Prezident yanında Əfv Məsələləri Komissiyasının iclasları ilə bağlı Modern.az-a açıqlama verən millət vəkili Bəxtiyar Əliyev qurumun toplantılarının davamlı xarakterli olduğunu bildirib. Komissiya üzvünün sözlərinə görə, burada iş əsasnamə ilə müəyyənləşir.
“Komissiyasının iclasları davamlı xarakter daşıyır. Hər bir baxılmış işin nəticəsi prezidentin sərəncamı ilə tamamlanır. Sərəncam baxılmış işlərə aid olur. Baxılmamış işlər isə davam edir. Ərizələr daxil olur, onun hazırlanması xeyli vaxt aparır. Çünki ərizələrlə bağlı cəzaçəkmə müəssisəsinə müraciət edilir ki, məhkum orada özünü necə aparır, islah olunurmu, peşmançılıq hiss edirmi...”.
B.Əliyevin sözlərinə görə, daha sonra məhkəməyə müraciət olunur və oradan rəy alınır.
“Prokurorluq orqanlarına da müraciət edilir. Baş vermiş hadisə ilə bağlı yerlərdə və istintaqın aparılması və gedişatı necə olub, təqsirləndirilən şəxs özünü necə aparıb... Həmin rəylər toplanır və baxılır. Beləcə, Komissiya öz işini davam etdirir”.
Millət vəkilinin dediyinə görə, komissiyanın üzvləri özlərinin müəyyənləşdirdiyi vaxtlarda, saatlarda oturub işlərini davam etdirirlər. Bu məsələ kəsilməz bir proses olduğundan hər hansı qrafik tutulmur.
“Heç bir komissiyanın işi belə reqlamentlərlə müəyyənləşmir”.
Gültəkin ƏLƏSGƏR