Modern.az

Deputatlar Qarabağa KÖÇƏCƏK?..

Deputatlar Qarabağa KÖÇƏCƏK?..

15 Fevral 2024, 16:12

Mərhələri şəkildə işğaldan azad olunmuş ərazilərə qayıdış həyata keçirilir. "Böyük Qayıdış" proqramı çərçivəsində ilk köç Zəngilan rayonun Ağalı kəndinə olub. Ardınca, Laçın-ın yaşayış məntəqələrinə, Füzuliyə, Tərtərin Talış kəndinə sakinlərin qayıdışı baş tutub. Bu il Xankəndi, Xocalı, Kəlbəcər və Cəbrayıla da köç olacaq.

Bəs Milli Məclisin qarabağlı deputatları öz evlərinə nə vaxt qayıdacaqlar? 

 
Modern.az-ın bu sualını cavablandıran 83 saylı Ağcabədi-Füzuli seçki dairəsinin əslən ağdamlı deputatı Aqil Abbas Ağdama köçəcəyini açıqlayıb:


“Ağdama qayıdış başlayan kimi köçəcəm. Ailəmlə danışmışam. Xanımımla birlikdə Ağdamda yerləşəcəyik. Gedib orada yaşayacam. Fəaliyyətimə də orada davam edəcəm. Oturub yazılarımı yazacam. Deputat olaraq da deputatlığımı edəcəm. Öz camaatımın içində yaşayacam. Nə vaxt köçəcəyimizi gözləyirik, artıq ailəmlə qərar vermişik”.


124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsinin deputatı Elman Məmmədov Xocalıda aparılan quruculuq və bərpa işləri ilə yaxından maraqlandığını söyləyib: 


“Köç prosesi müvafiq plan üzrə davam etdirilir. Bu bizim hər birimizin uzun illərdir həsrətlə gözlədiyi məqamdır. Artıq bu vaxt gəlib çatıb. 1992-ci ilin 25-26 fevralında ermənilərin Xocalıda törətdiyi soyqırımı nəticəsində mənim ata-baba evim həmin gecə bombalanıb. Mən hər gün Xocalıda çalışanlarla danışıram. Xocalıda bərpa quruculuq, tikinti işləri ilə məşğul olan insanlar arasında xeyli sayda Xocalı sakinləri də var. Orada müxtəlif işlərdə, fəhlə, usta, sürücü kimi çalışırlar, onlarla əlaqə saxlayıram. Hansının imkanı olsa, ata-baba evimdən görüntülü yayım edərək, mənimlə danışır.  Hazırda bizim evimizin bünövrəsi tökülüb, inşaat materialları yığılıb, artıq tikinti başlayıb. Birinci mərhələdəki köçə bizim ailəmiz də daxildir. Evin tikintisi başa çatdıqdan sonra Xocalıya köçəcəyik. Doğma Xocalımızda, yurd-yuvamızda məskunlaşacağıq”.
 

120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinin deputatı Ceyhun Məmmədov bu il Cəbrayıla köçün olacağını qeyd edib:


“Bu gün qarabağlıların arzusu ən qısa vaxtda öz doğma yurdularına qayıtmaqdır. 30 il ərzində səbirsizliklə bu günü gözləyirdik. Ən qürurverici hal odur ki, köç gözləniləndən də tez baş tutdu. Artıq bütün ərazilərimizdə böyük quruculuq və abadlıq işləri həyata keçirilir. Biz Laçında və Şuşada, Cəbrayılda böyük quruculuq işlərinin aparıldığının şahidiyik. Bu onu deməyə əsas verir ki, ən qısa vaxtda işlər yekunlaşacaq.

Mən də o bölgədən olan insan kimi səbirsizliklə köçü gözləyirəm. Ən qısa müddətdə öz doğma torpağıma qayıdacam. Düşünürəm ki, o gün uzaqda deyil. Tezliklə bu proses yekunlaşacaq, biz də öz doğma yurdumuza köçəcəyik. Hazırda Cəbrayılda çox böyük quruculuq işləri görülür. Artıq bu ilin ikinci yarısında insanlarımız ora köçəcək. O ərazilərdə həyat yenidən öz axarına qayıdacaq”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri