Uzun müddətdir ki, haqqında danışılan Böyük Bakının Regional İnkişaf Planın təsdiqlənməsinin uzanmasına səbəb alimlər arasında fikir ayrılığının yaranması olub. Bu barədə Modern.az saytına millət vəkili Vahid Əhmədov məlumat verib. O bildirib ki, Baş Planın gecikməsində səbəb layihədə müəyyən müəssisələrin, o cümlədən neftayırma zavodlarının Bakıdan kənara köçürülməsi, həmçinin ekoloji cəhətdən müəyyən problemlərin ortaya çıxması ola bilər.
“Baş Plan böyük problemdir. İki il bundan əvvəl prezident Bakı şəhər İcra Hakimiyyətində iclas keçirdi və Bakının inkişafı ilə əlaqədar Baş Planın hazırlanması ilə bağlı göstəriş verdi. Çox təəssüf ki, bu iş uzandı və Bakı da faktiki olaraq tikilib qurtardı. Bundan sonra nə keçiriləcək, nə qalacaq hamısı müəmmalıdır. Artıq köhnə binalar, küçələr çox az qalıb. Köhnə Bakıdan yalnız İçərişəhər qalıb. Ona görə də Baş Planın hazırlanması lazımdır. Buna baxmayaraq, gec də olsa, planın təsdiqlənməsi vacibdir. Çünki Bakı həddindən artıq yüklənib. Baş Planda müəyyən müəssisələri, o cümlədən neftayırma zavodlarını Bakıdan kənara köçürülməsi, həmçinin ekoloji cəhətdən müəyyən problemlərin ortaya çıxması ilə bağlı müzakirələr olur. Baş Planın gecikməsinin səbəbini dəqiq deyə bilmərəm. Amma bildiyimə görə, baş planla bağlı alimlərin fikir ayrılıqları yaranıb”, – deyə B. Əhmədov bildirib.
Milli Məclisin Regional məsələlər komitəsinin üzvü, millət vəkili Tahir Rzayev isə deyir ki, Bakının Baş Planı hazırlanandan sonra onun status məsələsi həll edilməlidir. Onun sözlərinə görə, bu gün bələdiyyələrin ərazi bölgüləri məlum olmadığından ona görə də torpaqları bölə bilmirlər.
“Status məsələsi tarixi prosesdir. Ona görə də bunun vaxtının yetişməsi lazımdır. Məsələn, Türkiyədə bələdiyyələrin yaranması 19-cu əsrə aiddir. 1884-cü ildə orada ilk bələdiyyə yaradılıb. Haradasa bələdiyyələrin 200 il tarixi var. Bu tarixi prosesi bəzən mütəxəssislər, bu sahənin insanları qiymətləndirə bilmirlər. Bələdiyyələr hansı funksiyaları yerinə yetirməlidir. Bu gün Böyük Şəhər Bələdiyyəsi yarada bilərik, amma onun hansı funksiyaları olacaq, bu nəyə lazımdır? Bunun üçün proqram olmalı, hazırlıq getməlidir. Türkiyədə tarixən bu hazırlıq gedib. Bələdiyyələr yarandı, daha sonra onların birləşməsi prosesi getdi. Bələdiyyələrin sayı azaldıldı. Amma yenə də bələdiyyələrin sayının azaldılması vacibdir. Çünki bu qədər bələdiyyə kimə lazımdır? Elə ölkələr var ki, 80-200 bələdiyyə var. Amma Azərbaycan kimi kiçik bir dövlətdə 2757 bələdiyyə var idi. Sonradan da bu say 1758-ə endirildi. Amma yenə də bu rəqəm Azərbaycan üçün çoxdur. Bunlar azaldılıb təkmilləşməyə gedəndən sonra bunların içərisindən böyük şəhər bələdiyyəsi iddiası meydana gələ bilər. Ona görə də biz buna hələ ki, hazır deyilik. Mən də Böyük Şəhər Bələdiyyəsinin yaranmasının tərəfdarıyam. Bakının Baş Planı, əlbəttə, hazırlanmalıdır və yalnız bundan sonra status məsələsi həll edilməlidir”.
Xatırladaq ki, Bakının ilk Baş Planı 1898-ci ildə o dövrün məşhur memarı N.A. fon Der Nonne tərəfindən hazırlanıb. 1932-ci ildə paytaxtın ikinci Baş Planı işlənib. 1964-cü ildə isə Nazirlər Soveti şəhərin üçüncü Baş Planını təsdiqləyib. Sonuncu plan 1986-cı ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə təsdiq olunub və bu sənəd 2005-ci ilədək olan dövrü əhatə edib.
Gültəkin ƏLƏSGƏR