Modern.az

Səhiyyə komitəsində nələr müzakirə edildi...

Səhiyyə komitəsində nələr müzakirə edildi...

Parlament

27 Fevral 2024, 19:32

Fevralın 27-də Milli Məclisin Səhiyyə komitəsinin növbəti iclası keçirilib.

 

Modern.az xəbər verir ki, komitə sədri Əhliman Əmiraslanov iclası açaraq gündəliyə “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 5 may tarixli 523-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin daxil edildiyini bildirib.

 

Əhliman Əmiraslanov qanun layihəsinin komitənin profilinə uyğun baxılacaq “Sanitariya-epidemioloji salamatlıq haqqında”, “Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında”, “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında”, “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” qanunlara təklif olunan dəyişikliklərin “Qida təhlükəsizliyi haqqında” Qanuna uyğunlaşdırılma məqsədilə hazırlandığını bildirib. Komitə sədri dəyişikliklərin əhalinin həyat və sağlamlığının qorunması baxımından əhəmiyyətini diqqətə çatdırıb.

 

Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev sənədlə bağlı ətraflı məlumat verib. O, müzakirəyə çıxarılan qanun layihəsində səhiyyə qanunvericiliyinə aid dəyişiklikləri sistemləşdirilmiş şəkildə diqqətə çatdıraraq bildirib ki, bu dörd qanunda ümumilikdə 20 maddə üzrə 31 dəyişiklik nəzərdə tutulub. Şöbə müdiri qeyd edib ki, layihədə bir sıra terminlərin, anlayışların dəqiqləşdirilməsi və əvəz edilməsi təklif olunub. Eyni zamanda “Qida təhlükəsizliyi haqqında” Qanunun qəbulu ilə “Yeyinti məhsulları haqqında” Qanun ləğv edildiyindən qanunların mətnində həmin sənədə istinadın qəbul edilmiş qanunla əvəzlənməsi, həmçinin qida məhsullarının təhlükəsizliyini təsdiqləyən sənədlərin adlarının “Qida təhlükəsizliyi haqqında” qanuna uyğun şəkildə verilməsi nəzərdə tutulub.

 

Məsələ ilə bağlı çıxış edən komitə sədrinin müavini Rəşad Mahmudov, deputatlar Kamilə Əliyeva, Müşfiq Məmmədli, Soltan Məmmədov, Məlahət İbrahimqızı, İlham Məmmədov və Kamaləddin Qafarov təklif olunan dəyişikliklərlə bağlı fikirlərini bildirib, rəy və təkliflərini səsləndiriblər.

 

Müzakirələrin yekununda qanun layihəsi baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü