Modern.az

Deputatlar Həsən Həsənov, Tofiq Zülfüqarov və Vilayət Quliyevdən danışdılar

Deputatlar Həsən Həsənov, Tofiq Zülfüqarov və Vilayət Quliyevdən danışdılar

Parlament

16 Sentyabr 2013, 18:16

Dövlətlərin xarici siyasət kursunun müsbət istiqamətdə bəlli bir səviyyəyə çatmasında həmin ölkələrin xaricdəki səfirlikləri əhəmiyyətli rol oynayır. Azərbaycanın da digər dövlətlərlə siyasi əlaqələrinin qurulmasında və inkişaf etdirilməsində diplomatik nümayəndəliklər, xüsusilə səfirliklərin öhdəsinə müəyyən pay düşür. Səfirlərin diplomatik sahədə təcrübəli və peşəkar olması da təsiredici gücə malikdir. Bu mənada Azərbaycanın üç ölkədə- Polşa, Macarıstan, Estoniya - səfirləri diplomatiya müstəvisində daha çəkili və təcrübəli şəxslərdir desək, yanılmarıq. Hər üç ölkədəki diplomatik nümayəndəliklərimizə Azərbaycanın keçmiş xarici işlər nazirləri rəhbərlik edir.
Belə ki, Polşadakı səfirimiz eks-xarici işlər naziri Həsən Həsənov, Macarıstanda və Estoniyada isə müvafiq olaraq Vilayət Quliyev və Tofiq Zülfüqarovdur. Həsən Həsənov 1993-1998-ci illərdə Azərbaycanın xarici işlər naziri vəzifəsində çalışıb. Tofiq Zülfüqarov 1998-ci ilin martından 1999-cu ilin oktyabrına qədər xarici siyasət idarəsinə rəhbərlik edib. Onun xələfi Vilayət Quliyev olub.

Yuxarıda dediyimiz tezisləri nəzərə alaraq, keçmiş nazirlərin ölkəmizi təmsil etdiyi dövlətlərdə Azərbaycanla bağlı məsələləri daha effektiv şəkildə qabartmasını söyləmək üçün isə öz şəxsi, subyektiv mövqeyimizi sərgiləmək niyyətində deyilik.

Modern.az saytı keçmiş XİN rəhbərlərinin fəaliyyətinə qiymət vermək üçün Milli Məclisin həmin ölkələrin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvləri ilə əlaqə saxlayıb.

Azərbaycan-Polşa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Aydın Mirzəzadənin dediklərindən bu qənaətə gəlmək olar ki, o, səfir Həsən Həsənovun işini yüksək qiymətləndirir. Deputat hesab edir ki, iki ölkə arasındakı münasibətlərdə dinamik artım müşahidə olunur.
“Siyasi əlaqələrimiz yüksək səviyyədədir. Polşa Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bu ölkə NATO və Avropa Birliyi üzvü kimi Azərbaycanın Avropa səviyyəsində dəstəklənməsində böyük rol oynayır”-deyən A.Mirzəzadə bildirib ki, əlaqələrin gücləndirilməsində hər iki ölkə maraqlıdır. Deputat qeyd edib ki, həm səfirlik xətti ilə, həm də ictimai təşəbbüslə Polşada Azərbaycanın tanıdılması üçün müəyyən tədbirlər baş tutur.

“Bununla yanaşı tələbə mübadiləsi də həyata keçirilir. Azərbaycanda Polşa şirkətlərinin fəaliyyət göstərməsi üçün müəyyən şərait yaradılıb”. Lakin bu siyahıya təəssüf elementi qatan bir açıqlama verən A.Mirzəzadə etiraf edib ki, parlamentlərarası münasibətlər olduqca zəifdir.

“Bu istiqamətdə iş görülməsinə böyük ehtiyac var”. Sonda isə o Azərbaycanın Polşadakı səfirliyinin aktiv fəaliyyət göstərdiyini vurğulayıb və əlavə edib ki, ölkəmizin həmin dövlətdə tanınmasında səfirliyin çox böyük rolu var.

Azərbaycan-Macarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Cavanşir Feyziyev də dövlətlərarası münasibətlərin iqtisadi və siyasi müstəvidə çox yüksək səviyyədə olduğunu vurğulayıb:
“Macarıstanla Azərbaycan arasında hər hansı bir sahədə anlaşılmazlıq yoxdur. Beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan və Macarıstan öz hərəkətlərini koordinasiya edir. Biz dost və qardaş ölkəyik. Şəxsən səfir Vilayət Quliyev orada Azərbaycanın tanıdılması istiqamətində çox böyük işlər görür. Mütəmadi olaraq Azərbaycanın mədəniyyəti ilə bağlı tədbirlər keçirilir”.
“Səfirimizin Macarıstandakı fəaliyyəti olduqca təqdirəlayiqdir”-deyə Cavanşir Feyziyev söyləyib.

Azərbaycan-Estoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Musa Qasımlı da iki ölkə arasındakı əlaqələri müsbət dəyərləndirib.
“Azərbaycanla Estoniya arasındakı münasibətlər dinamik inkişaf edən səviyyədədir. Dövlət başçılarının, parlament sədrlərinin son illərdə gerçəkləşən səfərləri də bunu sübut edir. Hər iki parlamentdə dostluq qrupları fəaliyyət göstərir, görüşlər olur və birgə əməkdaşlıq işləri həyata keçirilir. Estoniyadakı Azərbaycan diasporu kifayət qədər nüfuzludur. Onların da bu əlaqələrdə müəyyən köməyi var”-deyə M.Qasımlı bildirib.

Aqşin Kərimov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...