Modern.az

İlham Əliyevə çox güvənirik” - Şimali Kiprin Parlament sədri Modern.az-a DANIŞDI

“İlham Əliyevə çox güvənirik” - Şimali Kiprin Parlament sədri Modern.az-a DANIŞDI

10 Aprel 2024, 14:20

Zorlu Töre: "Azərbaycan Türk dövlətlərinə nümunə olacaq mühüm addım atdı"

Ötən günlərdə Milli Məclisin qərarı ilə Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılıb. İşçi qrupunun rəhbəri deputat Cavanşir Feyziyev seçilib.

 

Şimal Kipr Türk Cümhuriyyətinin parlament sədri Zorlu Töre Azərbaycan Milli Məclisinin qərarı barədə Modern.az-a danışıb.

 

- Ötən həftə Azərbaycan Milli Məclisi Şimali Kiprlə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun yaradılması barədə qərarı təsdiqlədi. Bu qərar ölkəniz tərəfindən necə qarşılandı?

 

- Biz Azərbaycan Milli Məclisinin bu addımını mütərəqqi hesab edirik. Türkiyədən sonra digər Türk dövlətlərindən də belə bir addımın atılmasını gözləyirdik. Azərbaycana yaraşan da elə bu olardı. Ümid edirik ki, Azərbaycanın  addımı digər Türk dövlətlərinə də nümunə olacaq. Biz Şimali Kipr parlamenti olaraq Azərbaycan Milli Məclisini aprel ayında səfərə dəvət etmişdik. Amma Azərbaycanda dostluq qrupunun yaradılması uzun zaman aldığına görə səfər ertələndi. İndi biz may ayında Azərbaycan və Türkiyə parlament nümayəndələrini burada qarşılamaq niyyətindəyik.

 

- Azərbaycan qanunverici orqanının Şimali Kiprlə dostluq qrupunu yaratması yaxın zamanda ölkənin tanınmasına bir mesajdırmı?

 

- Azərbaycan Prezidenti İlham Əliyev Türk dünyası və Şimali Kipr üçün çox vacib çıxışlar edir. Ümid edirik ki, bundan sonrakı atılacaq addım Şimali Kiprin tanınması olacaq. İlham Əliyevə çox güvənirik, onun açıqlamaları bizi qürurlandırır. Mən Azərbaycandan belə bir addım gözləyirəm, amma nə zaman olur, onu deyə bilmərəm.  Azərbaycan mütləq Şimali Kipri tanıyacaq.

 

- Türkiyədən sonra parlament səviyyəsində Azərbaycanla əlaqələr güclənir. Növbəti mərhələdə digər Türk dövlətlərinin parlamentlərində də Şimali Kiprlə dostluq qruplarını görə biləcəyikmi, bununla bağlı işlər görülürmü?

 

- Qırğızıstan və Türkmənistanda bu yöndə toplantılarımız olub. Azərbaycandan sonra digər Türk dövlətlərindən gözləntimiz var. Digər tərəfdən, Pakistandan da belə bir addım gözləmək olar.

 

- Yaxın zamanda Azərbaycana səfəriniz planlaşdırılırmı?

 

- Qısa zamanda Azərbaycana səfər etmək istəyərəm. Amma Məclis sədri olduğuma görə, turist olaraq yox, rəsmi dəvətlə gedə bilərik. Ümid edirik ki, yaxın zamanda Azərbaycana səfərimiz reallaşacaq.

 

- Türk dünyası üçün son zamanlar önəmli addımlar atılır. Bundan sonra nələr gözlənilə bilər?

 

- Türk dünyası olaraq biz bundan sonra daha da birləşməliyik. Adımız Qırğızıstan, Türkmənistan, Qazaxıstan və s. ola bilər, amma biz Türk millətiyik. Dildə, fikirdə birlik olmalıyıq. 

 

- Şimali Kiprdə Qarabağla bağlı məktəb tikilə bilərmi?

 

- Burada Azərbaycan üçün müxtəlif işlər görə bilərik. Azərbaycan şəhidləri, Qarabağ üçün müxtəlif layihələr edə bilərik. Eyni zamanda Azərbaycanda da Şimali Kiprlə bağlı işlər görülə bilər.

 

- Bəzi Türk dövlətləri Qarabağda müxtəlif layihələr həyata keçirir. Şimali Kipr Qarabağda hansısa layihədə iştirak edə bilərmi?

 

- Bəli, biz Qarabağda işlər görməyə hazırıq. Eyni zamanda Qarabağda Şimali Kiprin tanınması üçün mədəniyyət mərkəzi də açıla bilər.

Twitter
Sizə yeni tvit var
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!