Bu gün Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzovun doğum günüdür.
Modern.az xəbər verir ki, deputatın 55 yaşı tamam olur.
Siyavuş Novruzov 1969-cu il fevralın 17-də Naxçıvan Muxtar Respublikası Babək rayonunun Cəhri kəndində anadan olub. O, həm Bakı Dövlət Universitetinin Hüquq fakültəsini, həm də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi fakültəsini bitirib. Hüquq üzrə fəlsəfə doktorudur.
O, Əfqanıstan və Qarabağ müharibələrində iştirak edib, veteranıdır. Prezident komitə sədrini bir neçə dəfə təltif edib. Belə ki, Siyavuş Novruzov 1-ci dərəcəli “Vətənə xidmətə görə” və “Şöhrət” ordenləri ilə təltif edilib. 3 kitabın müəllifidir. Rus və ingilis dillərini bilir.
1990-cı ildən “Əlincə” Xeyriyyə Cəmiyyətinin şöbə rəisi, məsul katibi işləyib. 1994–1996-cı illərdə Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının işlər müdiri, 1996–1999-cu illərdə Təşkilat şöbəsinin müdiri vəzifələrində çalışıb, 1995–2005-ci illərdə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri olub.
Siyavuş Novruzov hazırda Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Amerika Birləşmiş Ştatları, Bolqarıstan, İtaliya, Latviya, Mərakeş parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. NATO-nun Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvlərindən biri də məhz Siyavuş Novruzovdur.
Modern.az adından deputatın ad gününü təbrik edir, fəaliyətində uğurlar arzulayırıq.