Modern.az

Tullantılarla bağlı tələblərin təkmilləşdirilməsinə ehtiyac var - Deputat

Tullantılarla bağlı tələblərin təkmilləşdirilməsinə ehtiyac var - Deputat

Parlament

21 Dekabr 2023, 12:40

“Tibbi tullantılar, yalnız tibb müəssisələrində formalaşmır, həmçinin, stomatoloji kabinetlər, gözəllik mərkəzləri, akupunktura, qocalar evləri, körpələr evləri, apteklər, morqlar, zooparklar, baytarlıq poliklinikaları və laboratoriyaları kimi müəssisələrdə hasil olur”.


Modern.az xəbər verir ki, bunu Milli Məclisdə "Tibbi tullantıların idarə olunması: mövcud vəziyyət, problemlər və onların həlli yolları" mövzusunda ictimai dinləmədə Səhiyyə komitəsinin üzvü Soltan Məmmədov bildirib. 

 

O qeyd edib ki, tibbi tullantılar vasitəsilə bir çox təhlükəli infeksiyalar, məsələn, vərəm, pnevmoniya, meningit, HIV, hepatit, və digər xəstəliklərin yayılması mümkündür.

 

"Həmçinin, düzgün zərərsizləşdirilmədən ətraf mühitə atılan tibbi tullantılar yeraltı su mənbələrinin çirklənməsi ilə nəticələnməklə infeksion xəstəliklərin artmasına, gələcək nəsillərdə genetik zədələnmələrə və digər problemlərə gətirib çıxara bilər.


Buna görə də tibbi tullantılar, əhalinin sağlamlığının qorunması və ətraf mühitin mühafizəsi üçün hasil olduqları andan məhv edilənə qədər təhlükəsiz idarəetmə sistemi tələb edir.


Azərbaycanda tibbi tullantıların idarə olunması sahəsində uğurlu ölkə modellərinin araşdırılması, yeni və müasir yanaşmaların tətbiqi, prosesin idarə olunmasının və nəzarət mexanizminin təkmilləşdirilməsi məqsədi ilə ekologiya, səhiyyə, iqtisadi sahələrdə mövqelərin müdafiə olunması qarşıya qoyulan əsas məqsədlərdən biridir. Tibbi tullantıların idarə olunması sahəsində mövcud olan çatışmazlıqlar, qarşıya çıxan problemlərlə bağlı həm əlaqədar dövlət qurumları, həm də beynəlxalq təşkilatlar tərəfindən bir sıra araşdırmalar aparılmış və hesabatlar hazırlanıb”. 

 

Deputat bildirib ki, aparılan monitorinqlər göstərir ki, müalicə-profilaktika müəssisələrində və tibbi xidmət göstərən sahibkarlıq subyektlərində formalaşan tibbi tullantılar əksər hallarda keyfiyyətli zərərsizləşdirmə prosesinə məruz qalmır:


“Tibbi tullantıların bu müəssisələrin ərazisində qazılmış standartlara cavab verməyən quyularda yandırılması hallarına yaxın illərə qədər rast gəlinirdi. Tibbi tullantıların Mənzil-Kommunal Təsərrüfat Birliyi tərəfindən bərk məişət tullantıları ilə birlikdə daşınması faktları da var. Tibbi tullantıların idarə olunması sahəsində, qurumlar arasında fəaliyyətin koordinasiyasiyasını təmin edəcək mexanizmin təkmilləşdirilməsi, vəzifə, öhdəlik və səlahiyyətlərin daha dəqiq müəyyən olunması, tibb müəssisələrində tibbi tullantıların yığımı, çeşidlənməsi, saxlanması, eyni zamanda zərərsizləşdirmə müəssisələrinin fəaliyyəti üzərində monitorinq və yoxlamanın gücləndirilməsinə ehtiyac var. Zərərsizləşdirmə müəssisələrinin sağlam rəqabət mühitində sayının artırılması, sahibkarlara bu sahəyə investisiya qoyduqları təqdirdə işin davamlılığına dəstək, tibbi personalın bilik və bacarıqlarının yüksəlməsi məsələsi diqqət mərkəzində olmalıdır. Ümumilikdə Azərbaycanda tibbi tullantılarəın idarə olunması sahəsində normativ-hüquqi baza mövcuddur. Bununla belə, qurumlar arasında səlahiyyət və vəzifə bölgüsünün daha dəqiq və konkret müəyyən olunması baxımından “Tibbi Tullantıların idarə olunmasına dair” tələblərin təkmilləşdirilməsi və müasir dövrün tələblərinə uyğunlaşdırılmasına ehtiyac var”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI