Modern.az

Sahibə Qafarova və Alen Simonyan Cenevrədə görüşə bilər?

Sahibə Qafarova və Alen Simonyan Cenevrədə görüşə bilər?

Parlament

2 Fevral 2024, 15:32

Bakıda səfərdə olan Parlamentlərarası İttifaqın (PAİ) Baş katibi Martin Çunqonq Azərbaycan və Ermənistan parlametarilərinin bir araya gəlməsi ilə əlaqədar təklif irəli sürüb. Belə ki, o, Azərbaycan parlamentinin sədri Sahibə Qafarovanı Ermənistandan olan həmkarları ilə danışıqlar aparmaq üçün Cenevrəyə dəvət edəcəyini bildirib.

 

"Mən bu daimi dialoq platformasının yaradılması üçün Azərbaycan parlamentinin sədri Sahibə Qafarovanı Ermənistandan olan həmkarları ilə danışıqlar aparmaq üçün Cenevrəyə dəvət edəcəyəm. Ümid edirik ki, bu il martın 23-27-də keçiriləcək Parlamentlərarası İttifaqın növbəti Assambleyası zamanı belə bir görüşü təşkil edə biləcəyik. Bu yolla biz iki ölkənin parlamentləri arasında qarşılıqlı anlaşmaya nail ola biləcəyik. Bundan sonra biz iki ölkə arasında davam edən sülh danışıqlarının uğurlu nəticəsi üçün əlverişli mühit yaratmağa çalışa bilərik”, - bildirib.

 

Çunqonq əlavə edib ki, PAİ təşəbbüsünün məqsədi iki dövlət arasında danışıqlar yolu ilə hakimiyyətin etdiklərini təkrarlamaq deyil.

 

"Mən çox şadam ki, bu təşəbbüsə hər iki tərəfdən müsbət reaksiya var. Biz iki ölkənin parlamentləri arasında qarşılıqlı fəaliyyətə ümid edirik, çünki inanırıq ki, o, mümkün anlaşılmazlıqları aradan qaldırmaq və xoş niyyət yaratmaq üçün güclü potensiala malikdir”, - deyə PAİ-nin Baş katibi bildirib.

 

Qeyd edək ki, Azərbaycan və Ermənistan parlamentinin spikerləri Sahibə Qafarova və Alen Simonyan bir neçə platformada eyni vaxtda iştirak etsə də, ikitərəfli görüş keçirilməyib.

 

Bəs, Azərbaycan və Ermənistan arasında növbəti danışıq platforması Parlamentlərarası İttifaq ola bilərmi?

 

Milli Məclisin deputatı, Parlamentlərarası İttifaqın üzvü Elnur Allahverdiyev Modern.az-a açıqlamasında bildirib ki, Azərbaycan hər zaman sülh tərəfdarı olub:

 

 “Biz torpaqlarımızın işğal altında olduğu dövrdə də, indi də möhkəm sülh məqsədi daşıyan istənilən təşəbbüsə açıq olmuşuq. Bunu tək bir faktla qeyd etmək yetərlidir ki, biz 44 günlük müharibənin qalibi olsaq da, torpaqlarımızı işğal etmiş Ermənistana sülh əlimizi uzatmışıq, beynəlxalq hüquqa əsaslanan müqavilə təklifi irəli sürmüşük. Cənab Martin Çunqonqun Azərbaycana olduqca uğurlu səfərini müşahidə etdik. Bu fonda onun bu təklifi təbii ki, olduqca vacibdir və həm özünün, həm də təmsil etdiyi beynəlxalq təşkilatın regionumuzda möhkəm sülhə xidmət edəcək səmimi təşəbbüsünün göstəricisidir. Milli Məclisin sədri Sahibə xanım Qafarova cənab Çunqonqla görüşündə bildirdi ki, heç də bütün beynəlxalq təşkilatlarda Parlamentləarası İttifaqda olduğu qədər əməkdaşlıq mühiti, platforması yoxdur".

O qeyd edib ki, Milli Məclisin altıncı çağırışını fərqləndirən mühüm cəhətlərdən biri fəal parlament diplomatiyasıdır.

 

"Bu istiqamət dövlətimizin başçısı cənab Prezident tərəfindən müəyyən edilmiş ümumi xarici siyasətin tərkib hisssidir. Parlament sədri bütün görüşlərində, hər bir səfərində mütləq halda bu mövzunu aaktuallaşdırır, gündəmə gətirir, Ermənistanın 30 il ərzində torpaqlarımızı işğal etməsinin fəsadları, eyni zamanda, Azərbaycan dövlətinin sülh təşəbbüsləri barədə müfəssəl məlumat verir. Bu baxımdan hesab edirəm ki, əgər dövlət başçısı ümumi xarici siyasətimiz kontekstində belə bir təşəbbüsün dəyərləndirilməsini məqbul bilərsə, təbii ki, Milli Məclis rəhbərliyi hər zaman olduğu kimi parlament diplomatiyası çərçivəsində Azərbaycan dövləti və xalqının maraq və mənafeləri üçün belə bir dialoqda iştirak edə bilər. Bizim niyyətimiz bütün dünyaya açıqdır, biz sülh, əmin-amanlıq və tərəqqi tərəfdarıyıq", - deputat bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!