Modern.az

Heç İrəvandakılar belə yaşamır...- Separatçıların fotolarına deputatların reaksiyası

Heç İrəvandakılar belə yaşamır...- Separatçıların fotolarına deputatların reaksiyası

Parlament

23 Yanvar 2024, 09:00

Bir neçə gün əvvəl Bakıda həbsdə olan erməni separatçılarının həbsxana görüntüləri yayıldı. Sosial şəbəkədə paylaşılan fotolar ciddi müzakirə doğurdu.

 

Yayılan şəkillərdən aydın olur ki, onlar həbsxanada televizora baxır və kitab oxuyur. Eyni zamanda fotolardan onların yaradılan şəraitdən məmnun olduqları görünür.

 

Sözügedən görüntülərlə bağlı Modern.az-a açıqlama verən Milli Məclisin deputatı Musa Quliyev bildirib ki, separatçıların həbsxanada çəkilən fotoları haqq-ədalətin təntənəsidir:

 

“Separatçıların həbsxanadan yayılan görüntülərini görəndə ilk olaraq dedim ki, dünyada haqq-ədalət var və ədalət gec-tez öz yerini tapır. Onlar Bakıda çay içəcəklərini deyirdilər. Cənab Prezidentin də söylədiyi kimi, biz onları özümüz gətirdik və onlar həqiqətən burada çay içirlər, amma istintaq təcridxanasında. Digər yandan ermənilər görsün ki, həmin həbsxanada boş kameralar var.  Həmin boş kameraları digər separatçılarla doldura bilərik. İstənilən halda yayılan görüntülər bir daha haqqın təntənəsidir. Emənistandakılar da gördülər ki, cinayətkar gec-tez öz cəzasına çatmalıdır”.

 

M.Quliyev söyləyib ki, bəlkə də, ermənilərin çoxu həbsxanada separatçılara yaradılmış şəraitdə yaşamayıb:

 

“Azərbaycan bir daha hüquqi dövlət olduğunu, humanistliyini göstərdi. Onların hər bir şəraiti var. İşğal altında saxladıqları ərazilərdə onların elə şəraiti, bəlkə də, olmamışdı. İrəvanda yaşayanların çoxu oradakı şəraitdə yaşamır. Ona görə birinci növbədə humanist və hüquqi çərçivədə onlarla davranılır. Bunu da onlar gördülər və Azərbaycanı heç bir halda nədəsə ittiham etməyə əsasları yoxdur”.

 

Milli Məclisin digər deputatı Elman Məmmədov məsuliyyətdən qaçan separatçıların da Bakıya gətirilməsinin arzuolunan olduğunu vurğulayıb:

 

“Həbsxanadan separatçıların fotolarının yayılması uzun illər arzu etdiyimiz hadisəydi. Arzu edirdik ki, bu qatillər, canilər, separatçılar hərbi cinayətkarlar, terrorçular qanun qarşısında cavab versinlər. Bu gün onların müəyyən hissəsi hələ ki cəzaçəkmə təcridxana məntəqələrindədir. İstintaqları gedir. Arzuolunan odur ki, onların sayı çoxalsın. Bu gün Ermənistana, yaxud müxtəlif ölkələrə qaçıb, havadarların kölgəsində gizlənənlər var.  Onların hamısının həbs olunub Azərbaycana  gətirilməsi və törətdikləri cinayətlərə görə cavab vermələri təmin olunacaq”.

 

 

E.Məmmədov söyləyib ki, separatçıların görüntüləri ermənilərin iftiralarını boşa çıxardı:

 

“Bütün erməni və ermənipərəstlərin şər-böhtan xarakterli hay-küylərinə baxmayaraq, həbsxanada saxlanılan separatçılar üçün bütün qayda-qanuna, beynəlxalq konvensiyalara əsaslanan şərait yaradılıb. Bu, bir faktdır.  Vaxtaşırı ombudsman, həm də beynəlxalq qurumlar onlara baş çəkr və vəziyyətləri ilə maraqlanır. Baş prokuror Kamran Əliyev də bildirdi ki, onların saxlanma şəraitləri müvafiq konvensiyalar, beynəlxalq qayda-qanunlar əsasındandır. İstintaq da davam edir. İnşallah, məhkəmə qarşısına çıxıb cəzalarını alacaqlar. Yenə də deyirəm ki, onların yanına daha çox onlar kimi cinayətkarların gətirilməsi arzuolunandır”.

 

Xatırladaq ki, ötən ilin sentyabr ayında keçirilən antiterror tədbirlərindən sonra Azərbaycanın hüquq-mühafizə orqanları Qarabağda qondarma qurumun “prezidentləri” olmuş Arkadi Qukasyan, Bako Saakyan, Arayik Harutyunyan, sabiq "xarici işlər naziri" David Babayan, eləcə də “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və keçmiş “dövlət naziri” Ruben Vardanyanı həbs edərək Bakıya gətirib.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI