmasında maraqlı olduqlarını, sülh prosesini dəstəklədiklərini bildirib. Qeyd edib ki, Çexiya Azərbaycanın bu istiqamətdə səylərini müsbət qiymətləndirir.

 

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Son dəqiqə! Prezident Xocalılarla görüşdü Duyğulu anlar yaşandı