Modern.az

Sahibə Qafarova Tailand Milli Assambleyasının prezidenti ilə görüşdü

Sahibə Qafarova Tailand Milli Assambleyasının prezidenti ilə görüşdü

Parlament

21 Fevral 2024, 19:05

Milli Məclisin sədri Sahibə Qafarova Tailand Krallığının Milli Assambleyasının prezidenti və Nümayəndələr Palatasının sədri Vanmuhamadnoor Matha ilə görüşüb.

 

Modern.az xəbər verir ki, qonağı Milli Məclisdə salamlamaqdan məmnunluğunu bildirən spiker Sahibə Qafarova bu cür görüşlərin ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələlərini müzakirə etmək baxımından yaxşı imkan olduğunu vurğulayıb.

 

Milli Assambleya prezidentinin Bakıda keçirilən Asiya Parlament Assambleyasının 14-cü Plenar Sessiyasında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olduğu qeyd edilərək, Azərbaycan paytaxtının bu mühüm beynəlxalq tədbirə uğurla evsahibliyi edəcəyinə inam ifadə olunaraq, Sessiya çərçivəsində bir sıra vacib məsələlərin müzakirə olunacağı diqqətə çatdırılıb.

 

Göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən Tailand Krallığının Milli Assambleyasının prezidenti və Nümayəndələr Palatasının sədri Vanmuhamadnoor Matha səfəri çərçivəsində Bakıda gördükləri, paytaxtımızın arxitekturası və mədəni mühiti haqqında müsbət təəssüratlarını bölüşüb.

 

7 fevral tarixində keçirilən növbədənkənar prezident seçkilərində qalib gələrək, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdıran Vanmuhamadnoor Matha əmin olduğunu bildirib ki, Azərbaycan bundan sonra da Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurlu inkişafını davam etdirəcək.

 

Milli Məclisin sədri Sahibə Qafarova təbriklərə görə təşəkkürünü bildirərək, qeyd edib ki, bu seçkilər xalqımız və dövlətimiz üçün tarixi əhəmiyyətə malikdir. Çünki ilk dəfədir ki, seçkilər bütöv, suveren Azərbaycan ərazilərinin hər yerində, o cümlədən, işğaldan azad olunmuş bütün şəhər və kəndlərimizdə keçirilib. O, Azərbaycan xalqının növbəti dəfə Prezident İlham Əliyevə etimad göstərməsinin xalqımızın dövlətimizin başçısının rəhbərliyi ilə son 20 ildə görülən işlərə, qazanılan misilsiz nailiyyətlərə yüksək münasibətinin daha bir sübutu olduğunu vurğulayıb.

 

Görüşdə spiker Sahibə Qafarova Azərbaycanın 2020-ci ildə 44 günlük Vətən müharibəsində öz torpaqlarını 30 illik Ermənistan işğalından azat etməsi, ötən il həyata keçirilən antiterror tədbirləri nəticəsində öz suverenliyini bərpa etməsi, hazırda işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən nəhəng bərpa və yenidənqurma işləri, Ermənistanın ərazilərimizi minalaması və bu təxribatın yaratdığı maneələr barədə məlumat verib.

 

Tailand Krallığının Milli Assambleyasının prezidenti ölkəsinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi məsələsində BMT Təhlükəsizlik Şurasının qətnamələrini hər zaman dəstəklədiyini və mövqelərinin birmənalı olduğunu qeyd edib.

 

Söhbət zamanı həmçinin, Azərbaycanın demokratik inkişaf yolu, ölkəmizdə mövcud olan multikulturalizm və tolerantlıq mühiti barədə də məlumat verilib.

 

Görüşdə ölkələrimiz arasında ticarət, təhsil, turizm sahələrində əməkdaşlığın inkişaf etdirilməsi yollarına dair fikir mübadiləsi aparılıb. Həmçinin, parlamentlərimiz arasında əlaqələrin genişləndirilməsi imkanları müzakirə edilib. Qanunverici orqanların nümayəndələrinin öz xalqlarının təmsilçiləri olduqları qeyd olunaraq, bu istiqamətdə əməkdaşlığın genişləndirilməsinin əlaqələrimizin daha da yaxşılaşdırılmasına töhfə verəcəyi ifadə olunub, parlamentlər arasında münasibətlərdə dostluq qruplarının rolu qeyd edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!