Modern.az

“Bu deputatın adı bizə heç nə demir” - Parlament jurnalistləri Muxtar Babayevi belə xarakterizə etdilər

“Bu deputatın adı bizə heç nə demir” - Parlament jurnalistləri Muxtar Babayevi belə xarakterizə etdilər

Parlament

26 Oktyabr 2013, 11:10

Milli Məclisin plenar iclaslarında deputatlar müəyyən fikirlərlə çıxış edir, təkliflər irəli sürür, fikirlərini səsləndirirlər. Milli Məclisdə akkreditə olunan jurnalistlər deputatların şəxsi keyfiyyəti, fəaliyyəti barədə nə düşünür, onları ayrı-ayrılıqda necə xarakterizə edirlər? 
Modern.az parlament jurnalistləri arasında sorğu apararaq bu dəfə 43 saylı Sumqayıt üçüncü seçki dairəsindən Muxtar Babayevi millət vəkili kimi necə xarakterizə etdiklərini öyrənib. 

Arayış: Muxtar Bahadur oğlu Babayev 1967-ci ildə Bakı şəhərində anadan olub. M.Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsinin, Azərbaycan Dövlət İqtisad Universitetinin və Ümumrusiya Xarici Ticarət Akademiyasının məzunudur. Dövlət Neft Şirkətinin "Azərkimya" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, IV çağırış Milli Məclisin deputatıdır.

“Mediaforum” saytının əməkdaşı İmdad Əlizadə qeyd edib ki, Muxtar Babayev deputat olmaqla yanaşı, məmurdur. “Məmur-deputatla indiyədək heç bir ünsiyyətim olmasa da, kənardan mədəni insan təəssüratı yaradır. Amma deputat kimi fəal deyil. Seçiciləri ilə necə işləməsi haqda məlumatsızam. Parlamentdə jurnalistlərə müsahibələr, açıqlamalar verdiyinin şahidi olmuşam. Kimya sənayesi haqda danışırdı. Məncə iqtisadiyyatdan yazan jurnalistlər onu daha yaxşı xarakterizə edər”.

“Ekspress” qəzetinin əməkdaşı Aqil Aslan isə bu adda deputat tanımadığını bildirib. “Deputat parlamentdə, mətbuatda öz çıxışları ilə, fəaliyyəti ilə tanınar. Mən parlament jurnalisti kimi bu adda deputat tanımıramsa, deməli, bu şəxs kimdirsə, passiv deputatdır. Ola bilər ki, Milli Məclisin saytında deputatlar sırasında onun da adı olsun. Amma şəxsən mən onun nə adını eşitmişəm, nə də üzdən tanıyıram”.

“Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Paşsoy bu adın ona heç nə demədiyini bildirib.  

“New Baku Post” qəzetinin əməkdaşı Fərəh Sabirqızı Muxtar Babayevi tanımadığını və buna görə də fəaliyyəti haqqında heç nə deyə bilməyəcəyini qeyd edib.

“Novosti-Azərbaycan” İnformasiya Agentliyinin əməkdaşı Mürtəza Bünyadov: “Muxtar Babayev kimya sənayesinin inkişafında öz potensialını ortaya qoymadığı kimi, bir deputat olaraq da özünü realizə edə bilmədi. O sadəcə bir deputat mandatını zəbt edərək, yerində əyləşib. Parlamentdə ən passiv, eyni zamanda mətbuata da o qədər açıq olmayan məmur və deputatadır. Parlament jurnalistlərindən onu sifətdən tanıyan çox az jurnalist olar”.

“Yeni Azərbaycan” qəzetinin əməkdaşı Nardar Bayramlı hesab edir ki, Muxtar Babayev nümunəvi deputatlardan biridir. “Milli Məclisin demək olar ki, bütün iclaslarında iştirak edir. Seçicilərinin də problemləri ilə yaxından məşğul olmasından məlumatım var”.

“Ayna-Zerkalo” qəzetinin əməkdaşı Xaqani Səfəroğlu bildirib ki, Muxtar Babayev plenar iclaslarda çıxış edən deputatlardan deyil. “Onun hər hansı bir məsələ ilə bağlı çıxışını eşitməmişəm. Seçildiyi dairədə seçici ilə necə işlədiyindən xəbərim yoxdur”.

“Həftə içi” qəzetinin əməkdaşı Murad Əhməd də Muxtar Babayevi tanımadığını qeyd edib. “Onun kim olduğunu tanımaq üçün axtarış etdim. Google-da son 1 ayda onun haqda heç nə yazılmayıb. Fəaliyyətinə Google qiymət verdi”.

“Üç nöqtə” qəzetinin əməkdaşı Elməddin Muradlı isə bir cümlə ilə kifayətlənib. “Adını eşitməmişəm, üzdən tanımıram”.

Modern.az saytının əməkdaşı Elşad Eyvazlı deyir ki, Muxtar Babayevin “Azərkimya”nın sədri olnmağından xəbərdar olsa da, deputat kimi fəaliyyətindən məlumatsızdır.

“Gün.az” saytının əməkdaşı Kamil Həmzəoğlunun
fikrincə, Muxtar Babayev parlamentdə ən az fəallıq göstərən deputatlardandır. “Onun axırıncı dəfə nə vaxt çıxış etdiyi belə, yadımda qalmayıb. Jurnalistlərlə də münasibətləri sıfır dərəcəsindədir. Seçiciləri ilə münasibətlərinin nə yerdə olması barədə isə ümumiyyətlə, xəbərsizəm”.

“Şərq” qəzetinin əməkdaşı Anar Bayramoğlu da Muxtar Babayevi tanımır. “Düzü, mən adını çəkdiyiniz deputatı tanımıram. Bu, bəlkə də mənim səhvimdir. Amma hansısa çıxışının, müsahibəsinin şahidi olmamışam. Qısacası tanımıram. Ona görə də fəaliyyətindən məlumatsızam”.

“Kaspi” qəzetinin əməkdaşı İlham Quliyev də Muxtar Babayevin heç bir fəaliyyətini müşahidə etmədiyini deyir.

“Olaylar” İnformasiya Agentliyinin əməkdaşı Alim Hüseynli: “Mən belə bir deputatın varlığından xəbərsizəm. Haradan seçilib, hansı komitənin üzvüdür, bu barədə də bilgisizəm. Ümumiyyətlə onun elə bir çıxışına rast gəlməmişəm ki, heç olmasa üz cizgiləri yadımda qalsın”.

Aytən ƏLİYEVA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...