Modern.az

Parlamentdə bayraq ETİRAZLARI: “Müdafiə Nazirliyi yaşıl rəngi birinci asır”

Parlamentdə bayraq ETİRAZLARI: “Müdafiə Nazirliyi yaşıl rəngi birinci asır”

Parlament

22 Oktyabr 2013, 14:45

Milli Məclis “Dövlət bayrağının istifadəsi qaydaları haqqında” qanun layihəsinə dəyişikliyi müzakirəyə çıxarıb. Modern.az saytının xəbərinə görə, Dövlət quruculuğu və hüquq siyasəti komitəsinin sədri Əli Hüseynli məlumat verərək bildirib ki, burada söhbət bayrağın rənginin beynəlxalq kataloqa uyğun olaraq rəng kodlarının dəyişdirilməsindən gedir. “Kataloqda yeni rənglər daha məqsədəuyğundur, daha yaxşıdır”.

Deputatlar bayrağın asılması barədə bəzi narazılıqlarını bildiriblər.

Millət vəkili Aqil Abbas tədbirlərdə və beynəlxalq görüşlərdə bayrağın şaquli vəziyyətdə asılarkən hansı rəngin birinci gəlməsi məsələsinə toxunub. “Bu ciddi məsələdir. Bizim bayrağı İranda tərs asdılar, Azərbaycan ayağa qalxdı. Xahiş edirəm ki, parlament bunun asılma formasını qəbul etsin. Yuxarıdan aşağı asılarkən yaşıl rəng birinci gəlməlidi, yoxsa mavi?”-deyə deputat sual edib.

Onun sözlərinə görə, Müdafiə Nazirliyinin tədbirlərində, Türkiyədə birinci yaşıl rəng tərəf önə çəkilir. “Bu bayrağa görə milyonlarla azərbaycanlı ölüb. Harada islam güclüdür, orada yaşıl qabaqdadır. Bu ciddi məsələdir. Bayraq aşağı asılanda necə olmalıdır?”.
 
Vitse-spiker Ziyafət Əsgərov bildirib ki, bayraq yuxarıdan aşağı asılarkən soldan sağa birinci mavi rəng gəlir. “Burada nə ciddi problem var?”.

Millət vəkili Sabir Rüstəmxanlı dövlət müəssisələrinin bayrağa biganəliyindən şikayət edib. O,bildirib ki, dövlət idarələr, nazirliklər və komitələrin qarşısında bayraq asılmır. “Bu bizim qanunda da var, Bəs niyə buna əməl etmirlər?”.

Ziyafət Əsgərov isə bildirib ki, əgər nazirliklərin də qarşısında bayraq asılması zəruridirsə, o zaman bunu müzakirə edə bilərlər.

Müzakirələrdən sonra Milli Məclis “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” qanununa dəyişikliyi qəbul edib. Dəyişikliklə qanunun 9.2-ci maddəsi aşağıdakı redaksiyada veriləcək: ”9.2. Azərbaycan Respublikası Dövlət bayrağının sənaye üsulu ilə hazırlanması, düzəldilməsi, rəngli təsvirinin çapı zamanı onun mavi rənginin “Panton” rənglər kataloqunun Pantone 306C rənginə, qırmızı rənginin Pantone Red 032C rənginə, yaşıl rənginin Pantone 362C rənginə uyğunluğu təmin edilməlidir”.

Aytən Əliyeva 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...