Modern.az

Deputatlar sabah Sankt-Peterburqa gedirlər

Deputatlar sabah Sankt-Peterburqa gedirlər

Parlament

15 Aprel 2024, 11:44

Milli Məclisin deputatları MDB Parlamentlərarası Assambleyasının komissiya iclaslarında iştirak etmək üçün aprelin 16-da Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfər edəcəklər.

Bu barədə Modern.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Parlamentin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev MDB PA-nın Elm və təhsil komissiyasının, deputatlar Rasim Musabəyov Siyasi məsələlər və beynəlxalq əməkdaşlıq komissiyasının, Mixail Zabelin Aqrar siyasət, təbii ehtiyatlar və ekologiya komissiyasının iclaslarına qatılacaqlar.

Elm və təhsil komissiyasında “Elmi və elmi-texniki fəaliyyət haqqında”, “Süni intellekt texnologiyaları haqqında” model qanun layihələri, MDB iştirakçısı olan dövlətlər üçün model Təhsil Məcəlləsinə dəyişikliklər layihəsi və digər məsələlərə baxılacaq.

Siyasi məsələlər və beynəlxalq əməkdaşlıq komissiyasında Cenevrə Konvensiyalarının 75-ci ildönümü və Beynəlxalq Qızıl Xaç Komitəsinin fəaliyyəti, BMT-nin Terrorla Mübarizə İdarəsi ilə əməkdaşlıq və terrorizmlə mübarizə, MDB PA-da müşahidəçi statusu haqqında Əsasnamə layihəsi haqqında, Beynəlxalq parlament təşkilatlarının tədbirlərinin nəticələri və bu təşkilatların işində MDB iştirakçısı olan dövlətlərin parlament nümayəndə heyətlərinin fəaliyyətlərinin əlaqələndirilməsi haqqında və digər mövzularda müzakirələr aparılacaq. Komissiya sədrinin müavini Rasim Musabəyov Asiya Parlament Assambleyasının 14-cü Plenar Sessiyasının yekunları barədə məruzə ilə çıxış edəcək.
Aqrar siyasət, təbii ehtiyatlar və ekologiya komissiyasında “Torpağın mühafizəsi haqqında”, “Ətraf mühitin monitorinqi haqqında”, “Torpaqların idarə edilməsi haqqında”, “Üzümçülük və şərabçılıq haqqında” model qanun layihələri, MDB-yə üzv dövlətlər üçün model Torpaq Məcəlləsinin layihəsi nəzərdən keçiriləcək.

Səfər aprelin 19-da başa çatacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!