Sabah Milli Məclisin növbəti plenar iclası keçiriləcək. Parlamentin payız sessiyasının 30 sentyabr tarixli ilk iclasında prezidentliyə namizədlərdən heç biri iştirak etməyib.
Sabahkı iclasda isə ilk diqqəti çəkən məqam prezidentliyə namizəd olmuş deputatların toplantıya gəlməsi və xüsusilə millət vəkili Zahid Orucun parlamentdə harada oturması olacaq.
Belə ki, Zahid Oruc prezidentliyə namizədliyini verdiyi üçün Ana Vətən Partiyasının sədr müavinliyindən çıxarılmışdı. O, Milli Məclisdə AVP-nin sədri Fəzail Ağamalı ilə yanaşı əyləşirdi. Bundan sonra Zahid Orucun əvvəlki yerində, deputat Fəzail Ağamalının yanında oturub-oturmayacağı maraq doğurur.
Millət vəkili Zahid Oruc Modern.az-a açıqlamasında bununla bağlı sualımıza belə cavab verib: “Milli Məclisdə harada əyləşsəm, ora mənim yerim olacaq, harada oturcağımı isə hər kəs özü müşahidə edəcək”.
Aytən ƏLİYEVA