Modern.az

Hərbi xidmətdə yenilik - Çağırış qaydaları ilə bağlı təklif

Hərbi xidmətdə yenilik - Çağırış qaydaları ilə bağlı təklif

Parlament

1 Fevral 2024, 12:32

“Ölkəmizdə hərbi xidmətdən keçmənin klassifikasiyasının tətbiq imkanları müzakirə olunmalıdır. Bu, bir sıra dünya ölkələrində, həmçinin qardaş və strateji müttəfiqimiz olan Türkiyənin təcürbəsində də həyata keçirilir. Bildiyiniz kimi, hərbi xidmətə çağırışla bağlı bir sıra modellər istifadə olunur. Tam müddət hərbi xidməti saxlamaqla aşağı müddət qradasiyalar müəyyən oluna bilər ki, buna uyğun olaraq dövlət büdcəsinə vəsait ödəməklə daha az müddətdə hərbi xidmətin keçilməsi üçün alternativ imkanlar yaratmaq mümkündür. Əgər tutaq ki, hərbi xidmət bir il yarım, yaxud ali təhsilli vətəndaşlar üçün bir il müddət təşkil edirsə, buna alternativ olaraq büdcəyə vəsaitin ödənilməsi müqabilində xidməti 2 və ya 6 ay müddətində keçmək olar”.


Modern.az xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Elnur Allahverdiyev deyib.
 

“Fikrimcə, belə bir dəyişiklik etmiş olsaq, bu, bir sıra obyektiv çətinlikliklərin çözümündə öz müsbət rolunu oynaya bilər. Burada ilk növbədə gənclərin təhsil probleminə diqqət yetirə bilərik. Azərbaycanda iki dəfə gənclərin dövlət hesabına xaricdə təhsil almalarını tənzimləyən proqram qəbul olunub. Bu, bizim dövlət siyasətimizdir, cənab Prezidentin təşəbbüsüdür ki, əldə etdiyimiz kapitalı insan kapitalına çevirməliyik. Gənclərin savadlı kadrlar olaraq yetişmələri hökumətin prioritetlərindən biridir. Təbii ki, hər bir vətəndaş hərbi xidmət borcunu yerinə yetirməlidir. Ancaq ali təhsil almış şəxslər 1 il ərzində hərbi xidmətdə keçəndən sonra yenidən təhsilə, elmi axtarışlara adaptasiya olunmaqda, karyera quruculuğu baxımından müəyyən çətinliklər yaşayırlar. Düşünürəm ki, əgər belə bir dəyişiklik edilərsə, bu kimi gənclərimiz, misal üçün 2 aylıq hərbi xidmət proqramını keçməklə təhsilini davam etdirməyə, yaxud karyera quruculuğu prosesinə qayıda bilərlər. Bu, həm təhsil, həm də karyera kimi vacib məqamlarda ardıcıllığın əldə edilməsinə səbəb ola bilər. Yəni dövlətin gənc nəslin təhsili üçün böyük vəsaitlər xərclədiyi bir reallıqda, hərbi xidmət bu ardıcıllığı müəyyən mənada pozmuş olur”.

 

Deputat qeyd edib ki, belə bir dəyişiklik həyata keçirilərsə, bütün ali məktəblərdə bir vaxtlar mövcud olmuş hərbi kafedraların bərpası məsələsinə də baxıla bilər:
 

“Bu yolla təhsil dövründə tələbələrin hərb elmi ilə tanışlığı prosesi təşkil olunar.
Orduya, hərbçi işinə cəmiyyətimizdə maraq olduqca güclüdür. Professional hərbi xidmətə meyl göstərən gənclərin sayı artır. Vətən müharibəsindəki qələbəmizlə əldə edilən ruh yüksəkliyi, vətənpərvərlik təbii ki, bu prosesdə təkanverici qüvvə rolunda çıxış edib. Eyni zamanda, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsindən sonra Silahlı Qüvvələrimizdə köklü islahatlar həyata keçirilir. Qardaş Türkiyə ordusunun modelində komando tipli qoşun növləri formalaşdırılır. Düşünürəm ki, çevik, hazırlıqlı, mobil hərbi heyətin formalaşması həm müasir ordu baxımından, həm də büdcəyə qənaət nöqteti-nəzərdən əlverişli olar. Ordumuzun professional, hərbçi peşəsini öz sənəti kimi qəbul edən vətəndaşlardan ibarət Silahlı Qüvvələrin formalaşdırılması yolunda mühüm addım sayıla bilər. Bu yenilik məşğulluq probleminin çözümünə də öz tövhəsini verər. Ödənişli və qısamüddətli hərbi xidmətdən əldə edilən büdcə gəlirləri isə öz növbəsində ordunun ehtiyaclarına, yaxud hərbi heyətin məvaciblərinin artırılmasına yönəldilər”,-deyə deputat bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Təmas xətti olmuş ərazidə mina partladı: Hərbçimiz yaralandı